Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq. Yenə yol üstəyəm. Bu dəfə Qarabağın aran tərəfinə-Tərtərədir yolum.
Bir çayın adını daşıyan, özü də çay kimi çağlayan yurda, hər daşında bir iz, hər torpağında bir nəfəs gizli qalan ata yurduma gedirəm.
Qarabağın ürəyində – ön cəbhədə dayanan qəhrəman şəhər deyirlər ona. Sınsa da, sınmayan, yansa da, yanmayan.
1990-cı illərdən bu yana, 2020-ci ilin 44 günlük Vətən müharibəsinə qədər Tərtər ön cəbhədə yerləşdiyinə görə çox güllə-baran olub, ciddi dağıntılar yaşayıb.
Məğlub olmayıb…Qonşuya qardaş, sipər olub illərlə. Tərtər dirənişin adı, səbrin simvolu, igidliyin dastanı kimi adını tarixə yazdırıb.
Kür-Araz ovalığının qərb hissəsində yerləşən şəhər və inzibati rayonun əhəmiyyəti bu səbəbdən də həm tarixi, həm də coğrafi baxımdan böyükdür.
Qarabağın bağrında yerləşən bu torpaq yalnız təbiəti ilə deyil, insanlarının iradəsi ilə də ucalır.
İllərdir düşmənin atəşi altında sınmayan, hər gün sınaqlardan keçən Tərtər xalqı övladlarını da torpaq kimi dözümlü və vəfalı, su kimi saf, çay kimi coşqun böyüdüb.