Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Kiyev meri Vitali Kliçko şəhər sakinlərini müvəqqəti olaraq başqa yaşayış məntəqələrinə köçməyi nəzərdən keçirməyə çağırıb. Bu çağırışdan sonra paytaxtda yaşayan azərbaycanlıların da vəziyyəti diqqət mərkəzinə gəlib. Rusiya ordusunun raket və dron hücumlarının intensivləşməsi mülki əhali üçün təhlükəni artırıb.
Modern.az Kiyevdə yaşayan azərbaycanlılarla bağlı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qalib Osmanlı ilə əlaqə saxlayıb.
Saytımıza açıqlamasında o, bildirib ki, son bir aydan artıq müddətdə Kiyev də daxil olmaqla, Ukraynanın müxtəlif şəhərləri Rusiyanın intensiv raket və dron hücumlarına məruz qalır.
Q.Osmanlının sözlərinə görə, hücumlar nəticəsində mülki şəxslər həlak olur, yaşayış binaları dağıdılır, infrastruktura ciddi ziyan dəyir:
“Vəziyyət, təbii ki, ağırdır. Amma buna baxmayaraq, həyat davam edir. Kiyev Ukraynanın paytaxtı və siyasi mərkəzi olduğundan hər gün hücumlara məruz qalır. Əvvəllər belə hal müşahidə olunmurdu. Kiyev milyonlarla insanın yaşadığı şəhərdir. Qeyri-rəsmi məlumatlara görə, burada təxminən 4 milyon nəfər yaşayır. Şəhərdəki soydaşlarımızın sayı da on minlərlə ölçülür. Təəssüf ki, son 10 gündə Rusiyanın Kiyevə raket və dron hücumları nəticəsində 6 soydaşımız dinc sakin kimi həlak olub. Onların nəşi Vətənə göndərilib və dəfn olunublar”.
Qalib Osmanlı Kiyev merinin çağırışının şəhər əhalisinin kütləvi şəkildə təxliyəsinə yönəlmədiyini qeyd edib.
O bildirib ki, əsas məqsəd, xüsusilə qadınların və uşaqların nisbətən təhlükəsiz ərazilərə, əsasən də Ukraynanın qərb vilayətlərinə getməsini təşviq etməkdir.
Diaspor rəsmisi xatırladıb ki, müharibənin ilk dövrlərində, vəziyyətin daha da ağır olduğu vaxtlarda soydaşlarımızın şəhərdən çıxmasına kömək məqsədilə qatar və avtobus reysləri təşkil edilib. Nəticədə on minlərlə insan Kiyevi tərk edib. Sonradan vəziyyət sabitləşdikcə, gedənlərin böyük hissəsi şəhərə qayıdıb.
“İndiki vəziyyətdə insanlarda müəyyən mənada müharibə şəraitinə uyğunlaşma formalaşıb. Onlar necə davranacaqlarına özləri qərar verirlər. Kiyevi fərdi qaydada tərk edən soydaşlarımız var, amma bu, kütləvi xarakter daşımır. Əksəriyyət ağır şəraitə baxmayaraq, şəhərdə qalaraq həyatını davam etdirməyə üstünlük verir”, -deyə Qalib Osmanlı vurğulayıb.