Azərbaycanın Türk dünyasına siyasi inteqrasiyası

27.10.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2026-cı il 29-30 oktyabrda Ankara Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə Görüşünə ev sahibliyi edəcək. Zirvənin şüarı “Türk Əsri: Dildə, Fikirdə, İşdə Birlik”dir. Bu şüar əməkdaşlığın simvolik fazadan praktik fazaya keçdiyini bəyan edir. Zirvə TDT üzv dövlətlərinin dövlət başçılarını, müşahidəçi dövlətlərin yüksək səviyyəli nümayəndələrini və Təşkilatın Baş katibini bir araya gətirəcək; toplantıda təşkilat çərçivəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcəyə yönəlmiş perspektivləri ilə yanaşı, ümumi maraq kəsb edən regional və beynəlxalq inkişaflar da müzakirə olunacaq.

2009-cu il oktyabrın 3-də Naxçıvanda imzalanan saziş əsasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması “birlikdə daha güclüyük” mesajının coğrafi təcəssümü idi. Qurumun Azərbaycanın əsas ərazisindən ayrı düşən Naxçıvanda təsis edilməsi türk dövlətləri arasında coğrafi məsafələrə baxmayaraq, siyasi həmrəyliyin və əməkdaşlıq iradəsinin nümayişi baxımından rəmzi məna daşıyırdı. Lakin həmin dövrdə bu qurumun on iki il sonra Türk Dövlətləri Təşkilatı adı ilə beynəlxalq münasibətlər sistemində görünən aktora çevriləcəyini və Brüsselin, Moskvanın, eləcə də Tehranın diqqətini cəlb edəcəyini az adam proqnozlaşdıra bilərdi.

2021-ci ilin noyabrında İstanbul sammiti bu keçidin zirvəsi oldu: ad dəyişdi, “Türk Dünyası Vizyonu 2040” sənədi qəbul edildi və əməkdaşlıq strateji planlaşdırmaya keçdi.

Burada ilk analitik sual qaçılmazdır: ad dəyişikliyi institusional ambisiyanın elanı idimi? Ambisiya var idi, institusional tutum isə hələ formalaşma mərhələsində idi. Təşkilat beynəlxalq hüquqda daha ağır bir status iddiası ortaya qoydu. Lakin bu statusu dolduran mexanizmlər – vahid bazar, ümumi tənzimləyici rejim, icraedici orqanlar – Avropa İttifaqı və ya NATO ilə müqayisədə aşağı səviyyədədir. “Vizyon 2040” məqsədləri sadalayır, amma onlara çatmaq üçün maliyyə mənbələrini və məcburi öhdəlikləri müəyyən etmir.

Azərbaycan üçün bu layihə ikili funksiya daşıyır və məhz bu ikilik onun marağını izah edir. Bir tərəfdən bu, kimlik siyasətidir: İkinci Qarabağ müharibəsindən sonra Bakı qələbəsini yalnız hərbi deyil, həm də mədəni-siyasi müstəvidə təsdiqləmək istəyirdi. Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi, azad olunmuş torpaqlarda türk dövlətlərinin bayraqlarının dalğalanması, 2021-ci ilin iyununda Şuşada imzalanan və Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik münasibətlərini rəsmiləşdirən Bəyannamə bir zəncirin halqalarıdır. Birlik ritorikasının arxasında real təhlükəsizlik zəmanəti dayanır. Digər tərəfdən bu, tamamilə rasional geosiyasi alətdir: Türk dünyası Bakının diplomatiyasına legitimlik, çoxvektorlu manevr üçün əlavə meydan və Türkiyə ilə strateji dərinlik qazandırır. İnteqrasiyanın maddi skeletini Orta Dəhliz təşkil edir. Xəzər marşrutları, Bakının Ələt limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və enerji dəhlizləri Azərbaycanı Türk dünyasını Avropaya bağlayan açar mövqeyə gətirir. Türk İnvestisiya Fondu kimi mexanizmlər bu məntiqin məhsuludur: əvvəlcə yol, sonra yük, sonra kapital. Bakı bu xətti “logistika diplomatiyası” adlandırıla bilər – yükün keçdiyi yollar sonradan maraqların birləşdiyi xətlərə çevrilir.

***

Burada sual yaranır: iqtisadi inteqrasiya realdırmı? Həqiqət ondadır ki, türk dövlətlərinin iqtisadi strukturları təbii ehtiyat, kənd təsərrüfatı və tranzit ətrafında qurulub və heç biri digərinin sənaye məhsuluna həyati ehtiyac duymur. Buna görə də inteqrasiyanın iqtisadi məntiqi "ticarətin liberallaşdırılması"ndan daha çox "əlaqələndiricilik" üzərində dayanır. Burada enerji təhlükəsizliyinin öz yeri var. Bakı uzun illər neft və qazını Avropaya nəql edən marşrutların memarı olub və bu marşrutların Türk dünyası layihəsi ilə kəsişməsi ona həm Qərbin, həm də türk dövlətlərinin maraqlarında "əvəzolunmaz" nöqtə statusu qazandırır. Lakin bu üstünlüyün həddi var: enerji keçidi karbohidrogen ixracının çəkisini azaldacaq və Bakı artıq öz rolunu nəqliyyat və rəqəmsal dəhlizlərə köçürməyə çalışır.

