Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda ödənişli hərəkət zonaları yaradılacaq və həmin ərazilərə avtomobillə daxil olan sürücülərdən haqq alınacaq.
Bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Avtomobil yolları haqqınd” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Yeni dəyişikliklərə əsasən, Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları müəyyən ediləcək.
Həmin zonalara nəqliyyat vasitələrinin daxil olmasına görə ödəniləcək haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək. Toplanan vəsait dövlət büdcəsinə köçürüləcək. Digər dəyişiklik avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarına aiddir. Təklifə əsasən, bu sahədə fəaliyyət göstərən daşıyıcıların məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərməsinə görə subsidiya ayrılacaq.
Subsidiya dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdiriləcək və onun verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdiriləcək.
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, burada ödənişli ərazilər və ödənişli hərəkət zonaları nəzərdə tutulursa, həmin zonaların harada yerləşəcəyi hələlik bəlli deyil:
"Ümumilikdə, hazırda bəzi ərazilər, məsələn, İçərişəhər bu baxımdan nümunə ola bilər. Eyni zamanda, başqa bir neçə ərazini də mövcud nümunələr kimi qeyd edə bilərik. Lakin qanunda yeni ödənişli ərazilərin yaradılacağı və həmin zonalara girişin pullu olacağı göstərilir. İndi əsas məsələ bu ərazilərin nə vaxt müəyyənləşdiriləcəyi və hansı meyarlar əsasında seçiləcəyidir. Hazırkı yanaşmanı isə bir çox ölkələrin təcrübəsi ilə əlaqələndirmək olar. Belə ki, bəzi ölkələrdə şəhərlərin mərkəzi hissələrinə avtomobillə girişi məhdudlaşdırmaq, mərkəzə daxil olan avtomobillərin sayını azaltmaq məqsədilə bu cür qaydalar tətbiq olunur. Bu, həm də şəhər mərkəzində avtomobillərin yaratdığı çirklənmənin qarşısını almağa hesablanmış addımdır. Bu baxımdan hesab edirəm ki, yanaşma ədalətlidir. Bir çox insanlar şəhər mərkəzinə avtomobillə, əslində, zərurət olmadığı halda gəlirlər. Halbuki həmin məsafəni avtomobilsiz də qət edə bilərlər. Belə qaydaların tətbiqində dövlətin məqsədi vətəndaşlardan pul toplamaq deyil. Əsas maraq şəhər mərkəzinin avtomobillərlə yüklənməsinin qarşısını almaqdır”.
Ekspertin sözlərinə görə, ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalar əsasında həyata keçiriləcək:
"Toplanan vəsait dövlət büdcəsinə yönəldiləcək və gələcəkdə avtobusların, eləcə də avtobus parkının inkişafına sərf olunacaq. Daha doğrusu, bu gün artıq avtobuslara qət etdikləri məsafəyə görə dövlət tərəfindən ödəniş edilməsi sistemi fəaliyyət göstərir. Biz bunu brutto müqaviləsi adlandırırıq. Brutto müqaviləsi o deməkdir ki, avtobusların qət etdiyi məsafəyə uyğun olaraq dövlət daşıyıcı şirkətlərə ödəniş edir.
Bu vəsaitin məqsədi daşıyıcı şirkətlərin inkişafını təmin etmək, onların daha fəal işləməsinə, daha çox sərnişin daşımasına və xidmətlərini genişləndirməsinə stimul yaratmaqdır. Yəni vətəndaşlardan ödənişli zonalara giriş üçün alınan vəsait avtobus daşımalarını həyata keçirən şirkətlərin balansına köçürüləcək. Beləliklə, həmin pulun xərclənməsi mexanizmi də artıq müəyyənləşib”.
Aynur Babazadə