Bakının COP diplomatiyası qlobal “yaşıl” keçidə önəmli töhfələr verir

21.11.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Antalya şəhərində ke­çirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəf­lər Konfransının 31-ci sessiyasında (COP31) aparılan müzakirələr qlobal iqlim dəyişmələri ilə bağlı beynəlxalq səviyyədə qəbul edilən bəyanatlar, qarşıya qoyulan hədəflər və siyasi öh­dəliklərin, sadəcə, diqqətə çatdırılması ilə məhdudlaşmadı. 

Əsas məsələ həmin öhdəliklərin real nəticələrə çevrilməsi, iqlim maliyyəsinin konkret layihələrə yönəldilməsi, enerji sistemlərinin transformasiyası və ekoloji problemlərin sosial-iqtisadi inkişaf strate­giyaları ilə uzlaşdırılması idi və bu, uğurla gerçəkləşdirildi.

Dünya dövlətlərinin iqlim dəyişmələ­ri ilə mübarizə sahəsində qarşılaşdıqları problemlər getdikcə daha mürəkkəb xarak­ter alır. Qlobal istiləşmənin sürətlənməsi, ekstremal hava hadisələrinin intensivləş­məsi, su ehtiyatlarının azalması, biomüxtə­lifliyin itirilməsi, ərzaq təhlükəsizliyinə təhdidlərin yaranması və ekoloji tarazlığın pozulması beynəlxalq əməkdaşlığın yeni mərhələyə keçməsini zəruri edir. Belə bir şəraitdə keçirilən hər bir COP konfransı əv­vəlki toplantılarda əldə olunan razılaşmala­rın davam etdirilməsi ilə yanaşı, yeni ça­ğırışlara uyğun fəaliyyət mexanizmlərinin formalaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır.

Xatırladaq ki, təxminən, 200 ölkənin iş­tirak etdiyi Antalya konfransında əsas müza­kirələr iqlim öhdəliklərinin yerinə yetirilməsi, maliyyə resurslarının səfərbər olunması, ener­ji keçidinin sürətləndirilməsi, həssas ölkələrin müdafiəsi və sosial baxımdan ədalətli trans­formasiyanın gerçəkləşdirilməsi məsələləri ətrafında aparıldı. Türkiyənin ev sahibliyi, danışıqlara isə Avstraliyanın sədrlik etdiyi bu prosesdə beynəlxalq iqlim diplomatiyası tərəfdaşlığının və ortaq məsuliyyətin əhəmiy­yəti bir daha diqqətə çatdırıldı. 

Antalya konfransında müzakirələrin mü­hüm hissəsi əvvəlki illərdə, xüsusilə də Bakı­da keçirilən COP29-da qəbul edilən qərarların əməli icrasına yönəldildi. Bu isə Azərbayca­nın ev sahibliyi etdiyi beynəlxalq tədbirin nəticələrinin təkcə bir konfrans çərçivəsin­də qalmadığını, sonrakı iqlim danışıqlarının məzmununa və istiqamətlərinə təsir göstərdi­yini təsdiqlədi. 

Ekoloji siyasətdə varislik

Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməsi ölkəmizin beynəlxalq iqlim prosesində mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm hadisə idi. Bakı konfransı mürəkkəb geosiyasi şəraitdə, inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərin fərqli maraq­larının toqquşduğu bir dövrdə keçirilsə də, mü­hüm razılaşmaların əldə olunmasına nail oldu.

COP29-un ən əhəmiyyətli nəticələrindən biri iqlim maliyyəsi hədəfinin qəbul edilməsi idi. Bu qərarda inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan dövlətlərə iqlim fəaliyyəti üçün 2035-ci ilədək hər il azı 300 milyard dollar maliyyə vəsaiti yönəltməsi öz ifadəsini tap­dı. Bununla yanaşı, bütün maliyyə mənbələ­rindən istifadə etməklə iqlim maliyyəsinin 2035-ci ilədək illik 1,3 trilyon dollar səviyyə­sinə çatdırılması istiqamətində ümumi hədəf müəyyənləşdirildi.

