Icma.az bildirir, Gununsesi portalına istinadən.
Milli Məclisdə üç oxunuşdan sonra qəbul edilən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilən dəyişikliyi ötən həftə Prezident təsdiqləyib.
Sənədə görə, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud bədəninin hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yayılması qadağan edilib.
Ancaq yeni qanun müzakirələrə səbəb olub.
Belə ki, çoxları bu anlayışa konkret nələrin daxil olduğunu sual edir.
Maraqlıdır, bəs həqiqətdə necə olmalıdır?
Bu barədə Gununsesi.info-ya hüquqşünas Şamil Paşayev danışıb.
O bildirib ki, əslində, bəzi qeyri-əxlaqi hərəkətlər ictimai qınaqda qalsa, daha yaxşıdır:
“Hazırda bəzi əxlaqi və mənəvi davranışlar qanuniləşdirilib. Əslində isə, əxlaqsız hərəkətlər qınanıla, ictimai tənqid oluna bilər. Lakin bunun birbaşa olaraq hüquqi məsuliyyət yaratması bir az qeyri-müəyyən çərçivəyə sığır. Milli-mənəvi dəyərlər anlayışının özü abstraktdır, qeyri-müəyyəndir, vurulan zərər praktiki deyil. Böhtan-təhqir fazasından söhbət gedirsə, onsuz da, bunun qanunvericilikdə cəzası var idi. Ancaq tənqid, qeyri-əxlaqi davranışlar ictimai qınaqda qalsa, hüquqiləşməsə, əslində, daha yaxşı olar. Elə qeyri-əxlaqi hərəkətlər var ki, onlar həm də hüquqi məsuliyyət yaradır. Məsələn, dələduzluq, talama, oğurluq və.s. Lakin bəzi qeyri-əxlaqi hərəkətlər var ki, onlar hüquq pozuntusu sayılmır, cəmiyyət tərəfindən bəyənilmir və cəmiyyət tərəfindən də qınaq ola bilər”.
Qeyd edək ki, qanunverici orqanda İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə də cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər xırda xuliqanlıq hesab ediləcək. Yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə 50 manatdan 100 manatadək məbləğdə cərimə ediləcək.
Həmçinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcək, işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 30 günədək müddətə inzibati həbs tətbiq olunacaq.
Orxan