Icma.az, Yenicag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fevralın 20-də Bakıda YARADICI Mərkəzdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” keçirilib.
Yenicag.az xəbər verir ki, əvvəlcə forum vətənimizin azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizi və Ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sayğı duruşu və milli himnimizin oxunması ilə başlayıb.
Forumun aparıcısı telejurnalist Aynur Kərimli təşkilatçılar adından qonaqları salamlayaraq Azərbaycanda bütün sahələrdə olduğu kimi, mədəniyyət və yaradıcı sahənin inkişafının uğurla davam etdiyini bildirib.
Açılış mərasimində çıxış edən Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri, Azərbaycan Türkiyə Evinin icraçı direktoru Toğrul Allahverdili forumun baş tutmasına verdikləri dəstəyə görə Mədəniyyət Nazirliyinə və rəsmi tərəfdaş təşkilatlara – YARADICI Mərkəzə, Azərbaycan-Türkiyə Evinə və “News Baku” Media və Kommunikasiya Mərkəzinə təşəkkür edib.
QHT sədri forumdan gözləntilərin böyük olduğunu bildirib: “Dövlətimiz mədəni və yaradıcı sahələrə önəm verir.
Ona görə, dövlət strategiyasına uyğun mövcud ekosistemlərin fəaliyyətini araşdırmaq, bu sahəni inkişaf etdirmək əsas məqsədimizdir.
Düşünürəm ki, forumda ortaq problemlər səslənəcək və onların həlli istiqamətində işlər görüləcək”.