Bu rəqəmlərin əhəmiyyəti təkcə maliyyə göstəriciləri ilə ölçülmür. Məsələ ondadır ki, iqlim dəyişmələrinin nəticələri ilə mübarizə aparmaq üçün xüsusilə inkişaf etməkdə olan ölkələrin böyük investisiya resurslarına eh­tiyacı var. Həmin dövlətlərin bir çoxu iqlim dəyişmələrinin nəticələrindən daha çox zərər çəksələr də, onların ekoloji problemlərin həl­linə yönəldə biləcəkləri maliyyə imkanları məhduddur. Məhz buna görə də COP29-da qəbul edilən maliyyə qərarı beynəlxalq iqlim əməkdaşlığında yeni mərhələnin başlanğıcı kimi diqqət çəkir. 

Bakıdan sonra Braziliyanın Belém şəhə­rində keçirilən COP30-da bu maliyyə hədə­finin həyata keçirilməsi istiqamətində hazır­lanan “Bakıdan Belémə 1,3 trilyon dollarlıq Yol Xəritəsi” təqdim edildi. Sənəddə dövlət və özəl sektorun maliyyə imkanlarının birləş­dirilməsi, güzəştli kreditlərin, qrantların, bey­nəlxalq maliyyə institutlarının resurslarının və innovativ maliyyə mexanizmlərinin genişlən­dirilməsi kimi istiqamətlər ön plana çəkildi.

Beləliklə, Bakı konfransında müəyyən­ləşdirilən maliyyə hədəfi sonrakı beynəlxalq danışıqların əsas mövzularından birinə çev­rildi. Antalyada aparılan müzakirələr də bu yol xəritəsinin real investisiya layihələri ilə əlaqələndirilməsi, maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və onların isti­fadəsində şəffaflığın təmin edilməsi baxımın­dan böyük əhəmiyyətə malik idi. 

Burada bir məqamı xüsusi vurğulamaq lazımdır. Belə ki, 1,3 trilyon dollarlıq hədəf təkcə maliyyə vəsaitlərinin toplanılmasını de­yil, həm də onların səmərəli bölüşdürülməsi­ni tələb edir. İnkişaf etməkdə olan ölkələrin iqlim layihələrinə çıxışının asanlaşdırılması, maliyyələşmə şərtlərinin əlçatan olması və borc yükünün artırılmaması gələcək fəaliyyə­tin əsas prinsiplərindən biri olması zərurətini önə çıxarır. 

Öhdəliklərdən “yaşıl” quruculuğa

Antalya konfransında diqqət mərkəzində saxlanılan məsələlərdən biri də iqlim maliy­yəsinin əməli nəticələrə çevrilməsi oldu. Bu prinsip beynəlxalq səviyyədə müəyyənləşdi­rilən maliyyə hədəflərinin əhəmiyyətinin on­ların real iqtisadi və ekoloji nəticələr yaratma­sından asılılığını bir daha təsdiqlədi. 

İqlim maliyyəsi təkcə Günəş və külək elekt­rik stansiyalarının tikintisinə ayrılan vəsaitlər­dən ibarət deyil. Bu anlayışa su təsərrüfatının yenilənməsi, kənd təsərrüfatının iqlim dəyiş­mələrinə uyğunlaşdırılması, meşələrin bərpası, sahilyanı ərazilərin qorunması, enerji səmərəli­liyinin artırılması, tullantıların idarə olunması və ekoloji infrastrukturun qurulması da daxildir.

Xüsusilə inkişaf etməkdə olan ölkələr üçün bu maliyyənin əlçatan olması böyük əhəmiyyət daşıyır. Çünki iqlim dəyişmələri­nin nəticələri həmin dövlətlərin iqtisadiyyatı­na, əhalinin sosial vəziyyətinə və ərzaq təh­lükəsizliyinə birbaşa təsir göstərir.

