Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Özəl bölmənin inkişafı “sabit”dən “müsbət”ə yüksəlib
Azərbaycanda iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri sırasında özəl sektorun gücləndirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və qeyri-neft sektorunun iqtisadiyyatda rolunun artırılması xüsusi yer tutur. Bu məqsədlə sistemli layihələrin həyata keçirilməsi, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarlara maliyyə dəstəyinin gücləndirilməsi və yeni iqtisadi təşəbbüslərin təşviq edilməsi ölkənin iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına əlverişli şərait yaradır.
Bu strategiyanın əsas xüsusiyyətlərindən biri dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması və sahibkarlıq təşəbbüslərinin stimullaşdırılmasıdır. Çünki müasir iqtisadi şəraitdə respublikanın rəqabət qabiliyyəti təkcə təbii ehtiyatlarla və istehsal potensialı ilə deyil, eyni zamanda, özəl sektorun fəallığı, innovasiyalara açıqlığı, investisiya imkanları və yeni bazarlara çıxış qabiliyyəti ilə sıx bağlıdır.
Bu baxımdan Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) fəaliyyətinin təkmilləşdirilməsi, hüquqi imkanların genişləndirilməsi və maliyyə dayanıqlılığının möhkəmləndirilməsi diqqətçəkən hadisədir. “S&P Global Ratings” Beynəlxalq Reytinq Agentliyi adıçəkilən fondun uzunmüddətli kredit reytinqi üzrə proqnozunu “sabit”dən “müsbət”ə yüksəltməsi də həyata keçirilən struktur dəyişikliklərin və dövlətin sahibkarlığa dəstək siyasətinin beynəlxalq səviyyədə müsbət qiymətləndirilməsinin göstəricisidir.
Beynəlxalq qiymət nüfuz və etimadı artırır
“S&P Global Ratings” ABDF-nin uzunmüddətli və qısamüddətli kredit reytinqlərini “BB/B” səviyyəsində təsdiqləməklə yanaşı, uzunmüddətli reytinq üzrə proqnozu “pozitiv”ə yüksəldib. Bu qərarın əsas səbəblərindən biri Prezident İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli fərmanı ilə struktur islahatları çərçivəsində Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan İnvestisiya Şirkətinin birləşdirilərək ABİF-nin yaradılmasından sonra yüksək nəticələrin əldə edilməsi olub.
Burada diqqətçəkən məqam odur ki, sözügedən reytinqin özü hazırda dəyişməyib, fərqli cəhət onun gələcək inkişaf perspektivlərinə dair proqnozdur. Başqa sözlə, “S&P Global Ratings” fondun mövcud kredit reytinqini təsdiqləməklə bərabər, qarşıdakı dövrdə onun maliyyə göstəricilərinin yaxşılaşması üçün müsbət imkanların nəzərə çarpdığını bəyan etməsidir.
Bu yanaşma, ilk növbədə, həyata keçirilən struktur dəyişikliklərinin əhəmiyyətini göstərir. İki mühüm maliyyə institutunun vahid idarəetmə və fəaliyyət mexanizmi ətrafında birləşdirilməsi sahibkarlığın dəstəklənməsi sahəsində resursların daha məqsədyönlü istifadəsinə, maliyyə vasitələrinin əlaqələndirilməsinə və dövlət siyasətinin icrasında vahid yanaşmanın formalaşdırılmasına xidmət edir.
ABİF yaranana qədər sahibkarlara güzəştli maliyyə vəsaitlərinin ayrılması, investisiya layihələrinin dəstəklənməsi və biznes təşəbbüslərinin təşviq olunması müxtəlif mexanizmlər vasitəsilə həyata keçirilirdi. Yeni hüquqi model isə bu imkanların vahid platformada birləşdirilməsi üçün əlverişli zəmin yaradır. Beləliklə, sahibkarların maliyyə ehtiyaclarının daha sistemli qiymətləndirilməsi, layihələrin iqtisadi səmərəliliyinin müəyyənləşdirilməsi və dəstək mexanizmlərinin çevik tətbiq edilməsi imkanları genişlənir.
