Azərbaycançılıq ideologiyası və milli ideya
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
“Xalq qəzeti” redaksiyasında dəyirmi masa müzakirəsi
Mahiyyəti etnik kimlik, dini dəyərlər və ümumbəşəri prinsiplərin qarşılıqlı əlaqəsindən ibarət olan azərbaycançılıq cəmiyyətdə önəmli və birləşdirici bir anlayışdır. Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin tam formalaşaraq milli dövlətçilik ideologiyası səviyyəsinə yüksəldilməsində rolu onun tarixi xidmətləri sırasında yer alıb.
Dahi şəxsiyyət 1995-ci ildə yeni Konstitusiya layihəsinin hazırlanması ərəfəsində dövlət dilinin adı ilə bağlı keçirilən müzakirələrdə yazıçılar, alimlər və ziyalılarla görüşərək ölkədə ana dilinin tələsik və lüzum olmadan “türk dili” adlandırılmasının həssas bir məqamda müəyyən narazılıq yaratdığını söylədi. Ümummilli lider bu addımın arzuolunmaz problemlərə də səbəb ola biləcəyini bildirməklə azərbaycançılıq düşüncəsinin rəsmiləşdirilməsi yolunda maneələri də aradan qaldırmış oldu.
Xalqımızın Qarabağ uğrunda bir qərinəlik qarşısıalınmaz mübarizəsində, xüsusən 44 günlük Vətən müharibəsində ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri yurda sevgini ən yüksək səviyyədə nümayiş etdirdilər, azərbaycançılıq ideologiyasına sadiq qaldılar. Azərbaycan uğrunda ölüm-dirim savaşında Milli Qəhrəmanımız – yəhudi Albert Aqarunov, Vətən Müharibəsi Qəhrəmanları – avar Şıxamir Qaflanov, ləzgi Çingiz Qurbanov, talış Pəncəli Teymurov, axıskalı İsgəndər Aznaurov, rus Yuri Kovalyov, belarus Anatoli Davidoviç, ukraynalı Ruslan Polovinko kimi həmvətənlərimiz milli birlik ideyası yolunda tarixi örnək yaratdılar.
“Xalq qəzeti” redaksiyasında növbəti dəyirmi masa müzakirəsi də aktuallığı zaman keçdikcə daha da artan azərbaycançılıq ideologiyasına həsr olundu. Qəzetin baş redaktoru Əflatun Amaşov görüşü açaraq mövzunun xüsusi önəmini diqqətə çatdırdı. Redaksiya rəhbəri bildirdi ki, bu ideologiya xalqlarımızın özünüdərkinin daim yüksəlməsində və dövlətçilik düşüncəsinin dərinləşməsində ən mükəmməl ideya-siyasi və etnomənəvi təməldir.
Bu baxımdan milli ideologiyanın tarixi önəmini, ayrı-ayrı yönlərini əhatə edən dəyirmi masanın iştirakçıları olan tanınmış alimlər – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədli, onomastika şöbəsinin müdiri, fəlsəfə doktoru, dosent Elçin İsmayılov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, AMEA Tarix və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı, müstəqil ekspert Arzu Əsəd və “Xalq qəzeti”nin baş redaktor müavini, Əməkdar jurnalist Tahir Aydınoğlu mövzunun elmi-nəzəri və ictimai-siyasi yönlərini gündəmə gətirdilər, mülahizə və təkliflərini söylədilər.
Dəyirmi masanın moderatoru Füzuli Qurbanov “Xalq qəzeti” redaksiyasının “Güclü Azərbaycan: yeni dövrün strateji xətti” layihəsi çərçivəsində təşkil edilən dəyirmi masa müzakirəsinin geniş ictimaiyyətin mövzu ilə bağlı maariflənməsini hədəfə aldığını vurğuladı. İştirakçıları işgüzar diskussiyaya yönləndirdi.
Nadir MƏMMƏDLİ:
– Azərbaycanşünaslıq xalqımızın tarixini, mədəniyyətini, etnoqrafiyasını, dilini, ədəbiyyatını, folklorunu, milli düçüncə və dövlətçilik ənənələrini kompleks şəkildə öyrənən sistemli istiqamətdir. Bu sistemdə dilçilik xüsusi yer tutur. Çünki dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi yaddaşını, dünyagörüşünü, mənəvi dəyərlərini və milli kimliyini özündə yaşadan mühüm ictimai-mədəni hadisədir.
Azərbaycanşünaslığın dilçilik istiqaməti Azərbaycan dilinin tarixi inkişaf mərhələlərinin, dialekt və şivələrinin, leksik-semantik sisteminin, frazeologiyasının, terminologiyasının, onomastikasının, yazılı abidələrinin və digər türk dilləri ilə əlaqələrinin öyrənilməsini əhatə edir. Bu tədqiqatlar Azərbaycan xalqının tarixi-mədəni inkişafının, etnolinqvistik əlaqələrinin və milli özünüdərkinin elmi əsaslarla araşdırılmasına imkan yaradır.
Azərbaycançılıq dünyagörüşü müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsası olaraq, milli kimliyi, dövlət müstəqilliyini, tarixi yaddaşı, ana dilini və milli-mənəvi dəyərləri vahid məfkurə ətrafında birləşdirir. Bu anlayışın elmi araşdırılmasında dil amilinə xüsusi diqqət yetirilməlidir. Azərbaycançılığa yalnız siyasi və ideoloji konsepsiya kimi yanaşmaq onun mahiyyətini tam əhatə etmir. Bu məfkurənin mühüm tərkib hissələrindən biri də dil və milli kimlik münasibətləridir. Milli kimliyin formalaşmasında, qorunmasında və nəsildən-nəslə ötürülməsində ana dilinin rolu fundamental əhəmiyyət daşıyır.