COP29-da əldə olunan razılaşmaların mühüm tərəflərindən biri də bu məsələyə beynəlxalq məsuliyyət baxımından yanaşıl­ması idi. Bakıdan Belémə uzanan maliyyə yol xəritəsi isə qarşıya qoyulan hədəflərin həyata keçirilməsi üçün mümkün maliyyə mənbələ­rini və hüquqi mexanizmləri sistemləşdir­məyə xidmət edirdi. 

Antalyada bu istiqamətdə aparılan müza­kirələr gələcək mərhələdə əsas diqqətin maliy­yə resurslarının səfərbər edilməsindən əlavə, onların konkret layihələrə çatdırılması mexa­nizmlərinin təkmilləşdirilməsinə yönəldilmə­sinin zəruriliyini göstərdi. Bu baxımdan mü­zakirələrdə itkilər və zərərlərlə mübarizə üzrə maliyyə mexanizmlərinin fəaliyyətinə toxunul­ması da xüsusi diqqət çəkdi. İqlim dəyişmələ­rinin təsirindən daha çox zərər görən ölkələrin dəstəklənməsi, təbii fəlakətlərdən sonra bərpa işlərinin maliyyələşdirilməsi və risklərin azal­dılması beynəlxalq həmrəyliyin mühüm göstə­ricisi kimi bir daha təsdiqini tapdı. 

Enerji şaxələndirməsinə sosial yanaşma

COP31 müzakirələrində maraq doğuran digər istiqamət ədalətli enerji keçididir. Bu anlayış iqtisadiyyatın aşağı karbonlu inkişaf modelinə transformasiyasının sosial nəticələ­rinin nəzərə alınmasını nəzərdə tutur. Məlum­dur ki, dünya iqtisadiyyatının ənənəvi enerji mənbələrindən bərpaolunan enerjiyə keçidi genişmiqyaslı struktur dəyişiklikləri tələb edir. Bu proses yeni istehsal sahələrinin yaranması­na, əmək bazarının yenilənməsinə, investisiya axınlarının istiqamətinin dəyişməsinə və bir sıra ənənəvi sənaye sahələrinin fəaliyyət mo­delinin transformasiyasına gətirib çıxarır. 

Lakin enerji keçidi təkcə texnoloji və iqtisadi məsələ deyil. Onun sosial nəticələri də ciddi şəkildə nəzərə alınmalıdır. Xüsusilə neft-qaz və kömür sənayesində çalışan insan­ların məşğulluğunun qorunması, yeni peşələrə yiyələnməsi və sosial müdafiəsinin gerçəkləş­dirilməsi vacibdir. Ədalətli keçid prinsipi də məhz bu zərurətdən irəli gəlir. Məqsəd ekoloji baxımdan daha dayanıqlı iqtisadiyyat qur­maqla yanaşı, həmin prosesin yaratdığı sosial riskləri minimuma endirməkdir.

Antalyada bu istiqamətdə müzakirə edilən təşəbbüslər ölkələrin milli iqlim planlarında sosial müdafiə, peşə hazırlığı, yenidən ix­tisaslaşma və yerli icmaların maraqlarının nəzərə alınmasını aktuallaşdırır. Bu yanaşma daha çox enerji resurslarından iqtisadiyya­tın inkişafında mühüm vasitə kimi istifadə edən ölkələr üçün əhəmiyyətlidir. Çünki belə dövlətlər qarşısında enerji təhlükəsizliyinin qorunması ilə bərabər, iqtisadiyyatın şaxələn­dirilməsi və yeni texnologiyaların tətbiqi is­tiqamətində də ardıcıl siyasət həyata keçiril­məsi mühüm vəzifə kimi durur. 

Azərbaycanın enerji strategiyası da bu baxımdan maraqlı nümunədir. Ölkəmiz ənənəvi enerji resurslarından səmərəli istifadə etməklə yanaşı, bərpaolunan enerji potensia­lının reallaşdırılmasına, enerji infrastrukturu­nun yenilənməsinə və “yaşıl” iqtisadiyyatın inkişafına xüsusi diqqət yetirir. Belə bir mo­del enerji keçidinin mərhələli, iqtisadi imkan­lar və milli maraqlar nəzərə alınmaqla həyata keçirilməsinin əhəmiyyətini göstərir.

