Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir. Bakıda keçiriləcək "Nine Senses Fest 2025" festivalının proqramı təqdim olunub.
Oxu.Az xəbər verir ki, bu gün festivalla bağlı "JW Marriott Absheron" hotelində baş tutan mətbuat konfransında "Nine Senses Fest 2025" - İkinci Beynəlxalq Ruhani və Bədən Praktikaları Festivalının proqramı və məqsədləri ictimaiyyətə təqdim olunub.
Festival "Azerbaijan New Skill Academy" (ANSA) kimi tərəfdaşlarla birlikdə təşkil olunub.
Bildirilib ki, festival Bakıda 2-4 may 2025-ci il tarixlərində, Heydər Əliyev Fondunun vitse-prezidenti, "Nine Senses Art Center"in qurucusu və Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilir.
Builki festival "Ənənədən Gerçəyə" devizi ilə fərqli mədəniyyətləri və praktikaları bir araya gətirir.
Festivalın baş sponsoru artıq ikinci ildir ki, "Azərsun Holdinq"dir.
Üç gün davam edəcək festivalda iştirakçıları yoqa və meditasiya təcrübələri, şərq və slavyan təbabəti, sufi fəlsəfəsi, art-terapiya, sufi və səs performansları, konsertlər, ekstatik rəqs, neyroqrafika, qadın balans təcrübələri və digər praktik sessiyalarla tanış ola biləcəklər.
Festivalın dəvət olunmuş əsas iştirakçılar bunlardır: Perukua - Ana Torpağın səsi, müqəddəs səsləri və qadın enerjisini birləşdirən sənətçi; Lev İvanov - şəfaçı, döyüş sənətləri ustası, "Özünü tanı" metodikasının müəllifi; Gojun Xuan - ənənəvi Çin təbabətinin 7-ci nəsil nümayəndəsi, cən-cyu ustası; İqor Pankov - antropoloq, tarix elmləri namizədi, sufi irsinin tədqiqatçısı; Sudhakar Dass - "Vedanta Academy India" nümayəndəsi, spiker.