Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Siz kəndlərin “təbii şəkildə” yoxa çıxdığını düşünürsünüz? Xeyr. Bu prosesə yalnız demoqrafik dəyişikliklər və iqtisadi səbəblər prizmasından baxmaq düzgün deyil. Məsələnin daha dərin tərəfi də var: öz torpağı, suyu, bağı, bostanı və mal-qarası olan insanın müstəqilliyi.
Öz quyusu, bostanı, bağı, heyvanları və ərzaq ehtiyatı olan insan gündəlik həyatını təmin etmək üçün sistemdən tam asılı deyil. O, müəyyən mənada avtonomdur. Şəhərdə yaşayan və bütün ehtiyaclarını bazardan ödəməyə məcbur olan insandan fərqli olaraq, özünün istehsal etdiyi məhsulla dolana bilir.
Müasir istehlak cəmiyyətinin ideal modeli isə hər gün bazara üz tutan, qazandığı pulun böyük hissəsini istehlaka xərcləyən və gündəlik tələbatını ödəmək üçün daim gəlir əldə etməyə məcbur olan insandır.
“Yeməyə abunə” – gündəlik asılılığın görünməyən tərəfiKənddə yaşayan insan müəyyən müddət pul xərcləmədən də dolana bilər. Bağından meyvə, bostanından tərəvəz, həyətində saxladığı heyvanlardan süd, yumurta və ət əldə edə bilər. Qış üçün ərzaq ehtiyatı da hazırlaya bilər.
Şəhərdə isə vəziyyət fərqlidir. İnsan supermarketdən, ərzaq mağazasından və çatdırılma xidmətlərindən asılı vəziyyətə düşür. Bir-iki gün alış-veriş edə bilməsə, gündəlik həyatında ciddi çətinliklərlə üzləşə bilər.
Təsəvvür edin: bank kartınız bloklanır, mağazalara ərzaq tədarükü dayanır və ya müəyyən səbəbdən ticarət obyektləri fəaliyyətini müvəqqəti dayandırır. Belə vəziyyətdə şəhər sakininin ərzaq ehtiyatı nə qədər davam edəcək?
Böyük şəhərlərin ərzaq təchizatı fasiləsiz logistika sistemindən asılıdır. Mağazaların rəfləri daim yenilənməsə, qısa müddətdə ciddi çatışmazlıq yarana bilər. Beləliklə, insan özünü müstəqil hesab etsə də, əslində gündəlik həyatını təmin edən mürəkkəb təchizat zəncirindən asılıdır.
“Beton qutu” tələsi: rahatlıq, yoxsa asılılıq?Son illərin müxtəlif böhranları bir həqiqəti göstərdi: böyük şəhərlərin həyat sistemi nə qədər mürəkkəb və həssasdırsa, onun dayanması da bir o qədər ciddi nəticələr doğura bilər.
Elektrik enerjisinin kəsilməsi, su təchizatında yaranan problem, istilik sisteminin dayanması və nəqliyyatın iflic olması çoxmərtəbəli binalarda yaşayan insanların həyatını çətinləşdirir.
Torpaq sahəsi olan fərdi ev isə müəyyən üstünlüklərə malikdir. Həyətində su ehtiyatı, alternativ istilik mənbəyi, bostanı və ərzaq anbarı olan ailə belə vəziyyətlərdə daha hazırlıqlı ola bilər.
Şəhər insanı bütün kommunal xidmətlərin fasiləsiz işləməsinə öyrəşib. Bu xidmətlərdən biri dayandıqda isə gündəlik ehtiyaclarını qarşılamaq belə problemə çevrilə bilər.
Qara torpaq əvəzinə plastik: öz məhsulumuzdan niyə uzaqlaşırıq?Azərbaycan münbit torpaqları, əlverişli iqlimi və kənd təsərrüfatı ənənələri ilə seçilən ölkədir. Buna baxmayaraq, cəmiyyətin əhəmiyyətli hissəsi öz ərzaq məhsullarını istehsal etməkdən getdikcə uzaqlaşır.
Bir vaxtlar hər ailənin həyətində bağ, bostan, toyuq-cücə, bəzən də mal-qara saxlamaq adi hal idi. İndi isə bir çox insan bütün ərzaq ehtiyaclarını supermarketlərdən ödəyir.
Nəticədə istehlakçı ilə istehsalçı arasındakı məsafə böyüyür. İnsan məhsulun harada, necə və hansı şəraitdə yetişdirildiyini bilmir. Qiymətlərin formalaşmasına, məhsulun keyfiyyətinə və bazardakı təklifə təsir etmək imkanları da məhdudlaşır.
Kənd torpaqlarının istifadəsiz qalması, əkin sahələrinin azalması və kənd təsərrüfatında istehsalın müəyyən iri təsərrüfatlarda cəmləşməsi isə ərzaq təhlükəsizliyi baxımından ciddi suallar yaradır.
Rəqəmsal asılılıq: rahatlığın görünməyən qiymətiBöyük şəhərlərdə insanları idarə etmək və xidmətlərlə təmin etmək, bir çox hallarda, ərazilərə səpələnmiş kiçik yaşayış məntəqələri ilə müqayisədə daha asandır. Əhali sıxlığı, mərkəzləşdirilmiş infrastruktur və rəqəmsal xidmətlər şəhər həyatını rahatlaşdırır.
Lakin bu rahatlığın başqa tərəfi də var: insan getdikcə daha çox xidmətdən asılı vəziyyətə düşür.
Yemək bişirmək əvəzinə sifariş verir, piyada getmək əvəzinə taksi çağırır, nağd pul əvəzinə bank kartından istifadə edir. Bir çox gündəlik bacarıq tədricən unudulur. Nəticədə insan öz ehtiyaclarını müstəqil şəkildə qarşılamaq imkanlarını itirir.
Rəqəmsal texnologiyalar, əlbəttə, həyatımızı asanlaşdırır. Ancaq rahatlığın müstəqilliyimizi əlimizdən almasına da imkan verməməliyik.
Torpaq – yalnız mülkiyyət deyil, həm də müstəqillikdirTorpaq insanın sadəcə əmlakı deyil. O, həm də ərzaq təhlükəsizliyi, ailə təsərrüfatı, istehsal və gələcək nəsillər üçün təminat deməkdir.
Öz torpağında məhsul yetişdirən, su ehtiyatı olan, heyvan saxlayan və qışa ərzaq hazırlayan insan iqtisadi baxımdan müəyyən üstünlüklər qazanır. O, bazardakı qiymət dəyişikliklərindən və təchizat problemlərindən daha az təsirlənir.
Kəndlərin boşalmasına yalnız yaşayış yerinin dəyişməsi kimi baxmaq olmaz. Bu, həm də istehsal vərdişlərinin, torpaqla bağlılığın, ənənələrin və müəyyən həyat bacarıqlarının itirilməsi deməkdir.
Bəlkə də, əsl rifah daha böyük mənzilə, bahalı avtomobilə və rahat şəhər həyatına sahib olmaq deyil. Bəlkə də, əsl rifah insanın özünü, ailəsini və gələcəyini təmin edə biləcək imkanlara malik olmasıdır.
Torpaq insanı qidalandırır, zəhmət isə ona müstəqillik qazandırır. Buna görə də kəndi tərk etməyi tərəqqinin yeganə yolu, şəhərə köçməyi isə uğurun son həddi hesab etmək düzgün deyil.
Müəllif: Yevgeniy Konstantinov
Natiq Səlim,
KONKRET.az