Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Ata vəsiyyəti Azərbaycanın milli birlik və dövlətçilik ənənələrinin möhkəmlənməsində əsas dayaqlardan biridir.
Cənab Prezidentin Şuşanın azad edilməsi zamanı etdiyi çıxış bu vəsiyyətin həyata keçirilməsinin rəmzi kimi qiymətləndirilir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, cənab Prezidentin sözləri həm xalqımıza, həm də dünyaya Azərbaycanın əzmkarlığını, qətiyyətini göstərdi: "Bir neçə il əvvəl Xankəndinə Cıdır Düzündən baxarkən illüziya kimi görünən məsafələr bu gün qlobal forumlarda müzakirə mövzusu olan reallıqlara çevrilib.
Bu, Prezidentin rəhbərliyi altında həyata keçirilən strategiyanın, xalqın və dövlətin birliyinin, eləcə də milli hədəflərin gerçəkləşməsinin nəticəsidir.
Ata vəsiyyətinin yerinə yetirilməsi Azərbaycanın zəfər yolunda nəinki tarixi ədalətin bərpası, həm də regionda sülh və sabitliyin təmin olunması üçün önəmli bir addımdır.
Bu uğurlar Azərbaycanın gələcək inkişafı üçün möhkəm təməl yaradır və dövlətimizin dünya arenasında mövqeyini daha da gücləndirir".