Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dünyanın ən böyük kriptovalyuta birjası “Binance”də 6,3 milyard dollarlıq kiberhücum şübhəsi araşdırılır.
Yeniavaz.com xəbər verir ki, ilkin məlumata görə, hücumçu şirkətin mühəndislərindən birinin oğurlanmış noutbuku vasitəsilə “Binance”ın daxili sistemlərinə daxil olub. Bundan sonra icazəsiz pul çıxarılması əməliyyatları həyata keçirilib.
Birja təhlükəsizlik tədbirləri çərçivəsində depozit və pul çıxarılması əməliyyatlarını müvəqqəti dayandırıb. “Binance” həmçinin istifadəçilərin bütün itkilərini ödəyəcəyinə söz verib.
Şirkətin məlumatına görə, tərəfdaşlarla əməkdaşlıq nəticəsində təxminən 3 milyard dollar dəyərində kriptovalyuta aktivinin dondurulmasına nail olunub.
Bu prosesdə “Tether” və “Circle” şirkətləri də iştirak edib. “Tether” 1,5 milyard dollardan çox, “Circle” isə 800 milyon dollardan artıq aktivi dondurduğunu açıqlayıb.
Qeyd edək ki, aktivlərin dondurulması onların artıq geri qaytarıldığı anlamına gəlmir. Hazırda oğurlanan vəsaitlərin dəqiq həcmi araşdırılır.
Hadisə kriptovalyuta bazarına da təsir edib. Məlumatların yayılmasından sonra “Bitcoin” təxminən 3,5 faiz, “Ethereum” isə 4 faizdən çox ucuzlaşıb.
Digər tərəfdən, elə həmin gün proqnoz bazarı platforması “Polymarket” də təhlükəsizlik problemi ilə üzləşib. İstifadəçilər icazəsiz pul çıxarılması halları barədə məlumat veriblər. Platforma ticarəti müvəqqəti dayandırıb, daha sonra isə bərpa edib.
“Polymarket” problemin üçüncü tərəf xidmət təminatçılarından biri ilə bağlı ola biləcəyini bildirib. Şirkət zərər çəkən istifadəçilərin itkilərinin ödəniləcəyini açıqlayıb.
“Binance” və “Polymarket”də baş verən hadisələrin bir-biri ilə əlaqəli olduğuna dair hələlik heç bir sübut yoxdur.