Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan və Böyük Britaniya ali təhsil, peşə təhsili, elmi-tədqiqat, innovasiya və rəqəmsal bacarıqların inkişafı sahəsində əməkdaşlığı genişləndirəcək. İki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədə universitetlər, elmi-tədqiqat institutları və sənaye müəssisələri arasında tərəfdaşlıqların təşviqi, süni intellekt və rəqəmsal idarəetmə sahələrində təcrübə mübadiləsi, eləcə də akademik və peşəkar əlaqələrin gücləndirilməsi nəzərdə tutulur.
Bəyannamənin təhsillə bağlı müddəalarını Redaktor.az-a şərh edən təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, Azərbaycanla dünyanın müxtəlif ölkələri, xüsusilə də inkişaf etmiş dövlətləri arasında birgə əməkdaşlığın həyata keçirilməsi, əlbəttə ki, normal haldır:
"Çünki Azərbaycan sürətlə inkişaf edən ölkədir və dövlət tərəfindən bütün sahələrdə olduğu kimi, təhsil istiqamətində də daim müvafiq diqqət və qayğı göstərilir. Azərbaycanda beynəlxalq əməkdaşlıq çərçivəsində yaradılan universitetləri nümunə göstərə bilərik. Bunlara Azərbaycan-Türkiyə Universitetini, Azərbaycan-Fransız Universiteti olan UFAZ-ı, eləcə də İtaliya-Azərbaycan Universitetini aid etmək olar. Bununla yanaşı, müxtəlif dövlətlərlə, xüsusilə də inkişaf etmiş ölkələrin universitetləri ilə əməkdaşlıq çərçivəsində ikili diplom proqramları həyata keçirilir. Bu istiqamətdə Çin, ABŞ və Avropanın bir sıra ölkələrini nümunə göstərmək olar".
Ekspert Azərbaycanın beynəlxalq təhsil əməkdaşlığının genişlənməsinin digər ölkələrdə də maraq yaratdığını bildirdi:
"Bütün bunlar digər dövlətlərdə də Azərbaycana müəyyən maraq formalaşdırır. Azərbaycanla əməkdaşlığa can atan dünya nəhənglərini gördükdə başqa ölkələrdə də ölkəmizlə birgə fəaliyyət göstərmək istəyi yaranır. Bu da, əlbəttə, normal haldır. Düşünürəm ki, hökumətlərarası təqaüd proqramları çərçivəsində növbəti illərdə İrlandiya ilə Azərbaycan arasında da müəyyən razılaşmalar əldə oluna və birgə təqaüd proqramları həyata keçirilə bilər".
Ekspert xüsusilə vurğuladı ki, Böyük Britaniya və Azərbaycan universitetlərinin yaradılması istiqamətindəki təşəbbüslərə də diqqət yetirilə bilər:
"Bu, həm Azərbaycan ali təhsil sistemi, həm də Böyük Britaniya üçün müsbət töhfə ola bilər. Belə bir format Azərbaycan tələbələrinə Britaniyada, britaniyalı tələbələrə isə Azərbaycanda təhsil almaq imkanı yaradacaq. Müəyyən güzəştlər və təqaüd proqramları vasitəsilə bu əməkdaşlıq həm Azərbaycanın beynəlxalq səviyyədə daha çox tanınmasına, həm də gənclərimizin Böyük Britaniya kimi ölkədə təqaüdlə təhsil almasına müsbət təsir göstərə bilər. Hesab edirəm ki, xaricdə təhsil sahəsində yeni imkanların yaradılması üçün həm dövlət proqramları, həm də hökumətlərarası təqaüd proqramları çərçivəsində əməkdaşlıq həyata keçirilə bilər. Bununla yanaşı, ikili diplom proqramlarının genişləndirilməsi də mümkündür. Bütün bunlar azərbaycanlı gənclərin Avropa təcrübəsindən daha geniş şəkildə yararlanmasına şərait yarada bilər. Bu, olduqca müsbət yanaşmadır".
Ramin Nurəliyev Azərbaycanın Çinlə təhsil sahəsində əməkdaşlığının Avropa ölkələrinin də diqqətini cəlb etdiyini qeyd etdi:
"Hazırda Azərbaycanın Çinlə müxtəlif sahələrdə, o cümlədən ikili diplom proqramları və digər təhsil layihələri üzrə əməkdaşlıq etməsi istər-istəməz Avropanın bir sıra ölkələrinin də diqqətini cəlb edir. Çünki Avropa ölkələri Avropa təhsili ilə yanaşı, Şərq təhsilinin də nümunələrini görmək və bu təcrübədən yararlanmaq istəyirlər. Ona görə də düşünürəm ki, bu, çox yaxşı təşəbbüsdür. Bir çox ölkələrdə olduğu kimi, Avropanın tanınmış və inkişaf etmiş universitetləri, o cümlədən Birləşmiş Krallıq universitetləri ilə əməkdaşlıq Azərbaycan təhsilinə çox böyük müsbət töhfə verə bilər".
NURİYYƏ