Bakının COP diplomatiyası qlobal “yaşıl” keçidə önəmli töhfələr verir
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) aparılan müzakirələr qlobal iqlim dəyişmələri ilə bağlı beynəlxalq səviyyədə qəbul edilən bəyanatlar, qarşıya qoyulan hədəflər və siyasi öhdəliklərin, sadəcə, diqqətə çatdırılması ilə məhdudlaşmadı.
Əsas məsələ həmin öhdəliklərin real nəticələrə çevrilməsi, iqlim maliyyəsinin konkret layihələrə yönəldilməsi, enerji sistemlərinin transformasiyası və ekoloji problemlərin sosial-iqtisadi inkişaf strategiyaları ilə uzlaşdırılması idi və bu, uğurla gerçəkləşdirildi.
Dünya dövlətlərinin iqlim dəyişmələri ilə mübarizə sahəsində qarşılaşdıqları problemlər getdikcə daha mürəkkəb xarakter alır. Qlobal istiləşmənin sürətlənməsi, ekstremal hava hadisələrinin intensivləşməsi, su ehtiyatlarının azalması, biomüxtəlifliyin itirilməsi, ərzaq təhlükəsizliyinə təhdidlərin yaranması və ekoloji tarazlığın pozulması beynəlxalq əməkdaşlığın yeni mərhələyə keçməsini zəruri edir. Belə bir şəraitdə keçirilən hər bir COP konfransı əvvəlki toplantılarda əldə olunan razılaşmaların davam etdirilməsi ilə yanaşı, yeni çağırışlara uyğun fəaliyyət mexanizmlərinin formalaşdırılması baxımından da mühüm əhəmiyyət daşıyır.
Xatırladaq ki, təxminən, 200 ölkənin iştirak etdiyi Antalya konfransında əsas müzakirələr iqlim öhdəliklərinin yerinə yetirilməsi, maliyyə resurslarının səfərbər olunması, enerji keçidinin sürətləndirilməsi, həssas ölkələrin müdafiəsi və sosial baxımdan ədalətli transformasiyanın gerçəkləşdirilməsi məsələləri ətrafında aparıldı. Türkiyənin ev sahibliyi, danışıqlara isə Avstraliyanın sədrlik etdiyi bu prosesdə beynəlxalq iqlim diplomatiyası tərəfdaşlığının və ortaq məsuliyyətin əhəmiyyəti bir daha diqqətə çatdırıldı.
Antalya konfransında müzakirələrin mühüm hissəsi əvvəlki illərdə, xüsusilə də Bakıda keçirilən COP29-da qəbul edilən qərarların əməli icrasına yönəldildi. Bu isə Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirin nəticələrinin təkcə bir konfrans çərçivəsində qalmadığını, sonrakı iqlim danışıqlarının məzmununa və istiqamətlərinə təsir göstərdiyini təsdiqlədi.
Ekoloji siyasətdə varislik
Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməsi ölkəmizin beynəlxalq iqlim prosesində mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm hadisə idi. Bakı konfransı mürəkkəb geosiyasi şəraitdə, inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərin fərqli maraqlarının toqquşduğu bir dövrdə keçirilsə də, mühüm razılaşmaların əldə olunmasına nail oldu.
COP29-un ən əhəmiyyətli nəticələrindən biri iqlim maliyyəsi hədəfinin qəbul edilməsi idi. Bu qərarda inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan dövlətlərə iqlim fəaliyyəti üçün 2035-ci ilədək hər il azı 300 milyard dollar maliyyə vəsaiti yönəltməsi öz ifadəsini tapdı. Bununla yanaşı, bütün maliyyə mənbələrindən istifadə etməklə iqlim maliyyəsinin 2035-ci ilədək illik 1,3 trilyon dollar səviyyəsinə çatdırılması istiqamətində ümumi hədəf müəyyənləşdirildi.
Bu rəqəmlərin əhəmiyyəti təkcə maliyyə göstəriciləri ilə ölçülmür. Məsələ ondadır ki, iqlim dəyişmələrinin nəticələri ilə mübarizə aparmaq üçün xüsusilə inkişaf etməkdə olan ölkələrin böyük investisiya resurslarına ehtiyacı var. Həmin dövlətlərin bir çoxu iqlim dəyişmələrinin nəticələrindən daha çox zərər çəksələr də, onların ekoloji problemlərin həllinə yönəldə biləcəkləri maliyyə imkanları məhduddur. Məhz buna görə də COP29-da qəbul edilən maliyyə qərarı beynəlxalq iqlim əməkdaşlığında yeni mərhələnin başlanğıcı kimi diqqət çəkir.