Bu baxımdan azərbaycançılığın dilçilik aspekti ayrıca elmi-tədqiqat istiqaməti kimi formalaşdırılmalıdır. Burada əsas diqqət Azərbaycan dilinin milli kimliyin ifadə vasitəsi olmaqla yanaşı, dövlətçilik institutlarının fəaliyyətində, ictimai münasibətlərdə və milli informasiya məkanında funksional imkanlarının genişləndirilməsinə yönəldilməlidir.
Dövlətçilik və dil siyasətinin varisliyi mühüm amildir. Azərbaycançılıq məfkurəsinin əsasını xalqımızın tarixi yaddaşının, ana dilinin və milli-mədəni irsinin qorunması təşkil edir. Çünki dövlətçilik ənənələrini vahid ideya ətrafında birləşdirən milli məfkurədir. Bu, yalnız müasir siyasi anlayış deyil, xalqımızın əsrlər boyu qoruyub saxladığı milli kimliyin və tarixi varisliyin dövlətçilik müstəvisində ifadəsidir.
Bu ideyanın müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsasına çevrilməsində ümummilli lider Heydər Əliyevin müstəsna rolu olmuşdur. O, Azərbaycan dili, milli-mənəvi dəyərlər, tarixi yaddaş və dövlətçilik anlayışlarını vahid konseptual sistemdə birləşdirərək azərbaycançılığı müstəqil dövlətin əsas ideoloji dayağına çevirmişdir. Ulu öndərin fəaliyyəti nəticəsində Azərbaycan dili, dövlətçilik ənənələri və milli-mənəvi dəyərlər müstəqil dövlətin ideoloji dayaqları kimi müəyyənləşdirilmişdir.
Heydər Əliyevin dil siyasətində Azərbaycan dilinin dövlət dili statusunun qorunması və möhkəmləndirilməsi, onun ictimai-siyasi həyatın bütün sahələrində işlənməsi, dilin saflığının və zənginliyinin mühafizəsi mühüm yer tuturdu. Bu siyasət Azərbaycan dilinin yalnız ünsiyyət vasitəsi deyil, milli dövlətçiliyin əsas atributlarından biri kimi mövqeyini möhkəmləndirdi. Dünya azərbaycanlılarının həmrəyliyinin dövlət siyasəti səviyyəsinə yüksəldilməsi də bu prosesin mühüm istiqamətlərindən biri olmuşdur.
Prezident İlham Əliyevin fəaliyyəti məhz bu dövlətçilik xəttinin müasir mərhələdə davam etdirilməsi və inkişafı baxımından qiymətləndirilməlidir. Onun rəhbərliyi dövründə Azərbaycan dilinin qorunması, inkişafı, tətbiq dairəsinin genişləndirilməsi, milli-mədəni irsin təbliği və Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda təqdim olunması dövlət siyasətinin mühüm istiqamətləri sırasında yer alıb. Bu baxımdan dövlət başçısının dil siyasətinin qiymətləndirilməsində xüsusi əhəmiyyət daşıyan bir məsələni də qeyd etmək istərdik: Azərbaycan dilçiliyi elminin nailiyyətlərinin dövlət idarəçiliyinə tətbiqi və dil məsələlərinin elmi əsaslarla həlli.
Bütün bunlar göstərir ki, dilin dövlət dili kimi hüquqi statusunun təmin edilməsi zəruri olsa da, bu, onun dövlətçilik sistemində real funksional imkanlarının tam reallaşdırılması üçün kifayət etmir. Azərbaycan dilinin dövlət idarəçiliyində, qanunvericilikdə, hüquqi və inzibati terminologiyada, rəsmi sənədləşmədə, elektron hökumət sistemlərində və rəqəmsal texnologiyalarda elmi prinsiplər əsasında tətbiqi də mühüm vəzifədir.
Məhz bu məqamda dilçilik elminin dövlət siyasəti ilə qarşılıqlı əlaqəsi meydana çıxır. Dilçilik yalnız mövcud dil faktlarını təsvir və təhlil edən elm kimi deyil, dövlət dilinin inkişafına, normallaşdırılmasına, terminoloji sistemin təkmilləşdirilməsinə və funksional imkanlarının genişləndirilməsinə xidmət edən elmi institut kimi çıxış etməlidir.
Bu baxımdan belə bir tezisi irəli sürmək mümkündür: Azərbaycançılığın dilçilik baxımından mühüm göstəricilərindən biri Azərbaycan dilinin dövlət dili statusunun qorunması ilə yanaşı, Azərbaycan dilçiliyi elminin nailiyyətlərinin dövlət idarəçiliyinin bütün sahələrində tətbiq olunmasıdır. Vurğulanan mətləb işığında azərbaycanşünaslığın önəmli yönlərindən bəhs etmək olar. Konkret olaraq, aşağıdakı xüsusiyyətlərə baxaq.
Azərbaycanşünaslığın yeni elmi və praktiki vəzifələri: Müasir dövrdə azərbaycanşünaslığın qarşısında yalnız mövcud elmi irsin qorunması deyil, həm də yeni tədqiqat istiqamətlərinin formalaşdırılması və elmi nəticələrin praktik həyata tətbiqi vəzifəsi dayanır. Bu istiqamətdə aşağıdakı məsələlərin xüsusi əhəmiyyət daşıdığını düşünürük:
– Azərbaycan dilinin tarixi və müasir inkişafı: dilimizin tarixi mərhələlərinin, yazılı abidələrinin, dialekt və şivələrinin, leksik-semantik xüsusiyyətlərinin kompleks şəkildə araşdırılması.
– Milli leksik irsin sistemləşdirilməsi: Azərbaycan dilinin tarixi söz ehtiyatının, dialekt leksikasının, frazeoloji vahidlərinin, şəxs və yer adlarının elmi əsaslarla toplanması, izahı və elektronlaşdırılması.
– Dövlət dili və idarəçilik: dilçilik elminin nəticələrinin qanunvericilikdə, rəsmi sənədlərdə, dövlət qurumlarının yazışmalarında və hüquqi-inzibati terminologiyada tətbiqi üçün elmi-metodiki mexanizmlərin hazırlanması.
– Azərbaycan dilinin rəqəmsal inkişafı: Milli dil korpusunun yaradılması və təkmilləşdirilməsi, süni intellekt texnologiyalarının Azərbaycan dilinə uyğunlaşdırılması, elektron lüğətlərin, terminoloji bazaların və dil resurslarının genişləndirilməsi.
– Azərbaycanşünaslığın inteqrativ inkişafı: dilçilik, tarix, ədəbiyyatşünaslıq, folklorşünaslıq, etnoqrafiya və digər humanitar elmlərin qarşılıqlı əlaqədə inkişaf etdirilməsi.
– Azərbaycan dilinin beynəlxalq elmi mövqeyi: Azərbaycan dilinin türkoloji tədqiqatlarda, beynəlxalq elmi layihələrdə və rəqəmsal informasiya məkanında təmsilçiliyinin gücləndirilməsi.
Bu vəzifələrin həyata keçirilməsi azərbaycanşünaslığın elmi potensialını artırmaqla yanaşı, dilçilik elminin nəticələrinin cəmiyyətə və dövlətə xidmət imkanlarını da genişləndirə bilər.
Azərbaycanşünaslıq və azərbaycançılıq bir-biri ilə sıx bağlı olan, lakin fərqli məzmun daşıyan anlayışlardır. Azərbaycanşünaslıq xalqımızın tarixini, dilini, mədəniyyətini və milli irsini elmi şəkildə öyrənir, azərbaycançılıq isə bu milli kimliyin dövlətçilik və ictimai məfkurə səviyyəsində ifadəsini təmin edir. Bu münasibətdə Azərbaycan dili hər iki anlayışı birləşdirən fundamental amildir. Dilin tarixi və müasir vəziyyətinin elmi əsaslarla öyrənilməsi, onun dövlət idarəçiliyində və ictimai həyatda funksional imkanlarının genişləndiriməsi azərbaycançılığın möhkəmlənməsinə xidmət edir.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli dövlətçilik və dil siyasəti ənənələrini Prezident İlham Əliyevin yeni tarixi şəraitə uyğun davam etdirməsi azərbaycançılığın müasir inkişaf mərhələsinin mühüm xüsusiyyətidir. Azərbaycançılığın gələcək inkişafı yalnız milli-mənəvi dəyərlərin qorunması ilə deyil, həm də azərbaycanşünaslıq elminin, xüsusilə Azərbaycan dilçiliyinin nailiyyətlərinin dövlətçilik sisteminə inteqrasiyası ilə sıx bağlıdır.
Azərbaycan dili dövlətin yalnız rəsmi ünsiyyət vasitəsi deyil, onun milli kimliyinin, tarixi yaddaşının və intellektual potensialının ifadəsidir. Bu dilin elmi əsaslarla inkişaf etdirilməsi, müasir texnologiyalara uyğunlaşdırılması və dövlət idarəçiliyinin bütün sahələrində yüksək səviyyədə tətbiqi milli dövlətçiliyin möhkəmləndirilməsinin mühüm şərtlərindən biridir.
Arzu ƏSƏD:
– Milli ideologiyanın haradasa keçid dövründən, yəni 80-ci illərin sonu və 90-cı illərin əvvəllərindən başladığını deyə bilərik. Nadir müəllim, haqlı olaraq, azərbaycançılıqda dilçiliyin önəmini qabartdı. Əslində, bütün dünyada olanlar, söylənənlər və yazılanlar vahid bir mətndən ibarətdir. Dil tarixi yaddaşı ifadə edir. Azərbaycançılıq ideologiyası ideyalar və baxışlar sistemi kimi günümüz üçün zərurət kəsb edir. Burada dil də əsasdır, ədəbiyyat da, tarix də.
Yadımızdadır ki, şahidi olduğumuz keçid dövründə indiki Azadlıq meydanına 1 milyon adam toplaşmışdı. Bu, yeni tarixin irrasional başlanğıcı olan mənəvi gerçəklik idi və beyinlərdən, düşüncələrdən süzülüb gəlirdi. İctimai-siyasi formasiyanın dəyişəcəyini ehtiva edirdi. Bu hərəkatın içində olanların hansı istiqamətə gedəcəyi bilinmirdi.
O zaman Heydər Əliyevin milli lider səviyyəsinə yüksəlmiş şəxsiyyəti önə çıxdı və milli dövlətçilik ideyasını istiqamətləndirdi. Bu təkrarsız şəxsiyyət azadlıq ideologiyasını instinktiv və ya cücərti şəklindən real mübarizə şüurunun elementinə çevirə bildi. Obrazlı şəkildə desək, Ulu öndərin timsalında sanki xalqımız konkret millət kimi yenidən doğuldu. Onun öncüllük missiyası ilə instiktiv dirçəliş, dövlət və millət ideologiyası kimi qərarlaşdı.
Təsadüfi deyil ki, həmin vaxt əsas şüarlarımız “Azadlıq!” və “Xalq-Heydər birliyi!” idi. Beləliklə, azadlıq ideyası güclənərək rasionallaşdı. Buna qədər olan mifik, kosmoqonik, hətta antroponik düşüncələr çulğalaşıb konkretləşdi. Din, dil anlamları başqa mahiyyət kəsb etdi. Sanki Babək, Koroğlu dirildilər. İndi biz həmin rasionallaşma haqqında ideologiya kimi siyasi şüur səviyyəsində bütün komponentləri ilə sərf-nəzər edib açmaq istəyirik.
