Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanlıların pulunu daha çox nəyə xərclədiyi ilə bağlı son rəqəmlər maraqlı mənzərə ortaya qoyur. 2026-cı ilin ilk 8 ayında pərakəndə ticarət real ifadədə 3,9 faiz artıb. Lakin diqqət çəkən məqam ümumi artımdan daha çox, istehlakçıların hansı məhsullara üstünlük verməsidir.
Belə ki, qeyri-ərzaq məhsullarının satışında artım ərzaq, içki və tütün məhsullarını xeyli qabaqlayıb. Kompüter və telekommunikasiya avadanlıqlarının satışında 33,4 faiz, əczaçılıq məhsulları və tibbi ləvazimatlarda isə 21,6 faiz artım qeydə alınıb. Eyni zamanda əhalinin nominal gəlirləri 9,4 faiz, orta aylıq əməkhaqqı 7,2 faiz artıb. Amma inflyasiya da ailə büdcəsinə ciddi təsir göstərməkdədir.
Bəs bu rəqəmlər əhalinin rifahının yüksəldiyini, yoxsa xərclərin strukturunun dəyişdiyini göstərir? Azərbaycanlılar həqiqətən daha çox məhsul alırlar, yoxsa artan qiymətlər ailələri daha çox pul xərcləməyə məcbur edir?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb. İqtisadçı bildirib ki, ayrı-ayrı məhsullar üzrə faiz nisbətində artımlar müşahidə olunsa da, istehlak strukturunda ciddi dəyişiklik baş verməyib: "Faiz nisbətində artım ola bilər, amma struktur baxımından ərzaq, tütün və içki məhsulları hələ də təxminən 50 faiz civarındadır. Yəni burada ciddi struktur dəyişikliyi baş verməyib. Kompüter və məişət texnikasının alınmasının artması isə çox güman ki, yeni tədris ili və təhsillə bağlıdır. Çünki universitetə daxil olanlar, yuxarı siniflərə keçən şagirdlər var və onların kompüterə, digər texniki avadanlıqlara ehtiyacı yaranır. Çox güman ki, bu artımın əsas səbəblərindən biri də budur".
İqtisadçı əhalinin gəlirlərinin artmasını müsbət hal kimi qiymətləndirsə də, burada nominal və real gəlirlər arasındakı fərqə diqqət çəkib: "Təbii ki, real gəlirlərin artması çox yaxşı göstəricidir. Amma burada söhbət daha çox nominal artımdan gedir. Çünki inflyasiya da yüksəkdir. Bizim əsas hədəfimiz insanların real gəlirlərinin artması olmalıdır. Real gəlirlərin artımı inflyasiyanı ən azı bir-iki dəfə qabaqlamalıdır ki, insanların rifah halının yüksəlməsi də gəlirlərin artım tempi ilə davam etsin".