“1,5 dərəcə” hədəfi

Antalya konfransının əsas müzakirə is­tiqamətlərindən biri də Paris Sazişində müəy­yənləşdirilmiş qlobal istiləşmənin sənayedən əvvəlki dövrlə müqayisədə “1,5 dərəcə” ilə məhdudlaşdırılması hədəfidir. Elmi araşdır­malar göstərir ki, qlobal temperatur artımının bu həddə yaxınlaşması və onu aşması iqlim risklərini daha da gücləndirir. Quraqlıqla­rın, daşqınların, istilik dalğalarının və digər ekstremal hava hadisələrinin intensivləşməsi ekosistemlərə, iqtisadiyyata və insanların hə­yat şəraitinə ciddi təsir edir. 

Buna görə də istixana qazı emissiyaları­nın azaldılması beynəlxalq iqlim siyasətinin başlıca istiqamətlərindən biri kimi diqqət çəkir. Bu məqsədə nail olmaq üçün bərpaolunan enerji mənbələrinin payının artırılma­sı, elektrik şəbəkələrinin genişləndirilməsi, enerji saxlama sistemlərinin yaradılması və ölkələrarası enerji əlaqələrinin gücləndirilmə­si vacibdir.

Hazırda dünyanın bir çox ölkəsində Günəş və külək enerjisi layihələrinin geniş­ləndirilməsi ilə yanaşı, istehsal olunan enerji­nin etibarlı şəkildə ötürülməsi və saxlanılması məsələsi də aktualdır. Çünki bərpaolunan enerji mənbələrinin istehsal imkanları hava şəraitindən asılıdır. Bu isə enerji sistemlərində çevik idarəetmə mexanizmlərinin və müasir infrastrukturun yaradılmasını tələb edir.

COP29-da enerji şəbəkələrinin inkişa­fı və “yaşıl” enerji dəhlizlərinin yaradılması ilə bağlı müzakirələr bu baxımdan mühüm əhəmiyyət daşıyırdı. Antalyada isə həmin is­tiqamətdə əməkdaşlığın konkret layihələr və regional bağlantılar səviyyəsində genişləndi­rilməsi məsələsi ön planda yer almışdı. 

Azərbaycan üçün də bu proses xüsusi əhə­miyyət kəsb edir. Ölkəmizin külək və Günəş enerjisi potensialı, Xəzər dənizinin enerji im­kanları, əlverişli coğrafi mövqeyi və regional nəqliyyat-kommunikasiya əlaqələri “yaşıl” enerji sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar ya­radır. Azərbaycanın Avropaya enerji ixracında mövcud mövqeyi, ənənəvi enerji infrastruk­turunun inkişafı və gələcəkdə “yaşıl” enerji təchizatçısına çevrilmək perspektivi ölkəmi­zin enerji diplomatiyasının yeni mərhələsini formalaşdırır.

Bu baxımdan “yaşıl” enerji dəhlizləri tək­cə elektrik enerjisinin bir ölkədən digərinə ötürülməsi vasitəsi deyil. Onlar həm də regi­onal iqtisadi inteqrasiyanın, texnoloji əmək­daşlığın və enerji təhlükəsizliyinin gücləndi­rilməsinə xidmət edən strateji layihələrdir.

Sıfır tullantı və sağlam dünya

Antalya konfransında diqqəti cəlb edən məsələlərdən biri də tullantıların idarə olun­ması və səhiyyə problemlərinin iqlim müza­kirələri ilə daha sıx əlaqələndirilməsi idi. 

Çünki tullantıların düzgün idarə edil­məməsi ətraf mühitin çirklənməsinə, torpaq və su ehtiyatlarının keyfiyyətinin pisləşmə­sinə, atmosferə zərərli qazların atılmasına sə­bəb olur. Xüsusilə üzvi tullantıların poliqon­larda parçalanması nəticəsində yaranan metan qazı qlobal istiləşməyə təsir göstərən mühüm amillərdən biridir. Bu baxımdan sıfır tullantı yanaşmasının beynəlxalq iqlim gündəliyində daha geniş yer tutması müsbət tendensiyadır.