TDT NATO və ya Aİ-yə bənzər struktura çevrilə bilərmi? Yaxın və orta perspektivdə cavab mənfi görünür. Üzvlərin milli suverenliyə həssaslığı, Qazaxıstanın çoxvektorlu siyasəti, Özbəkistanın müstəqilliyinin ilk illərindəki təcrid təcrübəsindən gələn ehtiyatlılığı, Qırğızıstanın daxili dinamikası buna imkan vermir. Bu ölkələr üçün suverenliyin toxunulmazlığı müstəmləkə keçmişindən gələn əsas dərsdir və onlar heç bir yeni mərkəzə həqiqi səlahiyyət verməyə hazır deyillər.

Amma bu, təşkilatın əhəmiyyətsiz olması demək deyil: yumşaq institusionalizasiya uzunmüddətli oyunda daha dayanıqlı ola bilər, çünki sərt ittifaqlar böhranda sınağa çəkilir və parçalanır, şəbəkələr isə sadəcə yavaşlayır. Hərbi-sənaye əməkdaşlığı, birgə təlimlər və müdafiə sənayesi layihələri "faktiki müttəfiqlik" məntiqini rəsmi müqavilədən kənarda qurur: pilotsuz aparatlar, raket sistemləri, zirehli texnika rəsmi bəyannamə olmadan da real tədarük zənciri yaradır. Təşkilatın müdafiə qatı hüquqi sənəd deyil, məhz bu zəncir üzərində dayanır: daha səssiz, lakin daha effektiv yol.

Bu prosesin ən həssas tərəfi qonşuların qavrayışıdır. Tehran üçün "Türk dünyası" konsepti tarixən pan-türkizm qorxusu ilə bağlıdır və Azərbaycanın bu layihədə fəal olması İranın şimal əyalətləri ilə bağlı narahatlıqlarını artırır. Moskva isə öz "yaxın xaric"ində rəqib inteqrasiya mərkəzinin güclənməsini istəməz, xüsusən də Zəngəzur dəhlizi məsələsi Rusiyanın kommunikasiya nəzarətini sarsıtdığı üçün. Rusiya üçün problem təkcə siyasi deyil, infrastrukturidir: Cənubi Qafqazda şərq-qərb və şimal-cənub marşrutları Rusiyadan yan keçməklə işləyirsə, o, tranzit üzərindəki tarixi inhisarını itirir – bu isə həm gəlir, həm siyasi nəzarət deməkdir. Buradan növbəti sual yaranır: bu inteqrasiya Rusiya və İranla münasibətlərə zərər vururmu? Praktikada Bakı "eksklüziv blok" yaratmamaqla balansı saxlayır. Türk dünyası platforması rəqib deyil, alternativ çəki kimi təqdim olunur. Azərbaycan Rusiya ilə iqtisadi əlaqələri saxlayır, İranla tranzit razılaşmaları imzalayır, eyni zamanda, Türkiyə ilə strateji müttəfiqliyi dərinləşdirir.

İnteqrasiyanın ən az diqqətçəkən, lakin ən dərin qatı mədəni diplomatiyadır. Ortaq əlifba istiqamətində addımlar, təhsil mübadilələri, TÜRKSOY və Türk Akademiyası kimi qurumların fəaliyyəti, gənclər və media əlaqələri "biz" hissini formalaşdıran infrastrukturdur. Təbii ki, risklər də var. Müşahidəçi statuslarının artması – Macarıstanın, Türkmənistanın, Şimali Kiprin müşahidəçi qismində iştirakı – coğrafi əhatəni genişləndirsə də, məqsədin seyrəlməsi təhlükəsini doğurur. Hansı dəyərlər üzərində birləşdiyini təyin etməyən təşkilat zamanla istiqamətini itirir və "danışan, amma qərar verməyən" platformaya çevrilir.

Bütün bunların işığında Azərbaycanın rolu xüsusi görünür: Bakı təşkilatın nə ən böyük iqtisadiyyatı, nə ən böyük hərbi gücü, nə də ən böyük əhalisi olan üzvüdür. Amma coğrafi mövqeyi, enerji infrastrukturu onun birləşdirici düyünüdür. Bu, maraqlı paradoksdur: kiçik dövlət böyük bir layihənin memarı kimi çıxış edir, çünki layihənin keçdiyi yollar onun ərazisindən keçir. Bəs bu inteqrasiyanın gələcəyi nədir: təşkilat, yoxsa şəbəkə? Realist proqnoz belədir: Türk Dövlətləri Təşkilatı qısa müddətdə Aİ modelinə yaxınlaşmayacaq, lakin tədricən enerji, nəqliyyat, təhlükəsizlik və mədəniyyət üzrə sıx bağlı işlək bir şəbəkəyə çevriləcək.

Azərbaycan üçün bu şəbəkənin dəyəri öz mədəni-siyasi ailəsinin içində təsdiqləmək imkanıdır. Naxçıvandan İstanbula, oradan Şuşaya uzanan yol bir xalqın öz coğrafiyasını yenidən yazma cəhdidir və bu yolun sonunda nə federasiya, nə ittifaq, daha sadə və daha dərin bir şey var: öz adını, dilini və yolunu beynəlxalq sistemə qəbul etdirən bir məkan. Türk Dövlətləri Təşkilatı məhz bu məkanın çərçivəsidir və Azərbaycan onun ən həssas, eyni zamanda, ən mühüm düyün nöqtəsində dayanır.

Şəbnəm ZEYNALOVA
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью