Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Övladlarının dönüşü kəndi xoş günlərinə qaytarır Xocalı rayonunun Ballıca kəndi yanvar ayının son günündə növbəti dəfə bayram əhval-ruhiyyəsinə qərq oldu.
Burada daimi məskunlaşmış sakinlər kənd meydanına toplaşaraq sonsuz sevinc və iftixar hissi ilə yeni gələn həmkəndlilərini, qohum-əqrəbalarını qarşıladılar.
Şanlı qələbələrimizin memarı, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, daha 94 nəfər keçmiş məcburi köçkünün doğma yurd həsrətinə son qoyuldu, daha 22 evin işıqları yandırıldı, ocaqları qalandı.
Bundan sonra 31 yanvar tarixi həmin insanların yaddaşında əbədi olaraq Qarabağ nisgilinin bitdiyi gün - doğma yurda qayıdış günü kimi həkk olunacaq.
Beləliklə də, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində yenidən qurulan Ballıca kəndinə köçən ailələrin sayı 90-a çatdı, 467 nəfər Xocalı sakininin yeni evlərində yeni, xoşbəxt günlərinin təməli atıldı...
Daimi məskunlaşmaq üçün Ballıcaya köçən sakinlərin qarşılanması və açarların təqdimatı mərasimində kənd əhalisi ilə yanaşı, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak etdilər.
Mərasimdə çıxış edən Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli ballıcalıları təbrik etdi, onlara gözaydınlığı verdi.