Azəriyik, yoxsa azərbaycanlı? İllərdir davam edən mübahisəyə dilçi son qoydu

26.01.2026

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Səyyad Aran “azəri” sözünün Azərbaycan xalqına aid olmadığını bildirib. O, televiziya məkanında dilin korlanmasını tənqid edərək aparıcıların Azərbaycan dilinə laqeyd yanaşmasının ciddi problem olduğunu vurğulayıb. Deputat dövlət qurumlarının adlarında “Azər” komponentinin işlədildiyini xatırladaraq “Azəriqaz” adının seçilməsini məntiqsiz hesab edib. Səyyad Aranın sözlərinə görə, “azəri” termini Azərbaycan xalqını ifadə etmir və daha çox İranda yaşayan etnik qrupla bağlıdır. O, bu səbəbdən “Azəriqaz” adının qanuni şəkildə dəyişdirilməsinin vacibliyini bildirib.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, dilçi Ramilə Qasımova deyib ki, “azəri” sözü Azərbaycan dilinin izahlı lüğətlərində mövcuddur və tarixən işlədilib:
“Bu söz əsasən Azərbaycan ərazisində və İran Azərbaycanında yaşayan türk əhalisini ifadə etmək üçün istifadə olunub. Yəni “azəri” termini dil baxımından uydurma və ya tamamilə yad anlayış deyil. Lakin terminoloji baxımdan “azəri” sözü etnik kimliyi dəqiq ifadə etmir. XX əsrdə bu termin bir çox hallarda “türk” anlayışını arxa plana keçirmək məqsədi ilə dövriyyəyə buraxılıb. Xüsusilə sovet və fars mənbələrində bu meyl açıq şəkildə görünür. Buna görə də müasir elmi yanaşmada “Azərbaycan türkü” anlayışı daha doğru hesab olunur. “Azəri” sözü etnikdən çox regional məna daşıyır”. 
O qeyd edib ki, Türkiyədə “azeri” sözünün işlədilməsi isə daha çox danışıq üslubu ilə bağlıdır:
“Rəsmi və elmi dildə bu termin üstünlük təşkil etmir. Dövlət və qurum adlarında “Azər” komponenti daha neytral və uyğundur. “Azəri” komponenti isə əlavə etnik çalar yaratdığı üçün mübahisə doğurur. Buna baxmayaraq, “azəri” sözünün dilimizə aid olmadığını demək elmi baxımdan düzgün deyil. Məsələ daha çox termin seçimi və milli özünüifadə ilə bağlıdır”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью