Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı Əli Səlimov bildirib ki, Azərbaycanın təbii qaz ixracının 16 ölkəni əhatə etməsi, onlardan 10-nun Avropa İttifaqının üzvü olması qaz ixracının yalnız həcmlə məhdudlaşmadığını, eyni zamanda geniş coğrafi şaxələnməyə əsaslandığını göstərir. Bu coğrafi struktur Azərbaycanın qaz ixracını bir və ya bir neçə bazardan asılı vəziyyətə salmır və ixrac portfelinin dayanıqlılığını artırır.
Əli Səlimov
“Avropaya qaz tədarükü əsasən TAP boru kəməri vasitəsilə həyata keçirilir. Hazırkı mərhələdə bu xətt üzrə illik 10 milyard kubmetr qaz nəql olunur, infrastruktur isə mərhələli şəkildə 20 milyard kubmetrədək genişləndirilə bilən texniki potensiala malikdir. Bu isə Azərbaycanın qaz ixrac strategiyasının qısa müddətli həcmlərlə məhdudlaşmadığını, orta və uzunmüddətli perspektivdə bazar tələbinə uyğun çevik şəkildə genişləndirilə bilən model üzərində qurulduğunu göstərir”-deyən iqtisadçı qeyd edib ki, enerji ixracının effektivliyi fasiləsizlik və təhlükəsizlik meyarları ilə ölçülür. Boru kəmərlərində yaranan hər hansı texniki və ya institusional fasilə yalnız bir neçə günlük ixrac itkisi ilə məhdudlaşmır, eyni zamanda müqavilə öhdəlikləri, tranzit gəlirləri və tərəfdaş ölkələrlə etimad mühiti üçün risk yaradır. Bu səbəbdən enerji infrastrukturu yalnız iqtisadi obyekt deyil, eyni zamanda strateji aktiv kimi idarə olunur.
“Boru kəmərləri enerji ixracı çərçivəsində geoiqtisadi alət funksiyası daşıyır. Azərbaycan enerji resurslarını istehsalçı ölkə statusundan kənara çıxararaq tranzit və paylayıcı roluna da sahib olur. Bu, ölkənin regional enerji təhlükəsizliyi zəncirində funksional əhəmiyyətini artırır. Eyni zamanda enerji ixracının mövcudluğu avtomatik strateji üstünlük yaratmır. Tarif mexanizmləri, tranzit şərtləri, texniki standartlara uyğunluq və tərəfdaş ölkələrlə münasibətlərin sabitliyi bu üstünlüyün real iqtisadi nəticəyə çevrilib-çevrilmədiyini müəyyən edir. İnfrastruktur mövcud olsa belə, institusional idarəetmədə zəiflik və ya bazar şərtlərinə uyğunlaşmama ixracın səmərəliliyini azalda bilər”-deyə iqtsadçı vurğulayıb.
Əli Səlimov bildirib ki, qlobal enerji bazarlarında yaşanan dəyişikliklərə görə Azərbaycanın enerji ixrac strategiyası da yenidən balanslaşdırılır: “Qaz ixracı orta müddətdə keçid enerjisi kimi əhəmiyyətini qoruyur, lakin uzunmüddətli perspektivdə mövcud boru kəmərlərinin modernləşdirilməsi, ixrac marşrutlarının diversifikasiyası və alternativ enerji layihələri ilə inteqrasiya əsas prioritetlər kimi çıxış edir.
Son olaraq onu demək olar ki, Azərbaycanın enerji ixracı sadəcə resurs satışından ibarət deyil, konkret rəqəmlər, infrastruktur gücü və institusional idarəetmə üzərində qurulmuş kompleks geoiqtisadi modeldir. Bu modelin davamlılığı mövcud texniki imkanlardan nə dərəcədə səmərəli istifadə olunmasından və qlobal enerji bazarlarının dəyişən şərtlərinə uyğunlaşma qabiliyyətindən asılıdır”.
İradə Cəlil, Bizimyol.info