525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan: Tarixi Ədalət və Qayıdış” mövzusunda elmi konfrans keçirilib.
525.az xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin universitetdəki büstü önünə əklil qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Sonra universitetin Memarlıq fakültəsində yaradılan Qərbi Azərbaycan memarlıq irsinin tədqiqi laboratoriyasının açılış mərasimi baş tutub.
Konfrans iştirakçılarına laboratoriyanın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, laboratoriyanın əsas hədəfi Qərbi Azərbaycanın qədim memarlıq nümunələrinin sistemli şəkildə araşdırılması, sənədləşdirilməsi və gələcək nəsillərə çatdırılmasıdır.
Qeyd olunub ki, ölkəmizin memarlıq üzrə 105 illik ali təhsil ənənəsini özündə əks etdirən AzMİU-nun elmi potensialı, xüsusilə universitetin Memarlıq-konstruksiyaları və abidələrin bərpası kafedrasında aparılan tədqiqatlar laboratoriyanın işinin yüksək şəkildə təşkil olunmasına şərait yaradacaq.
Laboratoriyada Qərbi Azərbaycanla bağlı aparılacaq elmi tədqiqatlar tarixi torpaqlarımızdakı memarlıq abidələrinin öyrənilməsi yanaşı, Ermənistanın Azərbaycanın tarixi torpaqlarında xalqımıza məxsus mədəni və memarlıq izlərini silmək məqsədilə həyata keçirdiyi siyasətin əsl mahiyyətini ortaya çıxarmağa imkan verəcək.