Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Din xadimlərinin ortaq elmi-dini baxışı
Azərbaycan tarixən müxtəlif dini ənənələrin qarşılıqlı mövcud olduğu, fərqli etiqadların vahid ictimai-mədəni mühitdə yaşadığı məkanlardan biri olmuşdur. Zərdüştilik, yəhudilik, xristianlıq və islamın tarixi izləri ölkəmizin zəngin dini-mədəni irsinin formalaşmasında mühüm rol oynamışdır.
Bu irs keçmişin tarixi yadigarı olmaqla yanaşı, müasir Azərbaycan cəmiyyətində mənəvi həmrəyliyin əsaslarından biridir. Müsəlman, pravoslav, katolik, alban-udi və yəhudi dini ənənələrinin nümayəndələri olaraq hesab edirik ki, dini müxtəlifliyin qorunması, qarşılıqlı hörmət və birgəyaşayış mədəniyyətinin inkişafı ümumi mənəvi məsuliyyətimizdir.
Tarixi irs və dini müxtəliflik
Azərbaycanın dini tarixində Qafqaz Albaniyasının xristianlıq ənənələri, pravoslav və katolik icmalarının fəaliyyəti, eləcə də yəhudi icmalarının çoxəsrlik mövcudluğu xüsusi yer tutur. Alban-udi dini irsinin yaşadılması, pravoslav və katolik məbədlərinin fəaliyyəti, Qəbələnin Nic qəsəbəsi, Qubadakı Qırmızı qəsəbənin tarixi-mədəni əhəmiyyəti ölkəmizin konfessional zənginliyinin bariz nümunələridir.
İslam isə əsrlər boyu Azərbaycanın mənəvi-mədəni həyatının formalaşmasında mühüm rol oynamışdır. Bu dini ənənələrin tarixi varlığı göstərir ki, müxtəlif etiqadların birgə mövcudluğu Azərbaycan cəmiyyətinin mədəni yaddaşının ayrılmaz hissəsidir.
Ortaq mənəvi dəyərlər və dinlərarası dialoq
İslam, xristianlıq və yəhudilik müxtəlif teoloji əsaslara, ibadət formalarına və dini ənənələrə malik olsa da, onların mənəvi-əxlaqi təlimlərində bir sıra ortaq prinsiplər mövcuddur. İnsan ləyaqətinə hörmət, ədalət, mərhəmət, sülh, ailə dəyərlərinin qorunması və ehtiyacı olanlara yardım bu prinsiplərin başlıcalarıdır.
Bu baxımdan, dinlərarası dialoqun mahiyyəti hər bir dini ənənənin özünəməxsusluğunu qorumaqla ortaq mənəvi dəyərlər ətrafında əməkdaşlıq yaratmaqdır. Dini müxtəlifliyə hörmət və qarşılıqlı anlaşma cəmiyyətin mənəvi bütövlüyünü gücləndirən mühüm amillərdir.
Dünyəvilik və multikulturalizmin hüquqi əsasları
Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş vicdan azadlığı, hüquq bərabərliyi və dünyəvilik prinsipləri dini müxtəlifliyin hüquqi təminatını təşkil edir. Dünyəvi dövlət modeli dini inancların inkarı kimi yox bütün vətəndaşların etiqad azadlığının və hüquqlarının bərabər qorunması prinsipidir.
Multikulturalizmin əsas mahiyyəti də fərqli dini və mədəni kimliklərin qorunması, eyni zamanda ümumi dövlətçilik və vətəndaşlıq dəyərləri ətrafında birliyin təmin edilməsidir. Bu modeldə dini mənsubiyyət insanların mənəvi kimliyinin bir hissəsi kimi qəbul edilməlidir.
Qafqaz Müsəlmanları İdarəsi və dinlərarası həmrəylik
Azərbaycanda dinlərarası həmrəyliyin inkişafında Qafqaz Müsəlmanları İdarəsinin də mühüm institusional rolu vardır. QMİ sədri, şeyxülislam Allahşükür Paşazadənin müxtəlif dini icmalarla qurduğu münasibətlər, dinlərarası dialoqun təşviqi istiqamətində fəaliyyəti və beynəlxalq dini platformalardakı iştirakı bu əməkdaşlığın inkişafına töhfə verir. Onun dini məsələlərdə təcrübəli ağsaqqal mövqeyi və barışdırıcı yanaşması ölkəmizdə konfessiyalararası etimadın möhkəmlənməsi baxımından əhəmiyyətlidir.
Ortaq məsuliyyət və gələcəyə baxış
Müasir dövrdə dini dözümsüzlük, radikalizm və konfessiyalararası qarşıdurmaların qarşısının alınması bütün dini icmaların üzərinə mühüm məsuliyyət qoyur. Din öz ali mənəvi mahiyyətinə uyğun olaraq sülhə, mərhəmətə, ədalətə və insanlığın xeyrinə xidmət etməlidir.
Bu istiqamətdə dini maarifləndirmənin gücləndirilməsi, gənc nəslin sağlam mənəvi dəyərlər əsasında tərbiyəsi və dini icmalar arasında davamlı dialoqun inkişafı xüsusi əhəmiyyət daşıyır.
Bizim ortaq qənaətimiz ondan ibarətdir ki, Azərbaycanın dini-mədəni müxtəlifliyi qorunmalı, vicdan azadlığına hörmət və konfessiyalararası əməkdaşlıq daha da inkişaf etdirilməlidir. Müsəlman, pravoslav, katolik, alban-udi və yəhudi dini ənənələrinin nümayəndələri olaraq vahid Vətənə bağlılığı, sülhü və qarşılıqlı hörməti ümumi mənəvi dəyər hesab edirik.
Azərbaycanın gücü dini və mədəni müxtəlifliyini qoruyaraq milli birliyini möhkəmləndirməsindədir. Fərqli etiqadlarımız bizi ayırmamalı, ortaq mənəvi dəyərlərimiz və Vətənə bağlılığımız bizi birləşdirməlidir.
Samid QULİYEV,
Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı,
ALEKSİY,
Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu,
AĞAYEV,
Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol Prefekturasının mətbuat katibi,
Milix YEVDAYEV,
Azərbaycandakı Dağ Yəhudiləri İcmasının sədri,
Robert MOBİL,
Alban-Udi Xristian Dini İcmasının sədri