Bakıdan sonra Braziliyanın Belém şəhərində keçirilən COP30-da bu maliyyə hədəfinin həyata keçirilməsi istiqamətində hazırlanan “Bakıdan Belémə 1,3 trilyon dollarlıq Yol Xəritəsi” təqdim edildi. Sənəddə dövlət və özəl sektorun maliyyə imkanlarının birləşdirilməsi, güzəştli kreditlərin, qrantların, beynəlxalq maliyyə institutlarının resurslarının və innovativ maliyyə mexanizmlərinin genişləndirilməsi kimi istiqamətlər ön plana çəkildi.
Beləliklə, Bakı konfransında müəyyənləşdirilən maliyyə hədəfi sonrakı beynəlxalq danışıqların əsas mövzularından birinə çevrildi. Antalyada aparılan müzakirələr də bu yol xəritəsinin real investisiya layihələri ilə əlaqələndirilməsi, maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və onların istifadəsində şəffaflığın təmin edilməsi baxımından böyük əhəmiyyətə malik idi.
Burada bir məqamı xüsusi vurğulamaq lazımdır. Belə ki, 1,3 trilyon dollarlıq hədəf təkcə maliyyə vəsaitlərinin toplanılmasını deyil, həm də onların səmərəli bölüşdürülməsini tələb edir. İnkişaf etməkdə olan ölkələrin iqlim layihələrinə çıxışının asanlaşdırılması, maliyyələşmə şərtlərinin əlçatan olması və borc yükünün artırılmaması gələcək fəaliyyətin əsas prinsiplərindən biri olması zərurətini önə çıxarır.
Öhdəliklərdən “yaşıl” quruculuğa
Antalya konfransında diqqət mərkəzində saxlanılan məsələlərdən biri də iqlim maliyyəsinin əməli nəticələrə çevrilməsi oldu. Bu prinsip beynəlxalq səviyyədə müəyyənləşdirilən maliyyə hədəflərinin əhəmiyyətinin onların real iqtisadi və ekoloji nəticələr yaratmasından asılılığını bir daha təsdiqlədi.
İqlim maliyyəsi təkcə Günəş və külək elektrik stansiyalarının tikintisinə ayrılan vəsaitlərdən ibarət deyil. Bu anlayışa su təsərrüfatının yenilənməsi, kənd təsərrüfatının iqlim dəyişmələrinə uyğunlaşdırılması, meşələrin bərpası, sahilyanı ərazilərin qorunması, enerji səmərəliliyinin artırılması, tullantıların idarə olunması və ekoloji infrastrukturun qurulması da daxildir.
Xüsusilə inkişaf etməkdə olan ölkələr üçün bu maliyyənin əlçatan olması böyük əhəmiyyət daşıyır. Çünki iqlim dəyişmələrinin nəticələri həmin dövlətlərin iqtisadiyyatına, əhalinin sosial vəziyyətinə və ərzaq təhlükəsizliyinə birbaşa təsir göstərir.
COP29-da əldə olunan razılaşmaların mühüm tərəflərindən biri də bu məsələyə beynəlxalq məsuliyyət baxımından yanaşılması idi. Bakıdan Belémə uzanan maliyyə yol xəritəsi isə qarşıya qoyulan hədəflərin həyata keçirilməsi üçün mümkün maliyyə mənbələrini və hüquqi mexanizmləri sistemləşdirməyə xidmət edirdi.
Antalyada bu istiqamətdə aparılan müzakirələr gələcək mərhələdə əsas diqqətin maliyyə resurslarının səfərbər edilməsindən əlavə, onların konkret layihələrə çatdırılması mexanizmlərinin təkmilləşdirilməsinə yönəldilməsinin zəruriliyini göstərdi. Bu baxımdan müzakirələrdə itkilər və zərərlərlə mübarizə üzrə maliyyə mexanizmlərinin fəaliyyətinə toxunulması da xüsusi diqqət çəkdi. İqlim dəyişmələrinin təsirindən daha çox zərər görən ölkələrin dəstəklənməsi, təbii fəlakətlərdən sonra bərpa işlərinin maliyyələşdirilməsi və risklərin azaldılması beynəlxalq həmrəyliyin mühüm göstəricisi kimi bir daha təsdiqini tapdı.
Enerji şaxələndirməsinə sosial yanaşma
COP31 müzakirələrində maraq doğuran digər istiqamət ədalətli enerji keçididir. Bu anlayış iqtisadiyyatın aşağı karbonlu inkişaf modelinə transformasiyasının sosial nəticələrinin nəzərə alınmasını nəzərdə tutur. Məlumdur ki, dünya iqtisadiyyatının ənənəvi enerji mənbələrindən bərpaolunan enerjiyə keçidi genişmiqyaslı struktur dəyişiklikləri tələb edir. Bu proses yeni istehsal sahələrinin yaranmasına, əmək bazarının yenilənməsinə, investisiya axınlarının istiqamətinin dəyişməsinə və bir sıra ənənəvi sənaye sahələrinin fəaliyyət modelinin transformasiyasına gətirib çıxarır.
