Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sakinlər artıq yağışın yağmasına yox, yağışdan sonra yaranan mənzərəyə baxıb narahat olurlar. Çünki bu küçədə normal drenaj sisteminin olmaması hər yağışı kiçik bir “təbii fəlakətə” çevirir. Maraqlıdır, axı bu küçə Masazırın əsas yollarından biridir. Bəs niyə hələ də elementar infrastruktur problemləri həllini tapmır?
Vəziyyət İstiqlaliyyat küçəsində də heç də ürəkaçan deyil, hətta daha acınacaqlıdır. Burada aparılan təmir işlərinin adı var, özü yox. Aylar əvvəl qazılan yollar hələ də bərpa olunmayıb. Asfalt örtüyünün yenilənməməsi nəticəsində küçə palçıq içində itib. Yağışlı havada buradan keçmək demək olar ki, qeyri-mümkündür. Piyadalar ayaqqabılarını qurban verir, sürücülər isə maşınlarını.
Ən təhlükəlisi isə yollardakı çökəkliklərdir. Gözlə seçilməyən, amma hər an qəza törədə biləcək bu çalalar həm sürücülər, həm də piyadalar üçün ciddi təhlükə mənbəyidir. Xüsusilə gecə saatlarında bu çökəkliklər “tələ” rolunu oynayır.
Sual yaranır ki, Masazır sakinləri nə vaxta qədər bu vəziyyətlə barışmalı, yolların keçilməzliyini adi hal kimi qəbul etməlidir?
Məsul qurumların laqeydliyi sakinlərin haqlı narazılığına səbəb olur.
Masazır inkişaf edən, günü-gündən böyüyən qəsəbədir. Amma yollar bu inkişafdan xəbərsizdir. Görünür, Masazırın yolları hələ də öz növbəsini gözləyir.
Leyla Mirzə, Bizimyol.info