Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Soyuq qış günlərində bəzi “ağıllı" dayanacaqlarda kondisioner sistemlərinin işləməməsi sərnişinlərin narahatlığına səbəb olur.
Halbuki yüksək büdcə ilə quraşdırılan bu dayanacaqlar məhz sərnişinlərə komfortlu şərait yaratmaq məqsədi daşıyırdı. Lakin mövcud vəziyyət göstərir ki, texniki nasazlıqlar və xidmət problemləri hələ də tam aradan qaldırılmayıb.
Dayanacaq pavilyonlarında yerləşdirilən elanlarda “yaranmış nasazlıqla bağlı qeyd olunan nömrəyə məlumat verin” çağırışı diqqət çəkir. Bu isə sistemin tez-tez sıradan çıxdığını və məsul qurumların problemi sərnişinlərin müraciətləri əsasında həll etməyə çalışdığını göstərir.
Bəs “ağıllı dayanacaqların” niyə texniki vəziyyətinə nəzarət zəifdir?
Mövzu ilə bağlı "Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, Bakı şəhərində 30-dan çox smart tipli avtobus dayanacaq pavilyonu quraşdırılıb:
“Gələcəkdə bu cür dayanacaqların sayının artırılması nəzərdə tutulmur. Əvəzində AYNA tərəfindən vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə yeni dayanacaq pavilyonları quraşdırılaraq istifadəyə verilir.
AYNA tərəfindən smart tipli pavilyonlara nəzarət məqsədilə dövri texniki baxışlar həyata keçirilir. Eyni zamanda, vətəndaşlardan daxil olan müraciətlər əsasında da operativ araşdırmalar aparılır, bütün nöqsan və çatışmazlıqlar aradan qaldırılır”.
O qeyd edib ki, ümumiyyətlə, paytaxt ərazisindəki bütün dayanacaqlarla bağlı mütəmadi olaraq monitorinqlər aparılır:
“Müxtəlif zamanlarda kənar müdaxilələr nəticəsində pavilyonun konstruksiyaları və elementləri zədələnir və sıradan çıxarılır, bəzi hallarda isə müxtəlif şəxslər tərəfindən məqsədli şəkildə əmlaka ziyan vurulur. Dövlət əmlakına ziyanın vurulması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət də olunur”.
Gülər Həsənli
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin