Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Maliyyə sektorunda süni intellektə meydan açılır
Dünən Bakıda “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq və texnologiyalar” mövzusunda X Beynəlxalq Bankçılıq Forumu (IBF 2026) işə başlayıb. İki gün davam edəcək forumda dövlət qurumlarının, yerli və xarici bankların, beynəlxalq maliyyə institutlarının, fintex şirkətlərinin və texnologiya sektorunun nümayəndələri iştirak edirlər. Təşkilatçıların məlumatına görə, tədbir 50-dək spikeri, 270 şirkəti və 1500 iştirakçını bir araya gətirir.
Forumun diqqətçəkən açıqlamalarından biri Mərkəzi Bankın bank sektorunda süni intellekt və riyazi modellərin istifadəsi ilə bağlı nəzarət yanaşmasına dair olub. Mərkəzi Bank sədrinin birinci müavini Əliyar Məmmədyarov bildirib ki, banklarda modellərdən irəli gələn risklər tənzimləyici qurumun əsas nəzarət prioritetləri sırasına daxil ediləcək. Onun sözlərinə görə, düzgün qurulmayan və ya yanlış tətbiq olunan riyazi, eləcə də süni intellekt modelləri maliyyə itkilərinə, idarəetmə qərarlarında səhvlərə və reputasiya risklərinə səbəb ola bilər.
O qeyd edib ki, süni intellektdən yalnız xərclərin azaldılması və insan əməyinin tam əvəzlənməsi məqsədilə istifadə olunması sistemli risklərin toplanmasına gətirib çıxara bilər. Bu səbəbdən model riskləri kredit və əməliyyat riskləri ilə yanaşı Mərkəzi Bankın nəzarət prioritetləri sırasında yer alacaq.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov rəqəmsal transformasiyanın növbəti mərhələsində dövlət xidmətlərinin daha proaktiv və süni intellekt agentləri əsasında həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, ayrı-ayrı dövlət qurumları ilə imzalanmış yol xəritələri çərçivəsində bu istiqamətdə işlər aparılır. Fərid Osmanov, həmçinin texnoparkların fəaliyyət istiqamətləri ilə bağlı yenilikləri açıqlayıb. Belə ki, 2027-ci il yanvarın 1-dən etibarən texnoparkların fəaliyyət dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Proqram təminatının hazırlanması və sistem inteqrasiyası ilə yanaşı, avadanlıqların istehsalı və yığılması, süni intellekt, dron və digər sahələr də bu əhatəyə daxil ediləcək.
İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bank sektorunda rəqəmsal transformasiyanın iqtisadi göstəricilərinə toxunub. O bildirib ki, süni intellekt və böyük verilənlərin tətbiqi banklara kredit, likvidlik, bazar və əməliyyat risklərini daha dəqiq qiymətləndirməyə imkan yaradır. Onun sözlərinə görə, ölkədaxili nağdsız kart ödənişlərinin həcmi 25,6 faiz artaraq 99,1 milyard manat təşkil edib. Elektron ticarət əməliyyatlarının sayı 43,4 faiz, həcmi isə 29,8 faiz yüksəlib. İnternet və mobil bankçılıq üzrə müştəri köçürmələrində müvafiq olaraq 12,4 və 14,3 faiz artım qeydə alınıb.
ABA-nın prezidenti Zakir Nuriyev isə biznes kreditləşməsində dövlət vəsaitlərinin payının azalmasına diqqət çəkib. Onun açıqlamasına görə, 2025-ci ilin sonu ilə 2026-cı ilin sentyabrı arasında bankların biznes kredit portfelində dövlət fondları hesabına maliyyələşən kreditlərin payı 12,5 faizdən 6,9 faizə düşüb. Son 12 ayda biznes kredit portfeli 18,6 faiz, dövlət fondları hesabına maliyyələşən biznes kreditləri isə 14,7 faiz artıb.
Azərbaycan Fintex Assosiasiyası İdarə Heyətinin sədri Edqar Abdullayev banklarla maliyyə texnologiyaları şirkətləri arasındakı münasibətlərə toxunub. O bildirib ki, Azərbaycanda banklar fintex şirkətlərini hələ də gəlirli seqmentlərdə rəqib kimi görürlər. Halbuki bu şirkətlərə yalnız rəqib və texnologiya təchizatçısı deyil, strateji tərəfdaş kimi yanaşılmalıdır.
***
X Beynəlxalq Bankçılıq Forumunun ilk günündə regional maliyyə əməkdaşlığının inkişafı baxımından da mühüm addımlar atılıb. Belə ki, Azərbaycan Banklar Assosiasiyası Mərkəzi Asiya Fintex Assosiasiyası və Tacikistan Banklar Assosiasiyası ilə iki anlaşma memorandumu imzalayıb. Sənədlərin imzalanması Azərbaycan maliyyə sektorunun regional tərəfdaşlarla əlaqələrinin genişləndirilməsi, bankçılıq və maliyyə texnologiyaları sahəsində təcrübə mübadiləsi üçün yeni imkanlar yaradır.
X Beynəlxalq Bankçılıq Forumu bu gün də işini davam etdirəcək.
XQ