Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Uzun illər ərzində beynəlxalq hüquq normaları dövlətlərarası münasibətlərin əsas dayaqlarından biri kimi qəbul olunmuşdur.
Suverenlik, ərazi bütövlüyü, gücdən istifadə etməmək və daxili işlərə qarışmamaq prinsipləri beynəlxalq sistemin dəyişməz qaydaları sayılırdı.
Lakin müasir dövrdə baş verən siyasi proseslər bu prinsiplərin artıq hamı üçün eyni dərəcədə keçərli olmadığını açıq şəkildə ortaya qoyur.
Bu gün beynəlxalq hüququn bərabər və ədalətli şəkildə tətbiq olunmaması açıq-aydın hiss edilir.
Xüsusilə güclü dövlətlərin maraqlarına toxunan hallarda hüquqi normaların arxa plana keçirilməsi beynəlxalq hüquqa olan inamı ciddi şəkildə sarsıdır.
Eyni hüquq pozuntularına fərqli yanaşmaların nümayiş etdirilməsi, ikili standartların geniş yayılması beynəlxalq ədalət anlayışını sual altına alır.
Getdikcə aydın olur ki, bəzi hallarda beynəlxalq hüquq müstəqil norma olmaqdan çıxaraq siyasi maraqlara xidmət edən alətə çevrilir.