Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Havaların soyuması və dağlara ilk qarların düşməsi ilə Azərbaycanda qış turizmi mövsümü fəallaşmağa başlayır. İstər aktiv qış idmanı həvəskarları, istərsə də sakit, qədim məkanlarda vaxt keçirməyə üstünlük verənlər üçün bu mövsüm də seçimlər kifayət qədər genişdir.
Vətəndaşların soyuq aylarda gedə biləcəkləri məkanlarla bağlı turizm eksperti Rəhman Quliyev Modern.az-a danışıb. Xüsusilə qeyd edib ki, havaların soyuması ilə Azərbaycanda qış turizminə maraq da artır.
"Ölkəmizin füsunkar təbiəti, qış mərkəzləri və fərqli bölgələri həm fərdi, həm də ailəvi istirahət üçün çox gözəl imkanlar yaradır. İlk növbədə, Qusar rayonunda yerləşən Şahdağ Turizm Mərkəzi qış istirahəti üçün ən cəlbedici istiqamətlərdən biridir. Burada xizək, snoubord, kanat yolları, qar əyləncələri və müasir hotellər həm ailəvi, həm də fərdi istirahət üçün geniş imkanlar yaradır. Digər mühüm istiqamət Qəbələ rayonundakı Tufandağ Turizm Kompleksidir. Burada da qış idman növləri, möhtəşəm dağ mənzərələri və hotel xidmətləri turistlərin marağına səbəb olur.
Şəki və Qax bölgələri qış aylarında öz tarixi-mədəni irsi, milli mətbəxi və təbiət mənzərələri ilə fərqli istirahət imkanları təqdim edir. Quba, xüsusilə Xınalıq kəndi qarlı dağ mənzərələrini və kənd turizmini sevənlər üçün maraqlı seçimdir. Bununla yanaşı, Naftalan sağlamlıq turizmi, Naxçıvanın Ağbulaq Turizm Mərkəzi isə qış idmanı və dağ turizmi baxımından diqqətəlayiq istiqamətlərdir".
Həmçinin, ekspert vurğulayır ki, vətəndaşlar səfər zamanı yalnız hotel qiymətlərinə baxmalı deyil:
"Vətəndaşlar xidmət keyfiyyətinə, təhlükəsizliyə, nəqliyyat imkanlarına və ailə üzvlərinin maraqlarına da diqqət yetirməlidirlər.Ümumilikdə, Azərbaycanın qış turizmi potensialı kifayət qədər genişdir. Qış mövsümündə daxili turizmin təşviqi həm ölkə iqtisadiyyatına, həm də regionlarda məşğulluğun artmasına müsbət töhfə verə bilər"- deyə R. Quliyev bildirib.