Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər BadamovBizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanın xarici siyasətində Avropa təsisatları ilə əlaqələrə bir daha xüsusilə toxunmaq lazımdır. O baxımdan ki, Azərbaycan xarici siyasətində tərəf seçmədən kifayət qədər açıq mövqe ortaya qoyur. Bu mövqe qarşılıqlı hörmətə və marağa dayanır. Bunu Avropa Parlamenti və sülhə mane olan istənilən tərəf artıq başa düşməlidir. Başa düşülməlidir ki, yaradılan reallıq sülhə və quruculuğa əsaslanır və bunun əksinə icazə verilməyəcək. Azərbaycan özünü illər ərzində etibarlı tərəfdaş kimi sübut etməyi bacarıb.
Deputat vurğulayıb ki, Azərbaycanın sərgilədiyi mövqe hər kəs üçün keçərlidir. Yəni, heç bir halda Azərbaycanla təhdid, təzyiq və ya Azərbaycanın yaratdığı sülhü sabotaj etmək yolu ilə danışmaq olmaz.
“Azərbaycan regionda ticarət, nəqliyyat və logistika marşrutlarının açılmasında israrlıdır. Bu istiqamətdə əməkdaşlığa ilk gündən etibarən həm regional, həm də beynəlxalq aktorları dəvət etmişik. Təəssüflər olsun ki, Avropa təsisatlarından bu dürüst yanaşmanın şahidi olmadıq. Avropa Parlamenti Azərbaycana qarşı son dərəcə qərəzli mövqe ortaya qoydu ki, bu da siyasi tərəfdaşlıq prinsipləri ilə daban-dabana ziddir.
Bu məqamda Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallasın Azərbaycana səfəri müsbət qiymətləndirilməlidir. Çünki heç bir tərəflə münasibətlərin gərginləşdirilməsi heç kimə fayda gətirməyəcək”, – deyə deputat qeyd edib.
Deputat hesab edir ki, Avropa Parlamenti də digər Avropa təsisatları kimi artıq Cənubi Qafqazda yaranmış reallığı qəbul etməli və böyük çətinliklərlə əldə olunan sülhə hörmət göstərməlidir. Onun sözlərinə görə, Kaja Kallas Azərbaycanın regiondakı rolunu müsbət dəyərləndirib və bu da müsbət məqamdır. Azərbaycanla Ermənistan arasında sülh məsələsi artıq tarixi fürsətə çevrilib. Əgər Avropa İttifaqı bu prosesi dəstəkləmək niyyətindədirsə, bu yalnız bəyanatlarla deyil, konkret addımlarla sübut olunmalıdır: “Azərbaycan heç bir tərəflə münasibətlərin kəskinləşməsini istəmir. Hansısa tərəf münasibətləri gərginləşdirirsə, bu, Azərbaycan amilindən qaynaqlanmır. Orta Dəhlizin reallaşması mövcud siyasi və iqtisadi şəraitdə bütün tərəflərə, o cümlədən Avropa İttifaqına ciddi dividendlər qazandıra bilər. Əməkdaşlıq imkanlarını və mövcud potensialı düzgün qiymətləndirmək lazımdır”.
İradə Cəlil, Bizimyol.info