Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Həyat hər kəsi müxtəlif cür sınayır.
Gah iti, gah da ləng addımlarla keçilən kələ-kötür yollarda qarşılaşdığı çətinliklər bəşər övladı üçün bir zərrə sevincin və ya kədərin təzahürüdür.
Ruh halının fərqli notlarında zaman, məkan anlayışını unutdurub hərdən şükürü, hərdən də üsyanı zikr etdirən hadisələr insanlığın ən böyük yaşam təcrübəsinə çevrilir.
Əslində həyat və insanların gerçək üzü məhz hadisələrlə aşkara çıxır.
Bəlkə ona görə ömür boyu bitməyən yolun hər qarışında irili, xırdalı qığılcımlar gizlidir?
Bizim kiçik sayıb əhəmiyyət vermədiyimiz közərtilər belə nəzərdən yayınıb alova çevriləndə isə yalnız bir evin deyil, elin, yurdun, xalqın başına od ələnir.
Yaşı ilk yaranışa bərabər bəşər tarixinin hər səhifəsi belə qığılcımların yol açdığı hadisələrlə doludur.
Adına faciə, fəlakət dediyimiz hadisələr hər dövrdə cəmiyyətləri kölgə kimi izləyərək millətin taleyində dərin yaralar açıb.