Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı Dövlət Universiteti (BDU) və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə 8 noyabr – Zəfər Gününə həsr olunmuş “Əbədi qəhrəmanlar” adlı tədbir keçirilib.
"Unikal" xəbər verir ki, əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, tariximizin ən qüdrətli səhifələrindən olan Zəfər Günü gələcək nəsillərə vətənpərvərlik və azadlıq uğrunda əbədi mübarizə ruhunu ötürür.
Azərbaycan xalqı bu şanlı qələbəni Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun misilsiz qəhrəmanlığı, əsgər və zabitlərimizin canı-qanı hesabına əldə edib: “Azərbaycanın bugünkü nailiyyətlərinin, şanlı qələbəmizin təməlində əsası 1993-cü ildə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz xalq-iqtidar birliyi dayanır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müqəddəs ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqımızın ən böyük taleyüklü məsələsi birdəfəlik həllini tapdı.
Ölkə başçısı tərəfindən 21 il öncə müəyyən olunmuş bütün vəzifələr uğurla icra edildi”.
Rektor diqqətə çatdırıb ki, Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi.