Olke.az saytına istinadən Icma.az xəbər verir.
“Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında bir sıra istehsal müəssisələrinin açılışında və təməlqoyma mərasimlərində iştirakı bu sahəyə ali səviyyədə davamlı diqqətin təzahürüdür. Azərbaycanda iqtisadi inkişafın yeni drayverlərindən birinə çevrilən sənaye parkları bir tərəfdən yerli tələbatın ödənilməsinə töhvə verir, digər tərəfdən qeyri-neft ixracatının artımını şərtləndirir.
Statistik məlumatlara əsasən 2025-ci ilin ilk 11 ayında qeyri neft-qaz məhsullarının ixracı 3 milyard 317 milyon dollar olub. Bu da Azərbaycanın qeyri neft-qaz ixracatında 7,3 faiz artım deməkdir. Sözügedən artımda sənaye parkları, eləcə də sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsinin xüsusi payı danılmazdır”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.
Onun sözlərinə görə, sənaye zonalarında indiyədək ümumilikdə 19,4 milyard manatlıq məhsul istehsal edilib. “Ümumilikdə, qloballaşmanın sürətləndiyi, texnoloji yeniliklərin iqtisadi münasibətləri köklü şəkildə dəyişdirdiyi müasir dövrdə sənaye parkları ölkələrin sosial-iqtisadi inkişafında mühüm rol oynayan əsas mexanizmlərdən biridir. Yəni, istehsal müəssisələrinin bir ərazidə cəmləşdirilməsi, müasir infrastrukturla təmin olunması və biznes mühiti üçün əlverişli şəraitin yaradılması sahibkarlığı təşviq etməklə yanaşı, investisiyaların cəıbi və nəticədə məşğulluğun təmin olunmasında əvəzsiz rol oynayır. Bundan başqa, məlumdur ki, bu parklar iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətli məhsul istehsalı və davamlı inkişaf baxımından strateji əhəmiyyət kəsb edir”, - o qeyd edib.
O əlavə edib ki, sahibkarların hazır infrastruktur, logistika imkanları, enerji və kommunikasiya şəbəkələri ilə təmin olunması eyni zamanda istehsal xərclərini azaldır, biznesin qurulması üçün tələb olunan vaxtı minimuma endirir: “Nəticədə yerli və xarici investorların marağı artır, iqtisadiyyata əlavə kapital axını təmin edilir; birbaşa xarici investisiyaların cəlb edilməsində effektiv vasitə hesab olunur; xüsusilə rəqəmsal iqtisadiyyat dövründə sənaye parkları bilik və innovasiya mərkəzlərinə çevrilir; sənaye parkları ixrac potensialının artırılmasında mühüm rol oynayır.
Sənaye Parkları müasir standartlara cavab verən, keyfiyyətli və rəqabətqabiliyyətli məhsulların istehsalı xarici bazarlara çıxışı asanlaşdırmaqla yanaşı, daxili təlabatın ödənilməsi, xarici asılılığın minimuma endirilməsi, yerləşdiyi ərazilərdə əhaliniin məşğulluğuna müsbət təsiri baxımdan mühüm əhəmiyyət kəsb edir. Yeni nəsil sənaye parkları ekoloji standartlara uyğun şəkildə fəaliyyət göstərir, yaşıl texnologiyalardan istifadəni təşviq edir. Enerji səmərəliliyi, tullantıların idarə olunması və ətraf mühitin qorunması bu parkların əsas prinsipləri sırasındadır. Bu yanaşma sənayeləşmə ilə ekoloji tarazlıq arasında balansın qorunmasına imkan verir. Beləliklə, neft bazarındakı volatillik, qlobal geo-siyasi risklərin gücləndirdiyini bir vaxtda qeyri neft-qaz ixracatınınn daha da artırılması dayanıqlı iqtisadi inkişaf üçün mühüm önəm kəsb edir. 2026-cı ildə büdcə gəlirlərinin 57 faizi, ümumi daxili məhsulun isə 68 faizi qeyri neft-qaz sektorunun payına düşəcək. Odur ki, ümumi ixracatda da qeri neft-qaz sektorunun payının daha da artırılması yeni dövrün əsas hədəflərindədir. Bütün bunlar fonunda Azərbaycanın uzunmüddətli iqtisadi strategiyasında sənaye parklarının rolunun artırlması prioritet sayılır”.
Mürtəza