Bu kontekstdə azərbaycançılıq ideologiyası yaranıb. Bu ideologiyanın, ilk növbədə, tənzimləyici xüsusiyyəti var. Bura ölkələrarası əlaqələr, həm də cəmiyyət daxilində insanların bir-biri ilə münasibətləri daxildir. Bu zaman, deyək ki, fərdlərin, şəxslərin iqtisadi maraqları ümumi mənafe ilə uyğunlaşır. Həyat və davranış tərzləri ictimai dəyərlərlə uzlaşır. Bu isə ideologiya vasitəsilə reallaşdırılır. İdeologiyanın digər funksiyaları nəzarət və hakimiyyətin legitimləşdirilməsidir.
Elçin İSMAYILOV:
– Doğrudan da azərbaycançılıq düşüncəsi, ilk növbədə, azərbaycanşünaslığa söykənməlidir. Azərbaycanı tanımadan, tarixinə, dilinə, kulturologiyasına bələd olmadan bu ideologiyadan danışmaq olmaz. Ümumiyyətlə, bu anlayış təkcə coğrafiyanımı ehtiva edir? Xeyr, burada daha geniş məqamlar var. Türkçülüklə azərbaycançılıq arasında hansı üst-üstə düşən və düşməyən cəhətlər var? Bunlara münasibət bildirmək lazımdır.
Bəzi ziyalılarımızın siyasi cəhətdən hazırlıqsızlığı hiss olunur. Halbuki bəzi üstüörtülü, haçalanmış fikirlər söyləmək olmaz. Bu, dövlətin ideologiyasıdır və hər şey aydın olmalıdır. Nadir müəllimin də qeyd etdiyi kimi, dilçilik araşdırmalarında, eləcə də tarixi tədqiqatlarda mütləq daha geniş aspektdə, ümumi azərbaycançılıq nəzərə alınmalıdır. Məncə, bu məsələlərə konkret aydınlıq gətirilməlidir. Açıq deyilməlidir ki, azərbaycançılıq elə Azərbaycanın türkçülüyüdür. Sadəcə, ölkəmizdə millətimizlə yanaşı, müəyyən etnik qruplar da var və azərbaycançılıq ideologiyası hamını birləşdirən dəyərdir.
Mübariz AĞALARLI:
– Milli ideologiyalar dövlətin təhlükəsizlik çağırışları və geosiyasi hədəflərinə uyğun olaraq təkamül edən sistemlərdir. 1990-cı illərdə ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülən klassik azərbaycançılıq ideologiyası dövlətçiliyin qorunması, daxili xaosun qarşısının alınması və işğal faktı fonunda milli həmrəyliyə yönəlmiş müdafiə doktrinası idi. 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri ilə ərazi bütövlüyü və suverenliyin tam təmin olunması 30 illik tarixi mərhələnin missiyasını yekunlaşdıraraq yeni mərhələyə yol açdı.
Ərazi bütövlüyünün və suverenliyin tam təminindən sonra keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətin yeni strateji eraya qədəm qoyduğunu rəsmən təsbit edən mühüm siyasi mərhələ oldu. Prezident İlham Əliyevin bu qurultaydakı konseptual çıxışı qalib dövlətin yeni tarixi mərhələdə azərbaycançılıq ideologiyasının daha da inkişaf etdirilməsi nümunəsidir. Prezidentin bu çıxışındakı əsas siyasi və ideoloji mesajlar bunlardan ibarət idi:
– Zəfər fəlsəfəsi və milli kimlik: 30 illik məğlubiyyət və itki travması aradan qaldırılmış, milli şüurun mərkəzinə qalibiyyət, ləyaqət və quruculuq narrativi yerləşdirilmişdir.
– İdeoloji təhlükəsizlik: Sərhədlərin fiziki mühafizəsi ilə yanaşı, artan xarici təzyiqlər və hibrid hücumlar fonunda informasiya-ideoloji məkanın qorunması milli suverenliyin təməl şərti elan edilmişdir.
– Geosiyasi subyektlik: Azərbaycan regionda kənar güclərin təsir obyekti olmaqdan çıxaraq öz gündəliyini diktə edən müstəqil orta güc mərkəzinə çevrilmişdir.
– Müdafiədən proaktivliyə keçid: Dövlətçilik xətti mövcud vəziyyəti sadəcə qorumaqla məhdudlaşmır, o, həm də milli maraqları hücumçu diplomatiya, güclü ordu və Türk inteqrasiyası ilə irəli aparmaq üzərində qurulmuşdur.
Beləliklə, YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışı klassik azərbaycançılığın müdafiə mərhələsini yekunlaşdıraraq qalib dövlətin proaktiv və strateji doktrinasının – azərbaycançılığın mükəmməl konseptual nümunəsi kimi dərk edilməlidir.
Tarixi təkamül zənciri, psixoloji qırılma xətləri və dəyişən geostrateji çağırışlar postmüharibə mərhələsində Azərbaycanın qarşısında dayanan ən mühüm nəzəri sualı aktuallaşdırır: yeni mərhələdə azərbaycançılığın əsas xüsusiyyətləri nədən ibarətdir? Elmi-akademik təhlil göstərir ki, azərbaycançılıq hazır və qapalı ideoloji sistem deyil - dörd təməl konseptual sütun üzərində inkişaf edən dinamik doktrinadır.
Bu doktrinanın birinci sütununu mütləq suverenlik və bərpa olunmuş milli ləyaqət fəlsəfəsi təşkil edir. Klassik dövrdə suverenlik parçalanmış ərazi və dondurulmuş münaqişə təhlükəsi fonunda daimi risk altında olan kövrək dəyər idisə, yeni mərhələdə o, bütöv, bölünməz və güzəştsiz status kimi təsbit olunur. Xankəndidə, Şuşada və dövlət sərhədlərinin hər qarışında dalğalanan bayraq təkcə fiziki nəzarətin deyil, xalqın milli qürur və ləyaqətinin bərpasının rəmzidir. Bu paradiqma vətəndaşdan özünümüdafiə və ya kompensasiya hissi deyil, beynəlxalq məkanda milli maraqları qətiyyətlə və bərabərhüquqlu əsaslarla irəli aparmağı şərtləndirən yüksək dövlətçilik məsuliyyəti tələb edir.
İkinci sütun xarici siyasətdə strateji muxtariyyət və regional “orta güc” statusudur. Azərbaycançılıq yeni mərhələdə hər hansı qlobal güc mərkəzinin periferiyası olmağı qətiyyətlə rədd edir. Dövlət kənar təhlükəsizlik çətirlərindən asılılığı minimuma endirərək öz müdafiə sənayesinə və müasir ordusuna güvənir, regional məsələlərdə “regionun taleyini region dövlətləri həll etməlidir” prinsipini əsas götürür və Şərq-Qərb nəqliyyat-enerji qovşağı kimi qlobal logistikanın qaydalarını müəyyən edən subyektinə çevrilir.
Doktrinanın üçüncü sütunu daxili modernləşmə, texnoloji intibah və yeni inkişaf fəlsəfəsidir. Azərbaycançılıq yalnız keçmiş zəfərin romantik təbliğatına sığına bilməz; onun yaşama qabiliyyəti cəmiyyətin sosial və intellektual inkişaf sürətindən birbaşa asılıdır. Məhz burada “Böyük Qayıdış” konsepsiyası ideoloji sınaq meydanına çevrilir.
Qarabağ və Şərqi Zəngəzurun bərpası sırf fiziki inşaat prosesi deyil, ölkənin gələcək iqtisadi modelinin – “ağıllı şəhər”, “yaşıl enerji zonası”, rəqəmsallaşma və yüksək texnologiyalar ekosisteminin sınaq bazasıdır. Bu fəlsəfə bürokratik inersiyanı rədd edən, elmi innovasiyaya və insan kapitalına arxalanan yeni dövlət qulluğu və vətəndaş mədəniyyətini hədəfləyir.
Nəhayət, dördüncü sütun daxili vətəndaş birliyi ilə sivilizasiya kimliyinin vəhdətini təcəssüm etdirən sivilizasiya harmoniyasıdır. Ölkə daxilində polietnik və çoxkonfessiyalı balans tam qorunur; hər bir vətəndaş etnik mənsubiyyətindən asılı olmayaraq qalib Azərbaycanın bərabərhüquqlu qurucusu kimi çıxış edir. Eyni zamanda, dövlətin sivilizasiya kökləri birmənalı olaraq Türk dünyası ilə eyniləşdirilir, Şuşa Bəyannaməsi və Türk Dövlətləri Təşkilatına inteqrasiya milli təhlükəsizliyin xarici qalxanı və mənəvi bazası kimi qəbul edilir.
Bununla belə, yeni tarixi mərhələdə şüar və ya müvəqqəti bəyannamələr səviyyəsində qalmaması, dayanıqlı dövlətçilik doktrinasına çevrilməsi üçün qarşıda hələ həllini gözləyən fundamental institusionallaşma tələbləri durur. İlk növbədə, təhsil və ictimai elmlər sistemi 30 illik məğlubiyyət və qurban terminologiyasından təmizlənməli, qələbə fəlsəfəsini tənqidi təfəkkürlə uzlaşdıran yeni elmi dərsliklər və tədris proqramları formalaşdırılmalıdır. İkincisi, qalib xalqın dövlətlə münasibətləri yüksək sosial ədalət, şəffaflıq və hüququn aliliyini tələb edir; idarəetmədə inersiya və inhisarçılıqla mübarizə aparılmadan ideoloji təhlükəsizliyi təmin etmək mümkün deyil.
Bu kontekstdə ideoloji təhlükəsizliyin ən həssas və həlledici cəbhəsi məhz milli-mənəvi məkanın yad təsirlərdən qorunmasıdır. Xüsusilə regional güclərin dini amildən geosiyasi təzyiq və “yumşaq güc” aləti kimi istifadə etdiyi müasir şəraitdə, ölkənin xarici dini mərkəzlərdən asılılığını tam aradan qaldıran müstəqil və milli dövlət-din münasibətləri modeli formalaşdırılmalıdır.
Bu model dini inancları yad siyasi gündəliklərdən, radikal təriqətçilikdən və xarici şəbəkələrin təsirindən qorumaqla yanaşı, Azərbaycanın tarixi dünyəvilik ənənələrinə, məzhəblərarası tarixi tolerantlığına və milli-mədəni kodlarına söykənən yerli kadr bazasının yetişdirilməsini təmin etməlidir. Müstəqil milli-dini model olmadan nə cəmiyyətin ideoloji immunitetini kənar təxribatlardan qorumaq, nə də qalib dövlətin suveren ideoloji arxitekturasını tamamlamaq mümkündür.
Postmüharibə dövründə Azərbaycan öz mədəni-mənəvi hüdudlarını ardıcıl şəkildə genişləndirərək dünya azərbaycanlılarının yeganə suveren dövləti missiyasını tam miqyası ilə üzərinə götürür. Respublikamız təkcə öz sərhədləri daxilində deyil, qlobal miqyasda soydaşlarımızın hüquq və mənafelərinin təminatçısı rolunda çıxış edir, onlarda sarsılmaz azərbaycançılıq məfkurəsini möhkəmləndirir. Bu baxımdan, dünyanın müxtəlif ölkələrində yaşayan, fərqli siyasi vətəndaşlıq kimliyinə malik olan, lakin özünü etnik, tarixi və mənəvi cəhətdən azərbaycanlı sayan on milyonlarla soydaşımızı ortaq milli platformada birləşdirmək üçün məhz belə bir vahid ideoloji çətirə həyati ehtiyac duyulur.
Təsadüfi deyil ki, sözügedən qlobal həmrəylik doktrinasının ən möhkəm, sarsılmaz fəlsəfi bünövrəsini minillik dövlətçilik ənənəsinin fasiləsizliyini təmin edən dərin milli tarix şüuru təşkil edir. Azərbaycançılıq konsepsiyasında milli tarix yaddaşı 1918-ci il Cümhuriyyəti və ya 1991-ci il müstəqilliyi ilə məhdudlaşan dar xronologiyanı aşaraq, Azərbaycanın böyük dövlətçilik təcrübəsini özünün ayrılmaz ontoloji zəmini elan edir.
Bu yanaşmada dövlətçilik irsinin ən parlaq tarixi nümunələrindən olan Səfəvilər dövləti xüsusi yer tutur. Məhz Səfəvi dövləti mərhələsində Azərbaycanın etnik coğrafiyası ilə siyasi-inzibati coğrafiyası üst-üstə düşmüş, dövlətin ordu, idarəetmə və saray elitasını birbaşa Azərbaycan-türk kəsimi formalaşdırmış, Azərbaycan dili ilk dəfə rəsmi dövlət, ordu və diplomatiya dili statusuna yüksəlmişdir.
Siyasi baxımdan burada qüsursuz və ardıcıl bir tarixi-hüquqi zəncir mövcuddur: 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk dünyəvi respublika olmaqla yanaşı, Səfəvilər, Əfşarlar və Qacarlardan sonra yaranmış müstəqil Azərbaycan xanlıqlarının siyasi irsini, habelə tarixi dövlətçilik ənənəmizi müasir beynəlxalq hüquq müstəvisində birləşdirən birbaşa siyasi varisdir.
1991-ci ildə bərpa edilən və bu gün tam suverenliyinə qovuşan Müstəqil Azərbaycan Respublikası isə Konstitusiya Aktı ilə təsbit olunduğu kimi, Cümhuriyyətin rəsmi varisidir. Beləliklə, tarixi və hüquqi ardıcıllıq birmənalıdır: Müstəqil Azərbaycan Cümhuriyyətin varisi, Cümhuriyyət isə qədimlərdən xanlıqlara qədər uzanan bütöv dövlətçilik irsinin varisidir.
Yeni mərhələdə azərbaycançılıq bu tarixi həqiqəti şüurlara aşılayaraq bütün Azərbaycan kökənli insanlara birmənalı ideoloji mesaj verir: Müstəqil Azərbaycan dövləti hər bir soydaşımızın sivilizasiya dayağı, milli qürur qalası və yeganə dövlətçilik ocağıdır; buna görə də dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan kökənli fərd bu dövləti göz bəbəyi kimi qorumağı, onun beynəlxalq nüfuzunu müdafiə etməyi, onun təhlükəsizliyinə xidmət etməyi özünün ən müqəddəs tarixi və milli borcu bilməlidir. Bu yanaşma pərakəndə soydaş qruplarını passiv seyrçilikdən çıxarır, onları vahid dövlətçilik ideyası ətrafında səfərbər edir və Azərbaycan Respublikasını qlobal miqyasda soydaşlarımız üçün toxunulmaz, qorunması vacib olan ali milli dəyərə çevirir.
Beləliklə, azərbaycançılıq, sadəcə, regional hüdudlarla çərçivələnmiş lokal ideologiya deyil; o, minillik dövlətçilik təcrübəsini, siyasi varisliyini özündə ehtiva edən, müasir dövrün çağırışlarına cavab verən universal milli doktrinadır. Bu təlim bir tərəfdən tam suverenliyinə qovuşmuş güclü Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində müstəqil iradəsini və hüquqi ardıcıllığını təsbit edir, digər tərəfdən isə sərhədləri aşaraq dünya azərbaycanlılarını vahid mənəvi, tarixi və strateji çətir altında birləşdirir.
Nəticə etibarilə, müasir Azərbaycan öz şanlı keçmişinə söykənərək gələcəyini quran, qlobal miqyasda milli kimliyinə sahib çıxan və böyük dövlətçilik ənənəsini yeni zirvələrə daşıyan qüdrətli bir güc mərkəzidir.
Tahir AYDINOĞLU:
– Azərbaycançılığın mükəmməlliyi ölkənin aparıcı etnosu olan türk əhalinin və milli azlıqların hamısının ümumu vətəndə mövcudluğunu qəbul etməsində və etnik-mənəvi tələbatını dolğun ödəməsindədir. Azərbaycançılığın türkçülük təməli etnik çoxluğu bu torpağın taleyinin qarantı kimi müəyyənləşdirir. İslamçılıq bu çoxluğu tamamlayan müsəlman həmrəyliyini təmin edir. Avropaçılıq isə bu qitənin xristian mentalitetli kəsimini də Azərbaycana bağlayır.
Yəni azərbaycançılığın tərkib hissəsi olan bu 3 element etnik-mədəni müxtəlifliyi vahid məcrada birləşdirir, dilayrı, dinayrı qardaşlar kimi bərabərləşdirir. Bundan əlavə, müstəqil dövlətimizin milli ideologiyası tarixi Azərbaycan coğrafiyasını və soydaşlarımızın yığcam məskun olduğu ölkləri də əhatə etməklə dünya azərbaycanlılarını vahid amal ətrafında birləşdirir, vətən sevgisi ilə doğmalaşdırır.
Bir vaxt Gürcüstan rəhbəri Eduard Şevardnadze Heydər Əliyev haqqında qəzetimizə müsahibə verərkən demişdi ki, Gürcüstan dövlətində azərbaycanlıların da payı var. Gürcüstan əhalinin 10 faizini təşkil edən azərbaycanlıların da dövlətidir. Çoxillik Qarabağ mücadiləsində Borçalıda yaşayanlar özlərini Azərbaycandan kənarda görmürdülər. Onlar iki dövlətin, bütöv etnik coğrafiyanın övladları kimi azərbaycançılıq düşüncəsinə xidmət etdilər.
Deməli, etnik kimliyindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı və dünyada yaşayan soydaşlarımız azərbaycançılıq çətiri altında bütövləşir. Bu ideologiya milli kimliyimizi anlatmaqla bizi yeni şəraitdə bu torpağa daha möhkəm bağlayır. Mənşəcə Qafqazda tarixin son dövrlərində məskunlaşmış, kənar qüvvələrin iradəsi ilə oyuncaq dövlət qazanmış erməni toplumunda məhz yurda sahiblik duyğusu çatışmır. Sivil, dünyəvi milli ideologiyası olmadığına görə, sərhədləri açılarsa, ermənilərin çoxu vətən kimi bağlı olmadıqları ölkəni tərk edib yüksək rifahlı dövlətlərə axışarlar. Onlar vaxtilə Qafqaza da belə “yağlı məkan” iştahası ilə gəliblər.
Erməni toplumu dini mənsubiyyəti, şəxsi mənafeni, təminatlı yaşam imkanını üstün tutur. Ona görə də yenidən əldə edilmiş dövlət müstəqilliyinin möhkəmləndirilməsini bir kənara qoyaraq, tarixən kənar qüvvələrin maraqlarına xidmət edən kilsədən, dini məzhəbindən yapışıblar. Bu gün məğlub ölkədə qara mantiyalı kabusa çevrilmiş keşişin avantürist çağırışı dövlət başçısının xalqı düşdüyü uçurumdan çıxarmaq siyasəti ilə üz-üzə qalıb.
Bu dini əlahiddəlik erməni xalqının feodal düşüncəsindən xilas olmasının qarşısını kəsir. Biz isə XX əsrin əvvəllərindən hümmətçiliklə üzülüşüb milli kimliyə tapınmaqla tarixi vətənimizə daha möhkəm bağlanmışıq. Hətta dünya azərbaycanlıları da milli kimliklərini tarixi vətənə bağlılıqla müəyyən edirlər.
Füzuli QURBANOV:
– Dəyirmi masa iştirakçılarının hər birinin azərbaycançılıq barədə fikirlərini özünəməxsus şəkildə ifadə etməsini bu cür ümumiləşdirə bilərik: Dil, fəlsəfi-tarixi düşüncə, dövlətçilik, milli kimlik məsələsi və digər faktorların vəhdəti azərbaycançılığın məna və məzmun xüsusiyyətlərini müəyyən edir. Çıxışlar maraqlı tarixi, siyasi, məfkurəvi gəzişmələrlə zəngindir. Fikirlər konseptual baxımdan maraqlıdır. Bütün bunlar milli ideologiya komponentləri kimi qəbul edilə bilər.
Digər tərəfdən, azərbaycançılıq bir ideologiya kimi deyil, milli ideya kimi diqqət çəkir. Prezident İlham Əliyev Xankəndidən xalqa müraciətində azərbaycançılığı milli ideya adlandırıb. Ondan əvvəl, YAP-ın qurultayında da bu amil diqqəti cəlb edib. Bax, bizim qavrayışımızda fəlsəfi və elmi olaraq azərbaycançılıq ideologiyası Azərbaycan ideyası, anlayışı, konsepti və konsepsiyası bir-biri ilə daxili məzmun və məna əlaqələri prizmasında tədqiq edilməlidir.
Bir məqamı da vurğulamaq gərəkdir. AMEA-nın yeniləşmə kursunda prioritet istiqamətlərdən biri də bu qurumun azərbaycanşünaslığın mərkəzinə çevrilməsidir. Təbii ki, bu kontekstdə azərbaycançılığın tədqiqi, təbliği və təşviqi ahəngdarlıq təşkil etməlidir. Tədqiq azərbaycançılığın ümumi ideya məzmunu və mənasını adekvat dərk etməyə imkan yaradır, təşviq mahiyyəti aydınlaşdırmağa şans verir, təbliğ isə elmi müddəaların daha sadə dildə cəmiyyətə çatdırılması üsuludur.
Nadir MƏMMƏDLİ:
– Azərbaycanşünaslığın elm kimi ilk mərhələsi elə azərbaycançılıqdır.
Füzuli QURBANOV:
– Deməli, azərbaycançılığın anlayış, ideya, konsept, konsepsiya və son olaraq Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, doktrina kontekstində işlədilməsi təsadüfi deyil. Biz alimlərin üzərinə azərbaycançılığın təkamülünün fəlsəfə, tarix, sosiologiya, kulturologiya, ədəbiyyat, folklor, dilçilik elmi sahələrində həm ayrılıqda, həm də qarşılıqlı əlaqədə fundamental tədqiq etmək kimi çox məsuliyyətli vəzifə düşür. Bu zaman dövlətçilik, kimlik, mənəviyyat vahid tədqiqat bucağı altında araşdırılmalıdır.
Bir tərəfdən Güney Azərbaycanı, digər tərəfdən qonşu dövlətlərin siyasi-coğrafi hüdudları daxilində yaşayan soydaşlarımız və Xəzər dənizinin o tayında yerləşən özbəklər, qırğızlar, türkmənlər, qazaxlar nəzərə alınmalıdır. Azərbaycan Respublikası mürəkkəb geosiyasi mərhələdə tam müstəqil dövlət kimi vurğulanan incəlikləri diqqətə alır və nüfuz əhatəsini dinamik olaraq genişləndirir.
Biz burada azərbaycançılıq ideologiyasından danışanda bu faktorları mütləq nəzərə almalıyıq. Yəni etnosumuzun nüfuzu, təsir arealı çox genişdir. Azərbaycançılığın bir ideya və məfkurə kimi gücü və potensialı genişdir. Amma elə etməliyik ki, doğrudan da, real nəticəyə nail olunsun. Nə türkiyəçiliyə, nə qazaxıstançılığa, nə özbəkistançılığa, nə türkmənistançılığa, nə də bir başqa qövmçülüyə mənfi təsiri olmasın. Mənəvi məkan timsalında olsun.
