Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyanın Orenburq vilayət məhkəməsi kriminal aləmdə Zaur Naxçıvanski və Zaur Orenburqski ləqəbləri ilə tanınan Zaur Şipilov bu gün 41 yaşını həbsdə qeyd edir.
Bakıvaxtı.az xəbər verir ki, yayda yekunlaşan məhkəmə hökmünə əsasən, Zaur Şipilov 9 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının 2 il 6 ayını həbsxanada, qalan 6 il 6 ayını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək. Bundan əlavə, o, 1 milyon rubl məbləğində cərimə ödəməlidir.
1985-ci ilin oktyabr ayının 18-də Orenburqda anadan olan Şipilov
məhkəmənin müəyyən etdiyi hallara görə, 2019–2025-ci illərdə cinayətkar iyerarxiyada yüksək mövqe tutub. İstintaq materiallarında onun kriminal aləmin liderlərinin görüşlərində iştirak etdiyi, cinayətkar həyat tərzi sürən şəxslər arasında mübahisələri həll etdiyi, kriminal ideologiyanın yayılmasına çalışdığı, cinayətkar mühitin ənənə və qaydalarının qorunmasına nəzarət etdiyi bildirilir. O, 2025-ci ilin iyulunda saxlanılıb və istintaq müddətində təcridxanada saxlanılıb. İstintaq orqanlarının vəsatəti əsasında onun və ailəsinin 13 milyon rubldan artıq dəyəri olan əmlakına həbs qoyulub. Bu ilin fevralında cinayət işi üzrə istintaqın başa çatdığı açıqlanıb. Regional prokurorluq ittiham aktını təsdiqlədikdən sonra iş məhkəməyə göndərilib.
Onun kriminal aləmlə əlaqələri ailəsinin keçmişinə də gedib çıxır. Onun atası Bayram Talıbov kriminal aləmdə Sabirabadlı Hikmət kimi tanınan Hikmət Muxtarovun mühafizəçisi olub. Hər ikisi 2006-cı ilin yazında Moskvada, Leninqrad prospektində park edilmiş “Mercedes-Benz 500” markalı avtomobilə minərkən güllələnərək öldürülüb. Hadisədən sonra Bayram Talıbovun oğlu bir neçə il Türkiyədə yaşayıb. 2013-cü ildə orada ona “qanuni oğru” titulu verilib.
İlk dəfə Şipilov Rusiyada böyük həcmdə heroinlə saxlanılıb. O, Krasnoyarsk diyarının Minusinsk şəhərindəki cəzaçəkmə müəssisəsində cəza çəkib və 2018-ci ilin payızında azadlığa çıxıb.
Lakin azadlıqda keçirdiyi illər uzun çəkməyib. 2025-ci ildə yenidən saxlanılan Zaur Şipilov bu dəfə cinayətkar iyerarxiyada yüksək mövqe tutmaqda təqsirli bilinərək uzunmüddətli həbs cəzasına məhkum edilib.