Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
"Davosda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə beynəlxalq təşkilat olan Sülh Şurasının təsis sənədi imzalanıb. Şuranın təsisçi və əsas üzv dövlətlərindən biri kimi Azərbaycan da bu prosesdə yer alıb".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev Azərbaycanın "Sülh Şurasının Nizamnaməsi" sənədini imzalamasından danışarkən bildirdi.
Millət vəkilinin sözlərinə görə, bu hadisənin Azərbaycan üçün bir neçə mühüm mənası var:
"Birincisi, bu, Azərbaycan üçün əlavə və alternativ bir beynəlxalq platformadır. Bu platforma vasitəsilə Azərbaycan beynəlxalq münasibətlər, sülh və təhlükəsizlik, hərbi təhlükəsizlik, eləcə də insan hüquqları kontekstində öz milli maraqlarını irəli sürmək və müdafiə etmək imkanı əldə edir. Çünki indiyə qədər bu sahələrdə fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlar BMT, ATƏT, Avropa İttifaqı və AŞPA öz üzərlərinə düşən funksiyaları lazımi səviyyədə yerinə yetirə bilməyiblər. Bu baxımdan ABŞ ilə yanaşı Azərbaycanın da iştirak etdiyi Sülh Şurası ölkəmiz üçün əlavə imkan və yeni siyasi meydança yaradır ki, burada milli maraqlara uyğun siyasət aparılsın.
İkincisi, bu hadisə beynəlxalq münasibətlər sisteminin yeni mərhələyə qədəm qoyduğunu göstərir. İkinci Dünya müharibəsindən sonra formalaşdırılmış mövcud beynəlxalq sistem artıq funksional deyil. Nə münaqişələrin həllində, nə də beynəlxalq sülh və təhlükəsizlik məsələlərinin tənzimlənməsində mövcud beynəlxalq qurumlar effektiv rol oynaya biliblər. Bunun ən bariz nümunəsi keçmiş Ermənistan-Azərbaycan münaqişəsidir. Bu münaqişənin həllində heç bir beynəlxalq təşkilat real nəticə ortaya qoya bilmədi və Ermənistanın təcavüzünə Azərbaycan yalnız öz gücü ilə son qoydu. Məhz bu səbəbdən Sülh Şurası Azərbaycan üçün alternativ və əlavə bir beynəlxalq platforma kimi çıxış edir. Eyni zamanda, bu addım digər beynəlxalq təşkilatlara, xüsusilə də Avropa Parlamenti və Avropa təsisatlarına verilən açıq bir mesajdır. Mesaj ondan ibarətdir ki, dünyanın taleyini təkcə onlar müəyyən etmir və dünya siyasəti ilə dünya iqtisadiyyatı yalnız onların iradəsi əsasında formalaşmır".
Müsahibimiz qeyd etdi ki, uzun illər belə bir yanaşma mövcud idi ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü olan ABŞ, Rusiya, Fransa, Çin və Böyük Britaniya istənilən problemi və ya münaqişəni veto mexanizmi vasitəsilə öz maraqlarına uyğun şəkildə yönləndirə və ya qarşısını ala bilirlər.
"Lakin Sülh Şurasının yaradılması onu göstərir ki, İkinci Dünya müharibəsindən sonra qalib dövlətlər tərəfindən formalaşdırılmış həmin mexanizm artıq funksional deyil və bu sistem effektiv işləmir. Bu baxımdan yeni yaradılmış Sülh Şurasında Azərbaycanın həm təsisçi, həm də üzv dövlət kimi yer alması milli maraqların təşviqi və müdafiəsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu, eyni zamanda Azərbaycanın beynəlxalq arenada yeni bir güc mərkəzi kimi qəbul edildiyini və Prezident İlham Əliyevin liderliyinin beynəlxalq səviyyədə tanındığını göstərir.
Bundan əlavə, bu addım Azərbaycana qarşı azərbaycanofob siyasət aparan və ölkəmizə qarşı kampaniyalar həyata keçirən bəzi beynəlxalq təşkilatlara, xüsusilə də Avropa təsisatlarına açıq bir mesajdır. Bu mesaj ondan ibarətdir ki, onların yaratdıqları qurumlar dünyada yeganə və alternativsiz təsisatlar deyil. İstər insan hüquqları, istər demokratiya, istərsə də hərbi və milli təhlükəsizlik baxımından Azərbaycan sübut edir ki, öz milli maraqlarına uyğun olaraq alternativ beynəlxalq platformalara qoşulmaq, həmin platformalarda təsisçi və fəal üzv kimi iştirak etmək iradəsinə malikdir. Azərbaycan milli maraqlarını yalnız İkinci Dünya müharibəsindən sonra formalaşmış strukturlarda deyil, eyni zamanda yeni beynəlxalq təsisatlarda da qorumağa qadirdir və bunu davam etdirəcək", - deyə Tural Gəncəliyev yekunlaşdırdı.
Xədicə BAXIŞLI