Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2025-ci il fevralın 4-də Səudiyyə Ərəbistanı Krallığının Kral Salman adına Beynəlxalq Ərəb dili Akademiyasının baş direktoru Dr.Abdullah Əl Vaşminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi ziyarət çərçivəsində Bakı Avrasiya Universitetində (BAAU) olub.
Ölkə.Az xəbər verir ki, BAAU-nun rəhbərliyi ilə nümayəndə heyəti arasında görüş keçirilib.
Görüş zamanı universitetdə fəaliyyət göstərən Ərəbşünaslıq Mərkəzinin uğurları və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
BAAU-nun rektoru, dosent Səyavuş Qasımov çıxışında 2019-cu ildə imzalanmış müqavilə çərçivəsində layihənin birinci mərhələsinin uğurla başa çatdığını və 2022-ci ildən etibarən ikinci mərhələyə start verildiyini bildirib.
O, Mərkəzin fəaliyyətinin yalnız BAAU ilə məhdudlaşmadığını, geniş və çoxşaxəli istiqamətləri əhatə etdiyini vurğulayaraq, ərəb dilinin öyrədilməsi və təbliği sahəsində görülən işlər barədə məlumat verib.
Abdullah Əl Vaşmi çıxışı zamanı Kral Salman adına Beynəlxalq Ərəb dili Akademiyasının dünyada ərəb dilinin təbliği və tədqiqində mühüm rol oynadığını vurğulayıb.
O, Azərbaycanda yaradılan Ərəbşünaslıq Mərkəzinin xüsusi əhəmiyyət daşıdığını qeyd edərək bunun Akademiyanın dünyada ilk və yeganə filialı olduğunu bildirib.