Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakının mərkəzində söküntü işləri aparan daha bir şirkətlə sakinlər arasında qalmaqal yaşanır.
Metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında yaşayan bir qrup sakin evlərindən çıxmaq istəmədiklərinə görə məhkəməyə verilib.
Bizimyol.info xəbər verir ki, “Lux Residence” MMC rəhbərliyi şirkətlə razılaşmayan sakinlərin məcburi şəkildə evlərindən çıxarılması tələbi ilə məhkəmədə iddia qaldırıb.
Şirkət iddia edir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 2020-ci ildə imzaladığı sərəncamla 4.20 hektar torpaq sahəsində (icarə əsasında) yaşayış binaları və qeyri-yaşayış sahələrinin tikintisi üçün “Lux Residence” şirkətinə icazə verilib.
Həmin 4.20 hektarlıq ərazi paytaxtın Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin kəsişməsində yerləşir.
Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan Dövlət Layihə İnstitutunun - “Azərdövlətsənayelayihə”nin mütəxəssislərindən də rəy alınıb ki, ərazidəki evlər uzun müddət təmirsiz istismar edildiyinə görə köhnəlib və fiziki aşınmaya məruz qalıb, əsas divarlarda çatlar var, kommunikasiya sistemləri – elektrik, su və kanalizasiya xətləri köhnəlmiş və yararsız vəziyyətdədir.
Sərəncama əsasən, oradakı köhnə tikililərin sökülməsi, sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi məsələsi “Lux Residence” MMC-yə həvalə olunub.