Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan bildirib ki, Azərbaycan dili Ermənistanda üç məktəbdə regional dillər üzrə biliklərin yayılmasını təşviq etmək üçün hökumət proqramı çərçivəsində tədris olunur.
Bəs Azərbaycanda da Ermənistan dilinin öyrədilməsi gündəmə gələ bilərmi?
Mövzu ilə bağlı Ölkə.az-a danışan sabiq deputat Etibar Əliyev bildirib ki, bir vaxtların məlumatına görə, İrəvan Dövlət Universitetində hər il 50 nəfər Azərbaycan dilini və türk dilini öyrənmək, həmçinin bu sahədə mütəxəssis hazırlamaq, xüsusilə də sosial şəbəkələr üçün kadr hazırlığı həyata keçirilirdi.
Onun sözlərinə görə, ümumiyyətlə, dilin öyrənilməsi qəbahət deyil:
"Erməni dilinin də Azərbaycanda öyrənilməsi üçün müəyyən saatlar ayrıla bilər. Xüsusilə ali məktəblərdə. Bu məsələni yazırlar, amma bir hadisədən məlumatlı deyillər. Artıq bir neçə ildir ki, Azərbaycan Dövlət Dillər Universitetində erməni dili tədris olunur. Hətta erməni dilindən imtahanlar da təşkil olunur. Düşünürəm ki, Azərbaycanla Ermənistan artıq sülh ərəfəsindədir və sülh sazişi imzalanacaq. Sülh sazişi imzalanandan sonra şübhəsiz ki, erməni dilinin tədrisinə ehtiyac yaranacaq. Bunu hazırda etmək də mümkündür".
E.Əliyev onu da xatırladıb ki, vaxtilə Qərbi Azərbaycanda orta məktəbdə oxuyarkən onlara səkkizinci sinifdə erməni dili dərsi tədris olunurdu:
"Yəni bunun mən ziyanını görməmişəm. Erməni dili əlavə bir dildir. Həmin dildə nə roman oxuyacağıq, nə riyaziyyatdan, nə də fizikadan olan dərsliklərdən istifadə edəcəyik. Sadəcə dildir və gediş-gəliş yaranandan sonra bu dil vacibdir. Burada heç bir provokasiya elementi yoxdur. Ona görə də mən düşünürəm ki, ermənilər Azərbaycan dilinin tədrisinə həyata keçirirlərsə, biz də erməni dilinin tədrisinin həyata keçirə bilərik. Kim öyrənmək istəyirsə, bu, məcburi olmamalıdır. Erməni dili müəyyən kurslarda da təşkil oluna bilər, ali məktəblərdə xarici dillər blokuna da daxil etmək olar. Yəni icbari fənn kimi yox, seçmə fənn kimi bi dili dərsliyə daxil etmək olar".
Həmidə İbrahimova