Sıfır tullantı konsepsiyası istehsal və is­tehlak proseslərində resurslardan maksimum səmərəli istifadəni, məhsulların təkrar ema­lını, tullantıların minimuma endirilməsini və dairəvi iqtisadiyyatın inkişafını nəzərdə tutur. Dairəvi iqtisadiyyat modelində isə istehsal prosesi yalnız məhsulun hazırlanması və is­tehlakı ilə başa çatmır. İstifadə olunmuş mate­rialların yenidən istehsala qaytarılması, resurs itkilərinin azaldılması və təkrar emal sistem­lərinin qurulması iqtisadi fəaliyyətin ayrılmaz hissəsinə çevrilir. Bu model həm ekoloji təh­lükəsizliyin təmin edilməsinə, həm də iqtisadi səmərəliliyin yüksəldilməsinə xidmət edir.

Digər mühüm istiqamət iqlim dəyişmələ­rinin səhiyyəyə təsirləridir. Temperaturun yüksəlməsi, hava çirklənməsi, içməli su çatış­mazlığı və ekstremal hava hadisələri insanla­rın sağlamlığı üçün əlavə risklər yaradır. İsti hava dalğaları xüsusilə yaşlı insanlar, uşaqlar və xroniki xəstəlikləri olan şəxslər üçün təh­lükəlidir. Buna görə də iqlim siyasətinin sə­hiyyə strategiyaları ilə uzlaşdırılması müasir dövlət idarəçiliyinin mühüm vəzifələrindən birinə çevrilir.

“Paris sazişi”nin icrasında yeni mərhələ

Beynəlxalq iqlim əməkdaşlığının səmərə­liliyi yalnız qəbul edilən qərarlardan deyil, həm də ölkələrin həmin qərarların icrası barə­də təqdim etdikləri məlumatların etibarlılığın­dan asılıdır. Paris sazişi çərçivəsində yaradıl­mış şəffaflıq mexanizmi dövlətlərin istixana qazı emissiyalarını, milli iqlim öhdəliklərinin icrasını, görülən tədbirləri və əldə olunan nə­ticələri müntəzəm şəkildə təqdim etməsini nəzərdə tutur.

İkiillik Şəffaflıq Hesabatları bu baxımdan mühüm vasitədir. Hesabatlar ölkələrin emis­siyaların azaldılması istiqamətində gördüyü işləri qiymətləndirməyə, mövcud problemlə­ri müəyyənləşdirməyə və gələcək tədbirlərin səmərəliliyini artırmağa imkan yaradır.

Azərbaycanın da bu prosesdə iştirakı ölkə­mizin beynəlxalq iqlim öhdəliklərinə münasi­bətinin mühüm göstəricisidir. Emissiyaların inventarlaşdırılması üzrə 1990 – 2024-cü illəri əhatə edən məlumatların təqdim edilməsi milli iqlim göstəricilərinin sistemli şəkildə qiymət­ləndirilməsi baxımından əhəmiyyətlidir.

Şəffaflıq mexanizminin digər üstünlüyü ondan ibarətdir ki, o, ölkələrin yalnız vədlə­rini deyil, həmin vədlərin icrası istiqamətində əldə olunan real nəticələri də müqayisə et­məyə imkan verir.

Bu isə beynəlxalq iqlim siyasətində qarşı­lıqlı etimadın möhkəmləndirilməsinə xidmət edir. Çünki iqlim dəyişmələri ilə mübarizə ayrı-ayrı dövlətlərin fərdi səyləri ilə həll edilə biləcək problem deyil. Burada bütün tərəflərin üzərinə götürdükləri öhdəliklərə əməl etməsi və fəaliyyətlərinin nəticələrini şəffaf şəkildə gerçəkləşdirməsi vacibdir.

Vaqif BAYRAMOV

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью