Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kanadada mühafizəkarların növbəti təşəbbüsü – miqrasiya kvotalarının azaldılması, müvəqqəti iş icazələrinin yenidən nəzərdən keçirilməsi və ya sərhədlərə nəzarətin sərtləşdirilməsi barədə xəbərlər yayılan kimi rusdilli və ukraynadilli yerli sosial şəbəkə qruplarına nəzər salıram. Hər dəfə eyni hissi keçirirəm: qəribə, adamı narahat edən bir utanc hissi.
Bu, Ottavadakı siyasətçilərə görə deyil. Onların işi bəllidir: bahalaşan mənzillərdən, xəstəxanalardakı növbələrdən narazı olan insanların əhvalını tutmaq və bunu seçki səslərinə çevirmək. Böyük siyasətdə nə sentimental hisslərə, nə də şəxsi nifrətə yer var. Orada hər şey reytinqlərin soyuq hesablamasından ibarətdir.
Əsl utancverici məqam isə şərhlərdə üzə çıxır. Özü də bu sərt miqrasiya siyasətini böyük həvəslə dəstəkləyənlər arasında vaxtilə – 10, 15, hətta 20 il əvvəl iki çamadan və çaşqın baxışlarla Torontoya gəlmiş özümüzünkülər də var.
“SİZƏ HƏR ŞEY HAZIR VERİLİB”Mən Kanadaya 2023-cü ildə gəlmişəm. Nə çəhrayı eynəklərim vardı, nə də məni orkestr sədaları altında qarşılayacaqlarını gözləyirdim. Yetkin insanam, əlimlə işləməyi bacarıram və həmişə yalnız öz gücümə arxalanmışam. İlk gündən işə başlamışam: tikintidən və mürəkkəb təmir işlərindən tutmuş, səhvin cəmi bir neçə millimetr olduğu halda bütün işi korlaya biləcəyi obyektlərdə detalların dəqiq uyğunlaşdırılmasına qədər.
Dövlətin hesabına yaşamamışam, heç kimdən dilənməmişəm. İlk aydan etibarən burada hamı kimi vergimi ödəmişəm.
Amma Vona və ya Nort-Yorkda yaşayan soydaşlarımızın yerli çatlarına daxil olan kimi özüm haqqında çox maraqlı şeylər öyrəndim. Məlum oldu ki, kirayə qiymətlərinin kəskin artmasının səbəbkarı mən və mənim kimilərik. Guya bizə “hər şey hazır şəkildə təqdim olunub”, halbuki “biz burada illərlə belimizi əymiş, immiqrasiya balları toplamış, IELTS imtahanı vermişik”.
Bunları oxuyanda hər dəfə öz-özümə sual verirəm: müharibədən, səfərbərlikdən və siyasi təqiblərdən qaçan insanlara həsəd aparmaq üçün adamın daxilində nə qırılmalıdır?
Bəli, biz uzun illər səfirliklərdə növbə gözləmədən, təcili miqrasiya proqramları vasitəsilə gəlmişik. Amma gəlin səmimi olaq: bu “köhnə sakinlərdən” hansı biri mənimlə və ya 2022–2023-cü illərdə Kanadaya gəlmiş minlərlə ukraynalı və rusiyalı ilə yerini dəyişməyə razı olardı?
Bir günün içində əvvəlki həyatının alt-üst olduğunu anlamaq, evini, qurduğun işi, alışdığın mühiti, yaxınlarını geridə qoymaq, naməlum istiqamətə uçan təyyarəyə minmək və yetkin yaşında hər şeyə yenidən başlamaq… Özü də elə bir ölkədə ki, zirzəmi mərtəbəsindəki mənzilin kirayə haqqı on il əvvəl bütöv bir evin ipoteka ödənişinə bərabərdir. Bütün bunları “asan miqrasiya” adlandırmaq üçün insanın ya düşüncəsi çox məhdud, ya da ürəyi daş kimi olmalıdır.
RƏQABƏTDƏN QORXMAQMəsələnin mahiyyətinə bir qədər dərindən baxanda Kanadanın gələcəyi ilə bağlı guya böyük narahatlığın və mühafizəkarların sərt tədbirlərinə dəstəyin arxasında daha sadə bir səbəb dayanır: rəqabət qorxusu. 2022–2023-cü illərdə Kanadaya çoxlu bacarıqlı, enerjili və işgüzar insanlar gəldi. Ustalar, inşaatçılar, mühəndislər, sahibkarlar… Onlar sürətli və keyfiyyətli işləməyə, nəticəyə görə məsuliyyət daşımağa öyrəşmişdilər.
Diaspor daxilində illərdir formalaşmış rahat bazarda, bəzilərinin keyfiyyətsiz iş görüb bunun müqabilində “özümüzünküdür” prinsipi ilə həddindən artıq pul qazanmağa alışdığı mühitdə birdən-birə rəqabət gücləndi. Belə vəziyyətdə “artıq bu qapını bağlamaq, hamını geri göndərmək vaxtıdır” şüarını dəstəkləmək, özünün rəqabətə davam gətirə bilmədiyini etiraf etməkdən daha asandır.
KANADA PASPORTLU “DEDOVŞİNA”Orduda köhnə bir problem var: yeni gələn əsgərlərə ən çox nifrət edən bəzən serjant yox, cəmi altı ay əvvəl özü kazarmada döşəmə silən əsgər olur. Miqrasiyada da bu cür “dedovşina” geniş yayılıb. Məntiq çox sadə və bəsitdir: “Mən burada əziyyət çəkmişəm, qapı-qapı düşmüşəm, qəpik-quruşa işləmişəm. Deməli, siz də eyni alçalmanı yaşamalısınız. Əks halda, bu, ədalətsizlik olar”.
Ən ironik məqam isə budur ki, bugünkü “köhnə kanadalılar”a vaxtilə 1970-ci illərdə və ya 1990-cı illərin əvvəllərində gələnlər də eyni münasibəti göstərirdilər. Onlar da burunlarını qırışdırır, barmaqlarını gicgahlarında fırladır, “yenə də axışıb gəldilər, məhəlləni korladılar, qiymətləri aşağı saldılar” deyə şikayətlənirdilər.
Aradan 15 il keçdi. Dünənki yeni gələnlər şəhərətrafında ev aldılar, böyük pikaplara mindilər və indi özlərindən sonra gələnlərin üzünə eyni təkəbbürlə qapını bağlayırlar.
Ottavadakı siyasətçilər öz siyasi oyunlarını davam etdirəcəklər. Bu gün onlara miqrasiya qaydalarını sərtləşdirmək sərf edir, sabah işçi qüvvəsinə ehtiyac yarananda yenidən qapıları açacaqlar.
Amma həyatının ən çətin anında səninlə eyni dildə danışan insanların nə qədər xırda düşüncəli və qəddar ola bildiyini görmək tamam başqa məsələdir.Bunu nə siyasi proqramla, nə də iqtisadi vəziyyətlə izah etmək mümkündür.
Çünki insanın ən çətin günündə ona yadlardan deyil, özümüzünkülərdən gələn zərbə yaddaşdan heç vaxt silinmir.
Müəllif: İqor Sidorçuk
Təqdim etdi: Natiq Səlim,
KONKRET.az