Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Noyabrın 27-də Estoniyanın xarici işlər naziri Marqus Tsahknanın Bakıya səfəri, Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi görüşlər, eləcə də Estoniyanın Azərbaycandakı səfirliyinin rəsmi açılışı ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından diqqət çəkir. Səfər zamanı iqtisadiyyat, enerji, rəqəmsal texnologiyalar, nəqliyyat-logistika, investisiya və innovasiya sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Prezident İlham Əliyev noyabrın 27-də Marqus Tsahknanı qəbul edərkən Azərbaycan–Estoniya münasibətlərinin dinamik inkişaf etdiyini vurğulayıb. Dövlət başçısı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrin genişlənməsindəki roluna toxunaraq əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu bildirib. Görüşdə informasiya texnologiyaları, rəqəmsal transformasiya, bağlantılar və digər istiqamətlərdə əməkdaşlıq məsələləri müzakirə edilib. Prezident Azərbaycanın nəqliyyat bağlantılarının genişləndirilməsi istiqamətində həyata keçirdiyi işlər barədə də danışıb.
Estoniya xarici işlər naziri isə Azərbaycanın regiondakı mühüm rolunu qeyd edərək ölkəmizdə baş verən inkişaf proseslərini şəxsən müşahidə etdiyini bildirib. Diplomatın sözlərinə görə, Bakıda Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli hadisədir.
Bu məqam xüsusi əhəmiyyət daşıyır. Çünki diplomatik nümayəndəliyin açılması siyasi təmasların intensivləşdirilməsi ilə yanaşı, sahibkarlar, investorlar və biznes dairələri arasında birbaşa əlaqələrin qurulmasına da əlavə imkanlar yaradır. Estoniya XİN rəhbərinin sözlərinə görə, ölkəsinin şirkətləri artıq 20 ildən çoxdur Azərbaycanda fəaliyyət göstərir və yaxın illərdə onların sayının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
İki ölkə arasında siyasi münasibətlərin inkişafına baxmayaraq, iqtisadi əlaqələrin mövcud səviyyəsi tərəflərin gözləntilərini tam qarşılamır. Ceyhun Bayramov noyabrın 27-də Marqus Tsahkna ilə birgə mətbuat konfransında bu məsələyə xüsusi diqqət çəkib. Nazir bildirib ki, ötən il Azərbaycanla Estoniya arasında ticarət dövriyyəsi 32 milyon dollar təşkil edib. O, bu göstəricini qənaətbəxş hesab etmədiklərini vurğulayıb.
Ceyhun Bayramovun açıqlamasına görə, indiyədək Estoniya tərəfindən Azərbaycana 25 milyon dollar investisiya yatırılıb. Hazırda Azərbaycanda 72-yə yaxın Estoniya şirkəti fəaliyyət göstərir, onlardan 48-i aktiv kommersiya fəaliyyəti ilə məşğuldur. Nazir iki ölkənin biznes dairələri arasında birbaşa təmasların artırılmasının, biznes forumlarının keçirilməsinin vacibliyini qeyd edib.
Estoniyanın rəsmi statistikasında da ikitərəfli ticarətin strukturu barədə maraqlı məlumatlar yer alır. Estoniya Statistika İdarəsinin məlumatına əsasən, 2025-ci ildə bu ölkənin Azərbaycana ixracı 16,6 milyon avro, Azərbaycandan idxalı isə 11,7 milyon avro olub. Beləliklə, qarşılıqlı ticarətin ümumi həcmi 28,3 milyon avroya çatıb. Bu, təxminən 32 milyon dollara bərabərdir.
Ticarətin strukturuna nəzər saldıqda görünür ki, Estoniyadan Azərbaycana əsasən iribuynuzlu heyvanlar, neft emalı məhsulları, maşın və mexaniki avadanlıqlar, elektrik cihazları, əczaçılıq məhsulları, tibbi və optik avadanlıqlar, mebel və müxtəlif sənaye malları gətirilir. Azərbaycandan Estoniyaya isə əsasən neft-kimya və digər sənaye məhsulları, qara metallar, neft məhsulları, meyvə-tərəvəz və içkilər ixrac olunur.
Bu rəqəmlər göstərir ki, iqtisadi münasibətlərdə müəyyən ticarət bazası mövcuddur. Bununla belə, məhsul çeşidinin genişləndirilməsi, qeyri-neft sektorunun ixrac imkanlarının artırılması və qarşılıqlı investisiyaların təşviqi üçün əlavə imkanlar qalır.
İqtisadi əməkdaşlığın perspektivləri yalnız ənənəvi ticarətlə məhdudlaşmır. Estoniya rəqəmsal dövlət idarəçiliyi, elektron xidmətlər, kibertəhlükəsizlik və innovasiya sahələrində əldə etdiyi təcrübə ilə seçilir. Azərbaycan üçün bu təcrübədən yararlanmaq, xüsusilə dövlət xidmətlərinin rəqəmsallaşdırılması, süni intellekt həllərinin tətbiqi və informasiya texnologiyaları sahəsində birgə layihələrin həyata keçirilməsi baxımından əhəmiyyətlidir.
