Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“ABŞ vitse-prezidenti C.D. Vensin rəhbərliyi altında nümayəndə heyətinin İrəvan və Bakıya səfəri sıradan diplomatik addım deyil. Bu səfər Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların rəsmi təsdiqi, Bakının yaratdığı güc balansının beynəlxalq səviyyədə qəbul edilməsinin açıq göstəricisidir. Bu gün bölgədə sülh, təhlükəsizlik və əməkdaşlıqdan danışılırsa, bu, birbaşa Azərbaycanın iradəsi, siyasi qətiyyəti və strateji baxışı ilə bağlıdır”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.
Deputat bildirib ki, Vaşinqtonda 8 avqust 2025-ci ildə əldə olunan anlaşmadan sonra Bakı onilliklər boyunca süni şəkildə uzadılan münaqişə səhifəsini qəti şəkildə bağladı: “Azərbaycan sübut etdi ki, bölgədə sülh yalnız güclü dövlət iradəsi, real güc balansı və milli maraqlara söykənən siyasət hesabına mümkündür. İkinci Qarabağ müharibəsindən sonra məhz Bakı sülh gündəliyini müəyyən etdi, şərtləri diktə etdi və regionu yeni mərhələyə keçirdi.
Bu gün Cənubi Qafqazda sülh anlayışı abstrakt çağırış deyil, Bakının yaratdığı konkret siyasi və hərbi reallıqdır. Azərbaycan yalnız münaqişəni bitirmədi, eyni zamanda təhlükəsizlik, nəqliyyat, enerji və regional əməkdaşlıq üzrə tamamilə yeni konfiqurasiya formalaşdırdı. Zəngəzurda reallaşması nəzərdə tutulan və qlobal kommunikasiya xəritəsini dəyişdirəcək “Tramp marşrutu”nun müzakirəsi də bu reallığın məntiqi davamıdır. Bu marşrut regionu qapalı bloklardan çıxararaq Avrasiyanın əsas tranzit arteriyalarından birinə çevirir və bu prosesin mərkəzində Bakı dayanır”.
Deputat əlavə edib ki, Azərbaycanın yaratdığı geosiyasi reallıq yalnız Cənubi Qafqazla məhdudlaşmır. Bakı artıq regional aktor statusunu çoxdan geridə qoyub: “Bu gün Azərbaycan Avrasiyanın təhlükəsizlik arxitekturasının formalaşmasında söz sahibinə çevrilib. Regiondankənar güclər məhz Bakının təşəbbüsləri fonunda sabitlik, sülh və əməkdaşlıq modelləri qurmağa çalışırlar. Çünki hamı anlayır: Cənubi Qafqazda Bakını kənarda qoymaqla heç bir layihə, heç bir sülh mexanizmi işlək ola bilməz.
Bakının əsas hədəfi aydındır və geri dönüşü yoxdur. Hədəf regional təhlükəsizlik arxitekturasını formalaşdırmaq və bu modeli digər regionlara ixrac etmək. Bu gün beynəlxalq platformalarda Azərbaycanın rolu artıq müzakirə mövzusu deyil, qəbul edilmiş faktdır. Bakı C6 formatı çərçivəsində Mərkəzi Asiyada, Yaxın Şərqdə isə sülh, sabitlik və təhlükəsizlik məsələlərində ciddi aktor kimi çıxış edir. Azərbaycanın mövqeyi etibarlıdır, siyasəti ardıcıldır, verdiyi sözlər real addımlarla təsdiqlənir.
Məhz buna görə də ABŞ vitse-prezidenti C.D. Vensin səfəri təsadüfi deyil. Bu səfər Bakının regional və qlobal miqyasda artan çəkisinin, siyasi nüfuzunun və təsir imkanlarının etirafıdır. Bu, eyni zamanda Azərbaycanın artıq proseslərə reaksiya verən deyil, prosesləri idarə edən tərəf olduğunu göstərir.
Bu gün Bakı Cənubi Qafqazı qarşıdurma zonasından əməkdaşlıq məkanına çevirmək missiyasını ardıcıl şəkildə həyata keçirir. Azərbaycan sübut edir ki, sülh zəiflik deyil, gücün və siyasi iradənin nəticəsidir. Avrasiyada yeni təhlükəsizlik və əməkdaşlıq mühiti məhz Bakının təşəbbüsləri üzərində formalaşır.
Reallıq göz önündədir: Cənubi Qafqazda sülhün ünvanı Bakıdır. Təhlükəsizliyin dayağı Azərbaycandır. Yeni geosiyasi nizamın əsas memarlarından biri də məhz Bakıdir. Bu reallığı görməmək artıq mümkün deyil, qəbul etməyənlər isə gec-tez bu həqiqətlə üzləşəcəklər”.
Mürtəza