Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Noyabrın 25-də dünyada Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü qeyd olunur. Bu günün təsis edilməsində əsas məqsəd qadınlara qarşı zorakılıq probleminə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək, bu halların qarşısının alınması istiqamətində mübarizəni gücləndirmək və cəmiyyətdə maarifləndirməni artırmaqdır.
BMT Baş Məclisi 1999-cu ildə noyabrın 25-ni Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Qadınlara qarşı zorakılıq dedikdə onların fiziki, psixoloji, emosional, iqtisadi və cinsi zorakılığa məruz qalması nəzərdə tutulur. Bu hallar həm ailə daxilində, həm də cəmiyyətin müxtəlif sahələrində baş verə bilər.
Problemin aradan qaldırılması üçün hüquqi müdafiə mexanizmlərinin gücləndirilməsi, zərərçəkmiş şəxslərin müdafiəsi, maarifləndirmə tədbirlərinin genişləndirilməsi və ictimai həmrəyliyin artırılması mühüm əhəmiyyət daşıyır.
Azərbaycanda da qarınlara qarşı zorakılıq məsələsi zaman-zaman gündəmə gəlir. Bəs, Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı mövcud vəziyyət necədir?
Mövzu ilə bağlı "Cebheinfo.az"a açıqlamasında "Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova bildirib ki, qadınlara qarşı zorakılıq daha dərin sosial problemin göstəricisidir:
"Azərbaycanda qadınlara qarşı zorakılıq problemini qiymətləndirərkən, bu məsələyə yalnız qeydə alınan cinayət hadisələri və məişət münaqişələri çərçivəsində yanaşmamalıyıq. Bu, daha dərin sosial, psixoloji, iqtisadi və mədəni səbəbləri olan mürəkkəb problemdir. Ən ciddi məqamlardan biri odur ki, qadınlara qarşı zorakılığın bütün formaları cəmiyyətdə eyni dərəcədə zorakılıq kimi qəbul edilmir. Fiziki zorakılıq daha çox görünür və birmənalı şəkildə pislənir.
Lakin psixoloji təzyiq, təhqir, təhdid, iqtisadi asılılıq yaratmaq, qadının işləməsinə və sərbəst qərar verməsinə mane olmaq, sosial əlaqələrini məhdudlaşdırmaq bəzən ailədaxili münasibətlərin adi halı kimi təqdim edilir. Halbuki bunların hər biri qadının şəxsiyyətinə, ləyaqətinə və azadlığına müdaxilədir. Mənim fikrimcə, problemin əsas səbəblərindən biri zorakılığa münasibətdə formalaşmış yanlış ictimai düşüncədir".
O qeyd edib ki, bəzi ailələrdə hələ də qadının susması, dözməsi, ailənin dağılmaması naminə hüquqlarından imtina etməsi gözlənilir:
"Belə yanaşma zorakılıq törədən şəxsin məsuliyyətini arxa plana keçirir, zərərçəkmiş qadını isə öz vəziyyətinə görə günahlandırır. Problemin miqyasını rəsmi statistik rəqəmlər də göstərir. Qadınların hüquqi maarifləndirməsi artır. Əvvəllər ailədaxili zorakılıqla üzləşən qadınların bir hissəsi bunu ailənin şəxsi məsələsi hesab edir, susmağa üstünlük verirdi. İndi qadınlar öz hüquqlarını daha çox araşdırır, ictimaiyyətə müraciət edir, hüquqi və psixoloji dəstək axtarırlar. İkincisi, zorakılığın mahiyyətinə münasibət dəyişir.
Artıq cəmiyyətdə təkcə fiziki şiddət deyil, psixoloji və iqtisadi zorakılıq da daha çox müzakirə olunur. Qadının təhqir edilməsi, alçaldılması, təhdid olunması, maddi baxımdan asılı vəziyyətdə saxlanılması da zorakılığın formaları kimi qəbul edilməyə başlayıb. Digər məsələ qanunvericilikdə müəyyən təkmilləşdirmələr aparılıb. Xüsusilə 2025-ci ilin yanvarında qüvvəyə minən dəyişikliklər əhəmiyyətlidir. Yeni prosedurlara əsasən, məişət zorakılığı ilə bağlı müraciətə baxılarkən qısamüddətli mühafizə orderi 24 saat ərzində verilməli, şikayətə isə beş gün ərzində baxılmalıdır. Zərərçəkmiş şəxsin tələbi ilə prosesə vəkil və psixoloqun cəlb edilməsi də nəzərdə tutulur. Bu, hüquqi müdafiə mexanizmlərinin daha operativ işləməsi baxımından vacib addımdır".
