Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Azərbaycanı dünyada tanıdan soydaşlarımız” silsiləsindən bugünlərdə “Xalq qəzeti” redaksiyasının növbəti qonağı uzun illərdən bəri xarici aləmdə elm və texnologiya sahəsində önəmli fəaliyyəti ilə seçilən, böyük nüfuz qazanan görkəmli azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor Əmirulla Məmmədov oldu.
Xatırladaq ki, soydaşımız hazırda Türkiyənin ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Ankara Bilkənd Universitetində Nanotexnologiya Araşdırmaları Mərkəzində baş elmi işçi kimi çalışır. Həmyerlimiz qardaş ölkədə müdafiə sənayesi və yüksək texnologiyalar sahəsində həyata keçirilən strateji layihələrin icrasına töhfələrini davam etdirir. Geniş humanitar fəaliyyət göstərən Əmirulla müəllim Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Xeyriyyə Cəmiyyətinin Qəyyumlar Şurasının üzvü, Azərbaycanlı Elm Adamları Dərnəyinin qurucusu və sədridir.
Qonağı salmalayan “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov bildirdi ki, Azərbaycanın yetişdirdiyi elm adamları dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərərək həm yaşadıqları cəmiyyətlərin elmi inkişafına töhfə verir, həm də ölkəmizin intellektual potensialını beynəlxalq aləmdə tanıdırlar. Xarici universitetlərdə, elmi-tədqiqat mərkəzlərində və yüksək texnologiyalar sahəsində çalışan belə ziyalılarımız milli maraqların müdafiəsində, Azərbaycan həqiqətlərinin təbliğində və elm sahəsində əməkdaşlığın genişləndirilməsində də mühüm rol oynayırlar.
Bu sırada professor Əmirulla Məmmədovun elmi və ictimai fəaliyyəti xaricdə yaşayıb çalışan alimlərimiz arasında zənginliyi və vətənimizlə bağlılığı baxımından xüsusi seçilir. Onu redaksiyamızla da sıx dostluq əlaqəsi birləşdirir. Budəfəki görüşümüz sevimli alimimizin 80 illik yubileyinə ölkəmizdə hazırlıq tədbirlərinə təsadüf edir. Kollektivimiz dünya şöhrətli alimimizi üzbəüz görüşlə təbrik etməkdən şərəf və məmnunluq duyur.
Baş redaktor bildirdi ki, görkəmli alim ali təhsilini Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində alıb. O tələbəlik illərindən elmi yaradıcılığa dərin marağı ilə seçilib. Milli Akademiyanın odövrkü prezidenti Həsən Abdullayev perspektivli tədqiqatçı kimi onu yarımkeçiricilər fizikası sahəsində araşdırmalara cəlb edib. Gənc fizikin elmi hazırlığı və çalışqanlığı İttifaq əhəmiyyətli tədqiqatlarda iştirak etmək imkanı qazandırıb.
Əflatun Amaşovun yığcam təqdimatı, Əmirulla Məmmədovun keçdiyi şərəfli ömür yolu ilə bağlı öyünclü xatirələri və əməkdaşlarımızın suallarına cavabları bu görkəmli elm xadiminin yubiley portretinə çevrildi.
Oxucularımızın nəzərinə çatdıraq ki, Azərbaycan elminin bu yetirməsinin fundamental axtarışları və tətbiqi ideyaları qısa müddətdə beynəlxalq dairələrin də marağına səbəb olub. Keçmiş Sovet İttifaqının müxtəlif elmi mərkəzlərində çalışdığı dövrlərdə onun araşdırmaları xarici mütəxəssislərin diqqətini cəlb edib. Sonralar ABŞ-ın və Yaponiyanın nüfuzlu universitetlərində elmi fəaliyyət göstərən soydaşımız burada yeni tədqiqat istiqamətlərinə öz töhfəsini verib, yüksək texnologiyalar sahəsində ciddi nəticələr əldə edib.
Professor Əmirulla Məmmədovun nadir elmi zəkası və əldə etdiyi nəticələr ona Şərqdə də, Qərbdə də böyük nüfuz qazandırıb. Alimin fəaliyyəti yalnız fundamental elm sahəsi ilə məhdudlaşmayıb, müdafiə sənayesi və tətbiqi texnologiyalar istiqamətində də maraq doğurub.
Alimin Azərbaycanla bağlı araşdırmaları isə Dövlət mükafatına layiq görülüb.
Davamlı elmi tədqiqatla yanaşı, Əmirulla Məmmədov dünyanın nüfuzlu universitetlərində mühazirələr də oxuyub, ölkəmizin beynəlxalq elmi əməkdaşlığının genişlənməsinə öz dəstəyini göstərib. Görkəmli fizik Türkiyəyə xüsusi dəvət alandan sonrakı illərdə bu ölkədə müdafiə sənayesi ilə bağlı araşdırmalarını uğurla davam etdirib, strateji layihələrdə elmi məsləhətçi kimi fəal iştirak edib.
Professor Əmirulla Məmmədov elmi fəaliyyəti ilə yanaşı, ictimai və diaspor sahəsindəki xidmətləri ilə də seçilən ziyalılardandır. O, uzun illərdir ki, Türkiyədə yaşayan azərbaycanlıların təşkilatlanması, milli-mənəvi dəyərlərimizin qorunması və Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Onun Türkiyə – Azərbaycan dostluq münasibətlərinin inkişafında xidmətləri hər iki ölkədə qədirbilənliklə dəyərləndirilir.
Türkiyədə fəaliyyət göstərən nüfuzlu ictimai qurumlarda təmsil olunan alim, eyni zamanda, Azərbaycanlı Elm Adamları Dərnəyinin rəhbəri kimi xaricdə çalışan azərbaycanlı alimləri bir araya gətirən təşəbbüslərin də müəllifidir. Onun səyləri nəticəsində elm adamları arasında əməkdaşlıq genişlənib.
Dünya şöhrətli alim qazandığı uğurların təməlində ümummilli lider Heydər Əliyevin ölkəmizdə istedadlı gənclərə göstərdiyi müstəsna diqqət və qayğının da dayandığını minnətdarlıqla xatırladı. O bildirdi ki, Azərbaycan DTK-sına yeni rəhbər təyin edilmiş general Heydər Əliyev bu önəmli qurumda milli kadrların sayını çoxaltmaq məqsədilə bir qrup tələbə gənclə görüş zamanı Əmirulla Məmmədovla da söhbət edib, elmi marağının ciddiliyini görüb ona bu sahədə çalışmağı məsləhət görüb.
Ulu öndər Azərbaycan rəhbəri olanda isə Əmirulla Məmmədova ABŞ-dan gəlmiş və Moskvada narazılıqla qarşılanmış elmi dəvətə icazə verilməsinə nail olub, bu dəfə də ona uğur arzulayıb. Müstəqil Azərbaycanın Prezidenti kimi Heydər Əliyev Türkiyyəyə səfəri zamanı onu qarşılayanlar arasında Əmirulla Məmmədovu dərhal tanıyıb, uğurlarından xəbərdar olduğunu bildirib. Ulu öndərin bu yüksək diqqəti, həssas münasibəti əvvəllər olduğu kimi, bundan sonra da ona həm elmi, həm də diaspor fəaliyyətində ilham və güc verib.
Professor Əmirulla Məmmədov keçdiyi həyat yolu, elmi axtarışları, müasir texnologiyaların inkişaf perspektivləri, eləcə də xaricdə yaşayan azərbaycanlı alimlərin fəaliyyət istiqamətləri barədə maraqlı fikirlərini bölüşdü.
Görüşdə iştirak edən Əmirulla Məmmədovun dostu, Bakı Dövlət Universitetinin kafedra müdiri, Azərbaycanlı Elm Adamları Dərnəyinin Azərbaycan üzrə nümayəndəsi, Əməkdar elm xadimi Arif Səlimov Türkiyədə çalışdığı illərdən soydaşımızla tanış olduğunu söylədi. O qeyd etdi ki, professor bu gün də Türkiyə ilə Azərbaycan arasında elmi əlaqələrin inkişafında, gənc tədqiqatçıların dəstəklənməsində və xaricdə yaşayan azərbaycanlı alimlərin bir araya gətirilməsində önəmli rol oynayır. Onun yüksək insani keyfiyyətləri, elmə bağlılığı və vətənpərvər mövqeyi də gənc alimlərimizə örnəkdir.
Sonda xatırladaq ki, professor Əmirulla Məmmədovun həm elmi, həm də ictimai fəaliyyətinə ölkəmizdə ictimai populyarlıqla yanaşı, dövlət səviyyəsində də yüksək qiymət verilib. O, Azərbaycan Respublikasının “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Diaspor quruculuğu və milli həmrəyliyin möhkəmləndirilməsi sahəsində xidmətlərinə görə soydaşımız “Dostluq” ordeni ilə təltif olunub. Bu yüksək mükafatın Azərbaycanın mədəniyyət paytaxtı Şuşada təqdim edilməsi alim üçün xüsusi qürur mənbəyi olub.
Səmimi görüş bir daha göstərdi ki, professor Əmirulla Məmmədov kimi elm adamlarımız dünyanın harasında yaşamasından asılı olmayaraq, azərbaycanlı alimlər öz bilik və bacarıqları ilə ölkəmizin nüfuzunun yüksəlməsinə xidmət edir, Azərbaycanın elmini beynəlxalq aləmdə layiqincə təmsil edirlər.
Tahir AYDINOĞLU,
Namiq QƏDİMOĞLU
XQ