Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2023-cü ilin noyabrında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli, 132 nömrəli Qərarı ilə ölkə əhəmiyyətli arxeoloji abidə kimi dövlət mühafizəsinə götürülmüş Lahıc və Basqal qəsəbələrinin arasında yerləşən Niyal qalası abidəsinin Qərb bürcünün ərazisində qanunsuz qazıntı işlərinin aparıldığı aşkar olunub.
Bu barədə Lent.az-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Həmin dövrdən başlayaraq, Dövlət Xidməti tərəfindən ərazinin qorunması üçün nəzarət tədbirləri gücləndirilib.
2025-ci ilin fevral-mart aylarında isə yenidən qazıntı işlərinin aparıldığı müəyyən olunub.
Aidiyyəti qurumlara məlumat verildikdən sonra qanunsuz əməli törədən şəxslər hadisə yerində saxlanılıblar.
Müəyyən edilib ki, Şahmalıyev Namiq Kamil oğlu və Novruzov Sabit Sədi oğlu qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, tamah niyyəti ilə xəzinə axtarmaq üçün IX–XII əsrlərə aid Niyal qalası abidəsinin Qərb bürcünün hasarı boyunca qanunsuz qazıntı işləri aparıblar.
Nəticədə qalanın ön hissəsindən 5,38 metr, arxa hissəsindən isə 2 metr uzunluğunda divarı uçuraraq Niyal qalasının müşahidə məntəqəsinə qəsdən ciddi zərər vurublar.