Lakin enerji keçidi təkcə texnoloji və iqtisadi məsələ deyil. Onun sosial nəticələri də ciddi şəkildə nəzərə alınmalıdır. Xüsusilə neft-qaz və kömür sənayesində çalışan insanların məşğulluğunun qorunması, yeni peşələrə yiyələnməsi və sosial müdafiəsinin gerçəkləşdirilməsi vacibdir. Ədalətli keçid prinsipi də məhz bu zərurətdən irəli gəlir. Məqsəd ekoloji baxımdan daha dayanıqlı iqtisadiyyat qurmaqla yanaşı, həmin prosesin yaratdığı sosial riskləri minimuma endirməkdir.
Antalyada bu istiqamətdə müzakirə edilən təşəbbüslər ölkələrin milli iqlim planlarında sosial müdafiə, peşə hazırlığı, yenidən ixtisaslaşma və yerli icmaların maraqlarının nəzərə alınmasını aktuallaşdırır. Bu yanaşma daha çox enerji resurslarından iqtisadiyyatın inkişafında mühüm vasitə kimi istifadə edən ölkələr üçün əhəmiyyətlidir. Çünki belə dövlətlər qarşısında enerji təhlükəsizliyinin qorunması ilə bərabər, iqtisadiyyatın şaxələndirilməsi və yeni texnologiyaların tətbiqi istiqamətində də ardıcıl siyasət həyata keçirilməsi mühüm vəzifə kimi durur.
Azərbaycanın enerji strategiyası da bu baxımdan maraqlı nümunədir. Ölkəmiz ənənəvi enerji resurslarından səmərəli istifadə etməklə yanaşı, bərpaolunan enerji potensialının reallaşdırılmasına, enerji infrastrukturunun yenilənməsinə və “yaşıl” iqtisadiyyatın inkişafına xüsusi diqqət yetirir. Belə bir model enerji keçidinin mərhələli, iqtisadi imkanlar və milli maraqlar nəzərə alınmaqla həyata keçirilməsinin əhəmiyyətini göstərir.
“1,5 dərəcə” hədəfi
Antalya konfransının əsas müzakirə istiqamətlərindən biri də Paris Sazişində müəyyənləşdirilmiş qlobal istiləşmənin sənayedən əvvəlki dövrlə müqayisədə “1,5 dərəcə” ilə məhdudlaşdırılması hədəfidir. Elmi araşdırmalar göstərir ki, qlobal temperatur artımının bu həddə yaxınlaşması və onu aşması iqlim risklərini daha da gücləndirir. Quraqlıqların, daşqınların, istilik dalğalarının və digər ekstremal hava hadisələrinin intensivləşməsi ekosistemlərə, iqtisadiyyata və insanların həyat şəraitinə ciddi təsir edir.
Buna görə də istixana qazı emissiyalarının azaldılması beynəlxalq iqlim siyasətinin başlıca istiqamətlərindən biri kimi diqqət çəkir. Bu məqsədə nail olmaq üçün bərpaolunan enerji mənbələrinin payının artırılması, elektrik şəbəkələrinin genişləndirilməsi, enerji saxlama sistemlərinin yaradılması və ölkələrarası enerji əlaqələrinin gücləndirilməsi vacibdir.
Hazırda dünyanın bir çox ölkəsində Günəş və külək enerjisi layihələrinin genişləndirilməsi ilə yanaşı, istehsal olunan enerjinin etibarlı şəkildə ötürülməsi və saxlanılması məsələsi də aktualdır. Çünki bərpaolunan enerji mənbələrinin istehsal imkanları hava şəraitindən asılıdır. Bu isə enerji sistemlərində çevik idarəetmə mexanizmlərinin və müasir infrastrukturun yaradılmasını tələb edir.
COP29-da enerji şəbəkələrinin inkişafı və “yaşıl” enerji dəhlizlərinin yaradılması ilə bağlı müzakirələr bu baxımdan mühüm əhəmiyyət daşıyırdı. Antalyada isə həmin istiqamətdə əməkdaşlığın konkret layihələr və regional bağlantılar səviyyəsində genişləndirilməsi məsələsi ön planda yer almışdı.
Azərbaycan üçün də bu proses xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizin külək və Günəş enerjisi potensialı, Xəzər dənizinin enerji imkanları, əlverişli coğrafi mövqeyi və regional nəqliyyat-kommunikasiya əlaqələri “yaşıl” enerji sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaradır. Azərbaycanın Avropaya enerji ixracında mövcud mövqeyi, ənənəvi enerji infrastrukturunun inkişafı və gələcəkdə “yaşıl” enerji təchizatçısına çevrilmək perspektivi ölkəmizin enerji diplomatiyasının yeni mərhələsini formalaşdırır.
