Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün ölkə gündəmini vərəqləyərkən diqqətimi iki xəbər çəkdi. İlk baxışda bir-birindən tamamilə uzaq, amma mahiyyətcə eyni kökdən bəslənən iki xəbər...
Birincisi, xaricdə təhsil və köç adı altında yüzlərlə ailənin etibarından istifadə edildiyi iddia olunan “AİD Group” qalmaqalı və onun illərlə televiziya ekranlarından tanıdığımız siması Nigar Fərhad. İkincisi isə Mətbuat Şurasının sədri Rəşad Məcidin 85 yaşlı anasının kitabdan uzaqlaşıb “TikTok” videolarına aludə olması ilə bağlı səmimi gileyinə aparıcı Zaur Baxşəliyevin cavabı: “Dünya süni intellekt dövrünə keçir, siz hələ “TikTok”u müzakirə edirsiniz? “Relax” olun...”
İki fərqli hadisə, amma eyni acı mənzərə: Biz yenə ekrandakı parıltıya aldanmışıq.
Bu iki xəbəri birləşdirən əsas xətt onları həyatımıza, evimizin yuxarı başına eyni qapıdan buraxmağımızdır. Televiziya ekranından və o ekranın ətrafında süni şəkildə toxunan o “toxunulmazlıq” haləsindən...
Birinə baxıb “bu adam müdrikdir”, digərinə baxıb “bu qadın etibarlıdır” dedik. Heç birinin mahiyyətinə bələd olmadan, sadəcə təqdim etdikləri obrazı yerə düşən çörək kimi öpüb gözümüzün üstünə qoyduq.
Hər ikisinin efirdə illərlə formalaşdırdığı illüziyaya baxanda ssenarinin eyniliyi adamı təəccübləndirmir. Biri özünü cəmiyyətin “mədəniyyət polisi” elan edib insanların şəxsi həyatını müzakirə etməyi, kimə necə yaşamağı öyrətməyi norma saydı. Digəri isə akademik təcrübəsini, xarici diplomlarını və televiziya nüfuzunu etibarın ən güclü arqumentinə çevirdi. Hər ikisi eyni üstünlükdən — ekrandan süzülən toxunulmazlıq kreditindən pay aldı.
Biz isə qəribə bir ziddiyyətin daşıyıcısıyıq. Uşağımıza dərs deyəcək müəllimi həftələrlə araşdırır, ev alanda sənədləri hüquqşünasa göstərir, həkim seçəndə on adamdan rəy alırıq. Amma ekranda görünən birinə inanmaq üçün cəmi bir neçə parlaq titul, səlis nitq və bahalı studiya dekorasiyası kifayət edir.
Prestijli universitetlər insana bilik verə bilər, analitik düşüncə formalaşdırar, nitq mədəniyyəti aşılayar. Amma vicdanı və ləyaqəti tədris edən heç bir magistr proqramı yoxdur. Empatiyanın diplomu olmur. Bu sadə həqiqətlə isə yalnız iş-işdən keçəndən sonra üzləşirik.
Rəşad Məcidin anası barədə yazdığı status da əslində sosial şəbəkə haqqında deyildi. O status kitabın evlərimizdən sakitcə sıxışdırılıb çıxarılması, təfəkkürümüzün 15 saniyəlik videolara təslim olması haqqında həyəcan təbili idi. Ona “relax olun” cavabını verən aparıcı isə əslində öz kontentini müdafiə edir, o gileyin hər sətrində öz fəaliyyətinin güzgüsünü görürdü.
Süni intellekt dövründə yaşamağımız həqiqətdir. Amma mütaliəni dayandırmış cəmiyyətin əlində süni intellekt də sadəcə bahalı və təhlükəli bir oyuncaqdır. Düşünməyi dayandıran insanın texnologiyası inkişaf edə bilər, özü yox.
Bizim bu halımız mənə Hans Xristian Andersenin məşhur “Kralın yeni libası” nağılını xatırladır. İki fırıldaqçı kral üçün yalnız ağıllı insanların görə biləcəyi xüsusi görünməz parçadan paltar toxuduqlarını iddia edir. Bütün cəmiyyət sırf “cahil” görünməmək üçün gözünün gördüyü çılpaqlığı yox, qulağının eşitdiyi yalanı təsdiqləyir. Yalnız bir uşağın “kral çılpaqdır!” nidası həmin kütləvi illüziyanı darmadağın edə bilir. Bu gün bizim mediamız və sosial şəbəkələrimiz də eyni toxuculuqla məşğuldur. Bizə “status”, “etibar” və “mədəniyyət” adı altında görünməz libaslar satılır. Hər kəs başqasının alqışladığını görüb susur, gözünün qabağındakı saxtakarlığı yox, onun ssenarisini alqışlayır. Çünki etiraz etmək — böyük riskdir!
Digər tərəfdə isə vəziyyət daha faciəvidir. Xaricdə oxumaq, işləmək, yeni gələcək qurmaq istəyən insanlar sənədlərini, illərlə topladıqları vəsaitlərini və ən əsası ümidlərini Nigar Fərhadın parıltılı imicinə həvalə etdilər. O isə insanların ən təmiz arzusunu fürsətə çevirdi. Nəticədə mənimsənilən təkcə külli miqdarda pullar olmadı, kim nə deyir desin, bu, adi maliyyə dələduzluğu deyil, daha ağırıdır - mənəvi cinayətdir.
Biz diplomu xarakter hesab etdik, reytinqi peşəkarlıq, ekranı isə mütləq həqiqət... Sonra da təəccüblə soruşuruq: “bizi kim aldatdı?”
Bəlkə də sualı dəyişməyin vaxtı çoxdan çatıb: Biz onlara niyə inandıq?..
Nərmin Dadaşova
Xüsusi olaraq “Qafqazinfo” üçün