Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Qlobal təhlükəsizlik arxitekturasının sarsıldığı və mövcud beynəlxalq institutların təsir imkanlarının azaldığı bir mərhələdə ABŞ Prezidenti Donald Trampın “Sülh Şurası” adlı yeni beynəlxalq təşkilatın yaradıldığını elan etməsi beynəlxalq münasibətlərdə yeni siyasi mərhələnin başlandığını göstərir.
Bu qərar Ağ Ev rəhbərinin xarici siyasətdə üstünlük verdiyi alternativ beynəlxalq mexanizmlər yanaşmasının məntiqi davamı kimi dəyərləndirilə bilər.
Donald Tramp Prezidentliyi dövründə dəfələrlə BMT, ATƏT və hətta NATO kimi ənənəvi qurumların artıq çevikliyini itirdiyini, konsensus böhranı yaşadığını və bir çox hallarda müasir təhlükəsizlik çağırışlarına operativ və effektiv cavab verə bilmədiyini açıq şəkildə ifadə edib.
Xüsusilə, beynəlxalq hüququn selektiv tətbiqi və bəzi qurumların böyük güclərin maraqlarına xidmət edən alətə çevrilməsi bu institutların legitimliyini ciddi şəkildə zədələyib.
Bu yarıtmazlıq Azərbaycanın timsalında da aydın şəkildə özünü göstərib.
ATƏT-in keçmiş Minsk Qrupunun təxminən 30 il ərzində nəticəsiz fəaliyyəti, BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan azad olunmasını tələb edən qətnamələrinin icra edilməməsi beynəlxalq mexanizmlərin faktiki iflasının bariz nümunəsidir.
Artıq bu reallıq təkcə qeyri-Qərb ölkələri tərəfindən deyil, Qərbin öz siyasi və akademik dairələri tərəfindən də etiraf olunur.