Bu baxımdan “yaşıl” enerji dəhlizləri təkcə elektrik enerjisinin bir ölkədən digərinə ötürülməsi vasitəsi deyil. Onlar həm də regional iqtisadi inteqrasiyanın, texnoloji əməkdaşlığın və enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edən strateji layihələrdir.
Sıfır tullantı və sağlam dünya
Antalya konfransında diqqəti cəlb edən məsələlərdən biri də tullantıların idarə olunması və səhiyyə problemlərinin iqlim müzakirələri ilə daha sıx əlaqələndirilməsi idi.
Çünki tullantıların düzgün idarə edilməməsi ətraf mühitin çirklənməsinə, torpaq və su ehtiyatlarının keyfiyyətinin pisləşməsinə, atmosferə zərərli qazların atılmasına səbəb olur. Xüsusilə üzvi tullantıların poliqonlarda parçalanması nəticəsində yaranan metan qazı qlobal istiləşməyə təsir göstərən mühüm amillərdən biridir. Bu baxımdan sıfır tullantı yanaşmasının beynəlxalq iqlim gündəliyində daha geniş yer tutması müsbət tendensiyadır.
Sıfır tullantı konsepsiyası istehsal və istehlak proseslərində resurslardan maksimum səmərəli istifadəni, məhsulların təkrar emalını, tullantıların minimuma endirilməsini və dairəvi iqtisadiyyatın inkişafını nəzərdə tutur. Dairəvi iqtisadiyyat modelində isə istehsal prosesi yalnız məhsulun hazırlanması və istehlakı ilə başa çatmır. İstifadə olunmuş materialların yenidən istehsala qaytarılması, resurs itkilərinin azaldılması və təkrar emal sistemlərinin qurulması iqtisadi fəaliyyətin ayrılmaz hissəsinə çevrilir. Bu model həm ekoloji təhlükəsizliyin təmin edilməsinə, həm də iqtisadi səmərəliliyin yüksəldilməsinə xidmət edir.
Digər mühüm istiqamət iqlim dəyişmələrinin səhiyyəyə təsirləridir. Temperaturun yüksəlməsi, hava çirklənməsi, içməli su çatışmazlığı və ekstremal hava hadisələri insanların sağlamlığı üçün əlavə risklər yaradır. İsti hava dalğaları xüsusilə yaşlı insanlar, uşaqlar və xroniki xəstəlikləri olan şəxslər üçün təhlükəlidir. Buna görə də iqlim siyasətinin səhiyyə strategiyaları ilə uzlaşdırılması müasir dövlət idarəçiliyinin mühüm vəzifələrindən birinə çevrilir.
“Paris sazişi”nin icrasında yeni mərhələ
Beynəlxalq iqlim əməkdaşlığının səmərəliliyi yalnız qəbul edilən qərarlardan deyil, həm də ölkələrin həmin qərarların icrası barədə təqdim etdikləri məlumatların etibarlılığından asılıdır. Paris sazişi çərçivəsində yaradılmış şəffaflıq mexanizmi dövlətlərin istixana qazı emissiyalarını, milli iqlim öhdəliklərinin icrasını, görülən tədbirləri və əldə olunan nəticələri müntəzəm şəkildə təqdim etməsini nəzərdə tutur.
İkiillik Şəffaflıq Hesabatları bu baxımdan mühüm vasitədir. Hesabatlar ölkələrin emissiyaların azaldılması istiqamətində gördüyü işləri qiymətləndirməyə, mövcud problemləri müəyyənləşdirməyə və gələcək tədbirlərin səmərəliliyini artırmağa imkan yaradır.
Azərbaycanın da bu prosesdə iştirakı ölkəmizin beynəlxalq iqlim öhdəliklərinə münasibətinin mühüm göstəricisidir. Emissiyaların inventarlaşdırılması üzrə 1990 – 2024-cü illəri əhatə edən məlumatların təqdim edilməsi milli iqlim göstəricilərinin sistemli şəkildə qiymətləndirilməsi baxımından əhəmiyyətlidir.
Şəffaflıq mexanizminin digər üstünlüyü ondan ibarətdir ki, o, ölkələrin yalnız vədlərini deyil, həmin vədlərin icrası istiqamətində əldə olunan real nəticələri də müqayisə etməyə imkan verir.
Bu isə beynəlxalq iqlim siyasətində qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edir. Çünki iqlim dəyişmələri ilə mübarizə ayrı-ayrı dövlətlərin fərdi səyləri ilə həll edilə biləcək problem deyil. Burada bütün tərəflərin üzərinə götürdükləri öhdəliklərə əməl etməsi və fəaliyyətlərinin nəticələrini şəffaf şəkildə gerçəkləşdirməsi vacibdir.
Vaqif BAYRAMOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 21 Noyabr 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