Nailə İsmayılova vurğulayıb ki, bununla belə, qanunvericiliyin təkmilləşdirilməsi problemin tam həlli demək deyil:
"Burada bir neçə əsas məsələyə diqqət yetirmək istərdim. İşləməyən, öz gəliri və yaşayış yeri olmayan qadınlar iqtisadi asılılıq səbəbindən zorakılıq mühitindən ayrılmaqda daha çox çətinlik çəkirlər. Boşanmış, zorakılıq barədə danışan qadına münasibətdə olan mövcud stereotiplər onların susmasına səbəb olur. Zərərçəkmiş qadının təhlükəsiz sığınacaq, hüquqi yardım, psixoloji dəstək və məşğulluq imkanlarına çıxışı təmin edilməlidir. Bəzən qadın zorakılıqla bağlı müraciət etdikdən sonra belə onun təhlükəsizliyi lazımi səviyyədə təmin olunmur".
O bildirib ki, xüsusilə regionlarda yaşayan, ailə və ictimai çevrənin təzyiqi ilə üzləşən qadınların vəziyyəti diqqətdə saxlanılmalıdır:
"Onların bir qismi yaşadığı zorakılığı açıqlamağa, hüquq-mühafizə orqanlarına müraciət etməyə, hətta öz yaxınlarından kömək istəməyə belə çətinlik çəkir. Mən hesab edirəm ki, mübarizə yalnız zorakılıq hadisəsi baş verdikdən sonra tədbir görməklə məhdudlaşmamalıdır. Əsas məqsəd zorakılığın qarşısını almaq olmalıdır.
Bunun üçün hər rayonda qadınlar üçün əlçatan hüquqi və psixoloji yardım xidmətləri genişləndirilməlidir, zərərçəkmiş qadınlar üçün təhlükəsiz sığınacaqların və sosial reabilitasiya mərkəzlərinin sayı artırılmalıdır, qtisadi asılılığı aradan qaldırmaq üçün peşə hazırlığı, məşğulluq və kiçik biznes imkanları yaradılmalıdır. Eyni zamanda məktəblərdə və ali təhsil müəssisələrində sağlam münasibətlər, gender bərabərliyi və zorakılıqsız ünsiyyət mövzularında maarifləndirmə aparılmalıdır.
Zorakılıq törədən şəxslərlə psixoloji və davranış korreksiyası istiqamətində iş gücləndirilməli, qadınlara qarşı zorakılıq hallarının erkən müəyyənləşdirilməsi üçün sosial xidmətlər, tibb müəssisələri, polis və QHT-lər arasında əlaqələndirmə gücləndirilməlidir. Bir məqamı xüsusilə vurğulamaq istəyirəm: qadınlara qarşı zorakılıqla mübarizə yalnız qadınların problemi deyil, bütövlükdə cəmiyyətin problemidir. Bu mübarizədə kişilərin, ailələrin, təhsil müəssisələrinin, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin üzərinə də ciddi məsuliyyət düşür".
Nailə İsmayılova əlavə edib ki, uşaqlara kiçik yaşlarından güc tətbiq etməyin üstünlük deyil, qarşı tərəfin hüquqlarına hörmət etməyin isə zəiflik olmadığını öyrətməliyik:
"Ailədə qadının fikrinə hörmət edilməli, onun seçimləri və müstəqilliyi qəbul olunmalıdır. Ən əsası, qadını zorakılıqdan qorumaq üçün onun mütləq faciə ilə üzləşməsini gözləməməliyik. İlk təhdid, ilk psixoloji təzyiq, ilk zorakılıq əlaməti ciddi qəbul edilməlidir.
Hesab edirəm ki, qadının özünü təhlükəsiz hiss etmədiyi ailədə sağlam ailə münasibətlərindən danışmaq mümkün deyil. Ailənin qorunması qadının susdurulması hesabına baş verməməlidir. Ailə həm qadının, həm kişinin, həm də uşaqların özünü təhlükəsiz, dəyərli və azad hiss etdiyi məkan olmalıdır. Qadına hörmət, əslində, insanlığa hörmətdir. Zorakılıqsız cəmiyyət isə yalnız qanunlarla deyil, düşüncə və davranış mədəniyyətinin dəyişməsi ilə qurulur".
Əfsanə Rəcəb
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin