Icma.az bildirir, Gununsesi portalına istinadən. Bərdə rayonunda torpaq bölgüsü və icarəsi ilə bağlı ciddi qanunsuzluqlar var.
Rayonda fəaliyyət göstərən bir qrup fermer və torpaq sahibi Gununsesi.info-ya müraciət edərək, yerli icra strukturlarının proseslərə qanunsuz müdaxiləsindən narahatlıqlarını bildiriblər.
İddialara görə, Bərdə rayonunda bələdiyyə torpaqlarının icarəsi zamanı qanunvericilik tələbləri nəzərə alınmır: “Bərdə rayonunda bələdiyyə torpaqlarından istifadə və icarə prosesi artıq uzun müddətdir ki, qanunlara deyil, bəzi məmurların şəxsi qərarlarına əsasən həyata keçirilir.
Rayon rəhbərliyi tərəfindən qanunsuz şəkildə tələbat qoyulub ki, guya vətəndaşlar bələdiyyə torpaqlarından 5 ildən artıq müddətə istifadə edə bilməzlər.
Halbuki mövcud qanunvericilikdə belə bir məhdudiyyət nəzərdə tutulmayıb.
Bu şərt fermerlərin planlı kənd təsərrüfatı fəaliyyəti üçün ciddi maneə yaradır.
Ən narahatedici məqamlardan biri odur ki, torpaq icarəsinə dair keçirilən hərraclara bəzən torpaqdan faktiki istifadə edən şəxsdən əlavə, məqsədli şəkildə kənar adamlar da daxil edilir.
Bu, şəffaflıq prinsipinə ziddir və yerli icra strukturlarının prosesə qeyri-qanuni müdaxiləsi ilə həyata keçirilir”.