Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizimyol.info xəbər verir ki, son 5 il ərzində ölkənin avtomobil parkı 31 faizdən çox böyüyüb. Bu müddət ərzində Azərbaycana 461 mindən artıq maşın gətirilib.
Minik avtomobillərin sayı 1 milyon 577 min 157-ə çatıb. Keçən il ölkəyə gətirilən 100 min 724 nəqliyyat vasitəsinin 82 faizi minik avtomobilləri olub.
Motosikletlərin sayının artmasını müşahidələr də göstərir. Xüsusilə Bakıda və Abşeron yarımadasında bu çevik nəqliyyat vasitəsinə çox rast gəlinir. İndi ölkədə 13 min 258 motosiklet var. Təsəvvür edin, bunun 22,5 faizi keçən il gətirilib.
Azərbaycanda avtomobillərin sayı sürətlə artır. Hərçənd, builki göstəricilər yüksək deyil. İllik hesabata hələ çox var. Aylıq hesabatlar isə göstəricilərin aşağı düşdüyünü göstərir. Buna baxmayaraq, ümumi say çox görünür. Halbuki başqa ölkələrlə müqayisədə bizdə avtomobillərin sayının çox olduğunu demək olmur.
Azərbaycanda əhalinin hər 1000 nəfərinə indi 188 avtomobil düşür. Bu göstəriciyə görə, bizim ölkədə dünyada 112-ci pillədədir. Hətta Liberiya, Botsvana kimi Afrika ölkələrində göstərici daha yüksəkdir. Postsovet ölkələrindən Latviyada əhalinin hər 1000 nəfərinə 424, Gürcüstanda isə 414 avtomobil düşür. Estoniya (635) və Litvada (598) daha çox maşın var. San-Marino (1606) ilə heç müqayisə oluna bilmərik.
Cəmiyyətdəki avtomobillərin sayının çoxluğu ilə bağlı fikir bir qədər yanlışdır. Azərbaycanda əhalinin yarıdan çoxu Bakıda və Abşeron yarımadasında yaşamağa başlayıb. Böyük tıxaclar avtomobil sayının qəbul olunan həddi aşması təəssüratı yaradır. Halbuki Azərbaycanda əhalinin şəxsi nəqliyyat vasitəsinə sahib olması göstəricisi çox aşağıdır.
Aytən, Bizimyol.info