Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dövlət Turizm Agentliyinin tabeliyində 20-yə yaxın qoruq və muzey fəaliyyət göstərir.
Həmin qoruq və muzeylərin idarə edilməsi Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi tərəfindən həyata keçirilir.Həmin qoruq və muzeylərə giriş üçün nə qədər ödəniş tələb edilir?Bakıvaxtı.az-ın məlumatına görə, Qoruqları İdarəetmə Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2026-cı il yanvarın 1-dən etibarən Dövlət Turizm Agentliyinin tabeliyindəki bəzi qoruq və muzeylərə xarici vətəndaşlar üçün giriş qiymətlərində dəyişikliklər tətbiq edilib.“2026-cı il yanvarın 1-dən başlayaraq xarici ölkə vətəndaşlarına “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq, “Kiş” Tarix-Memarlıq (Alban məbədi) qoruqlarına, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun Şəki xan sarayına, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun balansındakı “Diri Baba” türbəsinə giriş qiyməti 15 manat təşkil edir.
2026-cı il yanvarın 1-ə qədər bu turizm obyektlərinə xarici vətəndaşlar üçün giriş biletinin qiyməti 9 manat təşkil edirdi”.Mərkəzdən qeyd edilib ki, xarici ölkə vətəndaşları üçün güzəşt kateqoriyasına aid kombinə olunmuş biletlər də mövcuddur.
“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət üçün nəzərdə tutulmuş kombinə edilmiş bilet 25 manat təşkil edir.“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq qoruqlarını və Palçıq Vulkanları Turizm Kompleksini ziyarət üçün nəzərdə tutulmuş kombinə edilmiş bilet 35 manatdır.
Kombinə olunmuş biletlər yalnız bir nəfər üçün nəzərdə tutulub və ilk istifadədən sonra 72 saat müddətində yararlıdır.
Xarici ölkə vətəndaşlarının 12 yaşınadək uşaqlarına qoruq və muzeylərə giriş ödənişsizdir”.Məlumatda vurğulanıb ki, Azərbaycan Respublikasının vətəndaşları üçün qoruq və muzeylərə giriş qiymətində hər hansı dəyişiklik yoxdur."Azərbaycan Respublikasının vətəndaşları üçün “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq, “Yuxarı Baş” Milli Tarix-Memarlıq (Şəki xan sarayı, Şəkixanovların evi), “Kiş” Tarix-Memarlıq (Alban məbədi), “Basqal” Dövlət Tarix-Mədəniyyət (“Hamam” sərgi zalı, “Diri Baba” türbəsi) qoruqlarına, Lahıc Tarix-Diyarşünaslıq, Şəki Tarix-Diyarşünaslıq, Şəki Xalq Tətbiqi Sənət muzeylərinə, Şəki Dövlət Rəsm Qalereyasına giriş qiyməti 2 manat, tələbələr üçün 1 manat təşkil edir.
Palçıq Vulkanları Turizm Kompleksinə isə ölkə vətəndaşlarına giriş qiyməti 5 manat, eyni zamanda tələbələr üçün 3 manat təşkil edir".Mərkəzdən əlavə edilib ki, Azərbaycan Respublikası vətəndaşlarından əlilliyi olan şəxslər, azyaşlı uşaqlar və məktəblilər, müharibə veteranları, qazilər və onların birinci dərəcəli ailə üzvləri, şəhidlərin birinci dərəcəli ailə üzvləri üçün qoruq və muzeylərə giriş ödənişsizdir.