Belə olduğu təqdirdə gerçəkdən türk birliyi tam təmin edilə bilər. Müstəqil dövlət kimi inteqrasiyanın Ulu öndər tərəfindən müəyyən olunmuş nümunə üzrə optimal, perspektivli əbədi birliyə nail ola bilərik. Yəni müstəqil dövlətçilik azəbaycançılıqdan başlayır və türk birliyi azərbaycançılıq təməlində müstəqil inkişafın üzərində bərqərar olur.
Bundan başqa, regional lider kimi, Azərbaycanda azərbaycançılıq möhkəmlənir. İndi əsas suallardan biri bundan ibarətdir: bu məfkurənin dövlətçilikdə yerinə yetirdiyi funksiyanı Türk dünyasına necə proyeksiya edə bilərik? Söhbət nəzəri, elmi, fəlsəfi xarakterli çox ciddi və dövlətçilik üçün önəmi böyük olan bir xüsusiyyətdən gedir. Azərbaycan Prezidentinin çağırışına uyğun olaraq, bu prosesin real işləyə bilən nəzəri modelini və ya obrazını yaratmağa xidmət edən tədqiqatları inkişaf etdirməliyik.
Tahir AYDINOĞLU:
– Deməli, azərbaycanşünaslıq elm, azərbaycançılıq cəmiyyət müstəvisində inkişaf etdirilməlidir. Azərbaycanşünaslıq predmet kimi elmi incələmələri genişləndirməli və dərinləşdirməli, azərbaycançılıq isə “mən kiməm?” sualının cavabını kifayət qədər sadələşdirməlidir. Elmi bazanın verdiyi ideya və təşəbbüslər xalqın həyatında asanlıqla yaşam düşüncəsinə çevrilməlidir. Ekzüperi deyirdi ki, mükəmməlləşdirmək üstünə qoymaq deyil, artığı götürməkdir. Baxın, ilk avtomobillər nə qədər kobud idi. Sonra fəza tutumu nə qədər cilalandı, sadələşdi, baxımlı və cazibədar oldu.
Sadəliyin yolu budur. “Azərbaycançılıq nədir?” sualının cavabı da beləcə sadə olmalıdır. Mən kiməm: Bu torpağın sahibiyəm – onu qorumalıyam; babamın qəbri buradadır – övladımın da gələcəyi bu vətənə bağlıdır! Milli ideologiyanın məqsədi də xalqımızı bu torpağa əbədi bağlamaqdır. Təsəvvür edin, Bakını, Qarabağı tərk edən ermənilərin cüzi hissəsi İrəvana getdilər, çoxu isə Amerikaya, Rusiyaya, hətta Avstraliyaya üz tutdu. Bizim isə 1 milyon qaçqın və məcburi köçkünümüz Azərbaycanın müxtəlif guşələrində məskunlaşdılar. Bu faktın özü azərbaycançılığın necə möhkəm təməli və cazibə qüvvəsi olduğunu göstərdi.
Bir məsələ də var ki, bəzən kənarda daha xoş güzəran görənlər vətənə qayıtmaq istəmirlər. Vətənə bağlılığın bir amili də iqtisadi tərəqqi və sosial ədalətin üstün olmasıdır.
Arzu ƏSƏD:
– Doğru qeyd olundu ki, azərbaycanşünaslıq elmi təfəkkürdür. Azərbaycançılıq isə artıq o elmi təfəkkürün yetişərək siyasi şüura çevrilən məhsuludur. Anlayışın kütləviləşməsi üçün sadələşdirmə zəruridir. Amma bəzən fəlsəfi anlayışları, siyasi şüur ifadələrini uyğun leksikonda təqdim etmək qaçılmaz olur. Yəni sadələşdirməyə ilkin mürəkkəbləşdirmələrdən sonra nail olunur.
Tahir AYDINOĞLU:
– Bu zəruri ideologiyanı kütlələrə asan çatdırmağın bir üsulu da milli-mənəvi dəyərlərdir. Məsələn, milli musiqi ana dilini bilməyən hər bir azərbaycanlının da ruhuna güclü təsir edir. Baxın, hansısa xarici ölkəyə, tutaq ki, bir dilçi alimi çağırmırlar ki, gəl, bizə ana dilindən mühazirə oxu. Amma musiqiçini dəvət edirlər ki, gəl, ifalarınla bizim ruhumuzu oxşa, bizə milli kimliyimizi bir daha xatırlat.
Füzuli QURBANOV:
– Bu dəyirmi masada azərbaycançılıqla bağlı bir çox məqama yaxından və ya uzaqdan toxunduq. Çox maraqlı fikirlər öz ifadəsini tapdı. Məsələ bundan ibarətdir ki, azərbaycançılıq milli ideya və ideologiya kimi uzun müddət araşdırılmalıdır. İndi biz müstəqilik və bu şəraitdə azadfikirlilik imkanımız xeyli artıb. Tədqiqat, təbliğat və təşviqat bu ideologiyanın mahiyyətini açmağa kömək edən əsas açarlardır.
Azərbaycançılıq təkcə Azərbaycan üçün deyil. Bu ideologiya digər türk dövlətlərinə də müəyyən istiqamət verməlidir. Bütün bu məqamlar diqqətdə olmalıdır. Digər tərəfdən, “Mən necə azərbaycançı ola bilərəm?” sualına hər birimiz özümüz fərd olaraq, kollektiv olaraq, cəmiyyət olaraq cavab tapmalıyıq. Bu aspektdə cəmiyyətin öz şüurunu necə müşahidə etməsi fəlsəfi mahiyyətli aktual məsələdir.
Hazırladı:
Əli NƏCƏFXANLI
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 26 Noyabr 2026 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