Xarici işlər nazirlərinin birgə mətbuat konfransında Estoniyanın rəqəmsallaşma və süni intellekt sahəsində Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib. O, müdafiə sənayesini də mümkün əməkdaşlıq istiqamətləri sırasında qeyd edib.
Noyabrın 4-də Tallinndə Azərbaycan–Estoniya Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının dördüncü iclasının keçirilməsi də bu istiqamətdə atılan addımlardandır. İclasda Azərbaycanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Estoniya tərəfini isə ədliyyə və rəqəmsal məsələlər naziri Liisa-Li Pakosta təmsil edib. Tərəflər ticarət, kənd təsərrüfatı, təhsil, mədəniyyət, rəqəmsal texnologiyalar və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
İclasda süni intellekt, kibertəhlükəsizlik və rəqəmsal həllər üzrə birgə təşəbbüslərin təşviqi, mütəxəssislər arasında təcrübə mübadiləsinin artırılması barədə razılıq əldə olunub. Estoniya şirkətlərinin Azərbaycanın yaşıl enerji keçidi layihələrində iştirakının genişləndirilməsi də müzakirə edilib.
Enerji sahəsi də əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Estoniya xarici işlər naziri Azərbaycanın enerji sektorunda topladığı təcrübənin ölkəsi üçün maraqlı olduğunu bildirib. Onun sözlərinə görə, Tallinn enerji sahəsində Azərbaycanın təcrübəsindən öyrənmək, qlobal ticarət və iqtisadiyyatda baş verən dəyişikliklərin yaratdığı yeni imkanları dəyərləndirmək niyyətindədir.
Burada Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu xüsusi əhəmiyyət daşıyır. Ceyhun Bayramov mətbuat konfransında Estoniya tərəfinə Azərbaycanın Avropa İttifaqı ilə strateji əməkdaşlığı və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu barədə məlumat verdiyini bildirib. Tərəflər alternativ və yaşıl enerji sahəsində həyata keçirilən layihələri, eləcə də gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Azərbaycanın coğrafi mövqeyi və Şərq-Qərb nəqliyyat marşrutlarının inkişafı Estoniya ilə əməkdaşlığın digər perspektivli istiqamətidir. Marqus Tsaxkna xüsusilə Orta Dəhlizin əhəmiyyətinə toxunaraq qlobal ticarətdə baş verən dəyişikliklərin bu marşrut üçün yeni imkanlar yaratdığını bildirib.
Baltik dənizi regionunda yerləşən Estoniya Avropa ilə Şimali və Şərqi Avropa bazarları arasında mühüm nəqliyyat-logistika imkanlarına malikdir. Azərbaycan isə Xəzər dənizi üzərindən Mərkəzi Asiya ilə Cənubi Qafqazı, daha sonra Avropanı birləşdirən nəqliyyat xəttinin əsas iştirakçılarından biridir. Bu baxımdan iki ölkənin logistika, liman infrastrukturu, rəqəmsal gömrük sistemləri və tranzit daşımalar sahəsində təcrübə mübadiləsi qarşılıqlı fayda verə bilər.
Estoniya tərəfi Azərbaycan–Ermənistan münasibətlərinin normallaşmasının da regionun iqtisadi perspektivləri baxımından əhəmiyyətini vurğulayıb. Tsahknanın fikrincə, sülh prosesi yeni imkanlar açır. Regionda sabitliyin möhkəmlənməsi Avropa ilə Asiya arasında nəqliyyat və ticarət əlaqələrinin genişlənməsinə də müsbət təsir göstərə bilər.
Azərbaycan və Estoniya arasında əməkdaşlığın genişləndirilməsi üçün hüquqi baza da inkişaf etdirilir. Ceyhun Bayramovun açıqlamasına görə, iki ölkə arasında hazırda 16 ikitərəfli sənəd mövcuddur, daha 8 sənəd üzrə iş aparılır. Bu sənədlərin yaxın gələcəkdə qüvvəyə minməsi gözlənilir.
Səfərin nəticələri göstərir ki, Bakı və Tallinn münasibətləri ənənəvi diplomatik təmaslardan daha geniş iqtisadi və texnoloji əməkdaşlıq mərhələsinə keçirməyə çalışır. Azərbaycanın enerji, nəqliyyat və tranzit imkanları, Estoniyanın isə rəqəmsal idarəçilik, innovasiya və texnoloji həllər sahəsində təcrübəsi bu tərəfdaşlığın əsasını təşkil edə bilər.
Musa BAĞIRLI
XQ