525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bioinformatika sahəsində tədqiqatçı Elbəy Əliyevin və Maastrixt Universitetində tədqiqatçı kimi çalışan Tağı Əliyevin birgə hazırladıqları elmi məqalə “Nature Communications” jurnalında dərc olunub.
Bu, Elbəy Əliyevin “Nature” nəşrlər ailəsində çap olunan üçüncü elmi işidir və ilk dəfə olaraq onun əsas müəllif (main author) qismində təqdim olunduğu araşdırmadır.
Qeyd olunmalıdır ki, “Nature” jurnal ailəsində yer alan məqalələr yalnız yüksək elmi dəyərə və qlobal əhəmiyyətə malik tədqiqatlar arasından seçilir.
Araşdırma insan DNT-sində baş verən irihəcmli struktur dəyişikliklərinin genlərin fəaliyyəti və sağlamlıq göstəricilərinə təsirini əhatə edir.
Tədqiqat zamanı Qətərdə yaşayan 6 min 141 nəfərin tam genom məlumatları təhlil edilib və əldə olunan nəticələr klinik göstəricilər, o cümlədən laborator analizlər və tibbi qeydlərlə əlaqələndirilib.
Araşdırma sübut edib ki, DNT-nin böyük seqmentlərini əhatə edən silinmə, çoxalma və struktur yerdəyişmələri sidik turşusu səviyyəsi, qaraciyər və böyrək funksiyaları, maddələr mübadiləsi və bədən çəkisi kimi mühüm tibbi göstəricilərlə birbaşa bağlıdır.
Eyni zamanda, nəticələr göstərir ki, təxminən hər 30 nəfərdən biri erkən diaqnostika aparıldığı halda qarşısı alına bilən ciddi xəstəlik riski daşıyır.