“S&P Global Ratings”in qiymətləndirməsində də bu amillərə xüsusi diqqət yetirilib. Agentliyin qənaətinə görə, ABDF dövlətin iqtisadi siyasətinin həyata keçirilməsində mühüm rolunu davam etdirəcək, qarşıdakı illərdə borc yükünü minimum səviyyədə saxlayacaq və ölkədə iqtisadi şəraitin yaxşılaşmasından faydalana biləcək.
Maliyyə mexanizminin təkmilləşdirilməsi
İqtisadçı-ekspert Samir Heydərovun sözlərinə görə, ABİF-nin fəaliyyətində aparılan dəyişikliklərin mühüm istiqamətlərindən biri idarəetmə və əməliyyat mexanizmlərinin yenidən qurulmasıdır. “S&P Global Ratings”in məlumatına əsasən, ABDF 2025-ci ilin sonunda idarəetmə strukturunun formalaşdırılmasını başa çatdırıb. Sonrakı mərhələdə əməliyyat prosedurları vahidləşdirilib, risklərin idarə edilməsi mexanizmlərinə yenidən baxılıb və maliyyə təşkilatlarına kreditləşmənin bərpası istiqamətində zəruri addımlar atılıb.
Xüsusilə 2026-cı ilin fevralında yeni limitlər sisteminin təsdiqlənməsindən sonra maliyyə təşkilatlarına kreditləşmənin bərpa olunması fondun fəaliyyətində yeni mərhələnin başlanması kimi qiymətləndirilir. Bu, maliyyə ehtiyatlarının hərəkətinin bərpası ilə bərabər, həm də kredit risklərinin daha dəqiq müəyyənləşdirilməsi və vəsaitlərin səmərəli yerləşdirilməsi baxımından əhəmiyyətlidir.
Eyni zamanda, ABDF-nin sahibkarlar üçün bir sıra yeni maliyyə məhsulları təqdim etməsi də diqqətəlayiqdir. Çünki biznes subyektlərinin maliyyə ehtiyacları eyni xarakter daşımır. İstehsal müəssisəsinin, aqrar sektorda fəaliyyət göstərən sahibkarın, ixracatçının, innovativ layihə həyata keçirən şirkətin və kiçik biznes nümayəndəsinin maliyyə tələbləri fərqlidir. Bu səbəbdən dəstək mexanizmlərinin şaxələndirilməsi sahibkarlığın müxtəlif istiqamətlərində fəaliyyət göstərən subyektlərin imkanlarını genişləndirir.
Samir Heydərovun fikrincə, “S&P Global Ratings”in iki qurumun birləşdirilməsi prosesində ciddi əməliyyat çətinliklərinin qeydə alınmadığını bildirməsi də müsbət göstəricidir. Bu, struktur dəyişikliklərinin idarəolunan şəkildə həyata keçirildiyinin və maliyyə sabitliyinə ciddi mənfi təsir etmədiyinin təsdiqidir.
Əslində, hər hansı maliyyə institutunun uğurlu fəaliyyəti təkcə onun sərəncamında olan vəsaitlərin həcmi ilə ölçülmür. İdarəetmənin keyfiyyəti, risklərin qiymətləndirilməsi, maliyyə resurslarının geri qaytarılması, kredit portfelinin sağlamlığı və şəffaflıq da əsas meyarlar sırasındadır. Bu baxımdan ABDF-də həyata keçirilən dəyişikliklər bu maliyyə qurumunun uzunmüddətli dayanıqlılığının təmin olunmasına xidmət edir.
İqtisadi siyasətin üstün hədəfləri
Azərbaycanda biznesin inkişafına dövlət dəstəyinin artırılmasını zəruri edən əsas amillərdən biri iqtisadiyyatın neft-qaz sektorundan asılılığının tədricən azaldılmasıdır. Ölkənin enerji ehtiyatları iqtisadi inkişafın, infrastruktur quruculuğunun və sosial proqramların maliyyələşdirilməsində mühüm rol oynasa da, uzunmüddətli perspektivdə dayanıqlı iqtisadi artımın reallaşdırılması qeyri-neft sektorunun genişləndirilməsini zəruri edir.
Xüsusilə neft hasilatının azalması fonunda qeyri-neft sənayesinin, kənd təsərrüfatının, emal sektorunun, turizmin, nəqliyyat-logistika xidmətlərinin və digər sahələrin inkişafı xüsusi diqqətdə saxlanılır. Bu istiqamətlərdə özəl investisiyaların cəlb edilməsi, yeni müəssisələrin yaradılması və mövcud istehsal potensialının genişləndirilməsi isə əlverişli maliyyələşmə mexanizmlərinin mövcudluğundan əhəmiyyətli dərəcədə asılıdır.
“S&P Global Ratings” də öz qiymətləndirməsində hökumətin neft hasilatının azalmasını nəzərə alaraq özəl qeyri-neft sektorunun stimullaşdırılmasına mühüm önəm verdiyini vurğulayır. Agentliyin məlumatına görə, hökumət hazırda ABDF vasitəsilə göstərilən dəstəyin həcminin artırılması imkanlarını nəzərdən keçirir.
Bu yanaşma iqtisadi siyasətin uzunmüddətli hədəfləri ilə uzlaşır. Çünki qeyri-neft sektorunun inkişafı təkcə istehsal göstəricilərinin artırılması demək deyil. Bu proses, eyni zamanda, yeni iş yerlərinin yaradılması, regionlarda iqtisadi fəallığın yüksəldilməsi, ixrac potensialının genişləndirilməsi, idxaldan asılılığın azaldılması və dövlət büdcəsinin gəlir mənbələrinin şaxələndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Məhz buna görə də sahibkarlığa göstərilən dövlət dəstəyində səmərəliliyin yüksəldilməsi iqtisadiyyatın gələcək inkişaf modelinin formalaşdırılmasını sürətləndirir. Burada əsas məqsəd dövlət vəsaitlərinin mövcud biznes fəaliyyətinin qorunması ilə bərabər, həm də yeni istehsal sahələrinin yaradılmasına, texnoloji yeniliklərin tətbiq edilməsinə və yüksək əlavə dəyər formalaşdıran layihələrin reallaşdırılmasına yönəldilməsidir.
Dövlət dəstəyi uğura yönəldir
ABDF-nin fəaliyyətinin önəmini bu quruma və onun əvvəlki strukturlarına dövlətin ayırdığı maliyyə resursları da aydın nümayiş etdirir. “S&P Global Ratings”in məlumatına əsasən, 2022–2026-cı illərdə Azərbaycan hökuməti ABDF-yə və onun əvvəlki strukturlarına 263 milyon manat vəsait yönəldib. Bununla yanaşı, fond vasitəsilə subsidiyaların maliyyələşdirilməsi üçün əlavə 250 milyon manat ayrılıb.
Qeyd olunan dövrdə sahibkarlığa dəstək mexanizmləri çərçivəsində dövlət tərəfindən yönəldilən vəsaitlərin ümumi həcmi 513 milyon manata çatıb. Bu rəqəm dövlətin biznes mühitinin inkişafına, sahibkarların maliyyə imkanlarının genişləndirilməsinə və iqtisadi fəallığın stimullaşdırılmasına verdiyi əhəmiyyəti ifadə edir.
Lakin dövlət dəstəyinin miqyasının genişlənməsi ilə yanaşı, onun iqtisadi nəticələrinin dəqiq qiymətləndirilməsi də xüsusi önəm daşıyır. Ayrılan vəsaitlərin hansı sahələrə yönəldilməsi, nə qədər yeni istehsal gücünün yaradılması, neçə iş yerinin açılması, ixracın hansı həcmdə artması və layihələrin iqtisadi səmərəliliyi əsas qiymətləndirmə meyarları olmalıdır.
Bu baxımdan dövlət maliyyə dəstəyinin nəticəyönümlü mexanizmlər əsasında həyata keçirilməsi zəruridir. Güzəştli kreditlər və subsidiyalar sahibkarların maliyyə yükünü azaltmaqla bərabər, onların yeni texnologiyalara investisiya yatırmasına, istehsal proseslərini genişləndirməsinə və rəqabət qabiliyyətini yüksəltməsinə imkan yaratmalıdır. Xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması bu siyasətin mühüm istiqamətləri sırasında daha çox diqqət çəkir. Çünki kiçik və orta biznes iqtisadiyyatın çevikliyini gerçəkləşdirən, məşğulluğun genişlənməsinə və yerli istehsalın inkişafına müsbət təsir göstərən əsas iqtisadi qüvvələrdən biridir.
Beynəlxalq reytinq agentliyinin hesabatında fondun fəaliyyətində diqqət yetirilən digər mühüm məsələ kredit risklərinin idarə olunmasıdır. Agentliyin qiymətləndirməsinə görə, ABDF üçün əsas kredit risklərindən biri maliyyə təşkilatlarına, o cümlədən dövlət proqramlarının icrası çərçivəsində verilən vəsaitlərin yerləşdirilməsidir.
Bu yanaşma maliyyə institutlarının fəaliyyətində risklərin düzgün qiymətləndirilməsinin nə qədər zəruri olduğunu göstərir. Sahibkarlığa dəstək məqsədilə ayrılan vəsaitlərin səmərəli idarə olunması, onların vaxtında geri qaytarılması və maliyyə sabitliyinin qorunması fondun gələcək imkanlarını müəyyənləşdirən əsas amillərdən biridir.
Gözləntilər inkişafdan xəbər verir
ABDF-nin İqtisadiyyat Nazirliyinin himayəsi ilə bu sahədə siyasəti həyata keçirən vahid maliyyə institutuna çevrilməsi idarəetmə baxımından da mühüm yenilikdir. Fondun Müşahidə Şurasına iqtisadiyyat nazirinin rəhbərlik etməsi, şuranın tərkibinə hökumətin digər yüksəkvəzifəli nümayəndələrinin daxil olması dövlətin sahibkarlığın inkişafına dəstək siyasətinin əlaqələndirilməsini şərtləndirir.
Belə bir model iqtisadi siyasətin prioritetləri ilə maliyyə dəstəyi mexanizmləri arasında daha sıx əlaqənin qurulmasına imkan verir. Eyni zamanda, müxtəlif dövlət proqramları çərçivəsində sahibkarlara ayrılan vəsaitlərin koordinasiyası, maliyyə resurslarının prioritet istiqamətlər üzrə bölüşdürülməsi və layihələrin nəticələrinin qiymətləndirilməsi üçün hüquqi zəmin yaradır. Bu modelin uğuru isə, ilk növbədə, sahibkarların real ehtiyaclarına uyğun maliyyə məhsullarının hazırlanmasından, qərarların çevik qəbul edilməsindən və dəstək mexanizmlərinin iqtisadi nəticələrindən asılıdır.
Xüsusilə regionlarda fəaliyyət göstərən sahibkarların maliyyələşmə imkanlarının genişləndirilməsi, emal müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsulları istehsalının və emalı zəncirinin inkişafına önəm verilməsi, ixracyönümlü layihələrin dəstəklənməsi kimi məsələlər diqqət mərkəzində saxlanılmalıdır. Çünki iqtisadiyyatın şaxələndirilməsi təkcə paytaxtda və iri sənaye mərkəzlərində deyil, həm də ölkənin bütün iqtisadi rayonlarında sahibkarlıq fəallığının artırılmasını tələb edir.
Ekspertlərin qənaətinə görə, “S&P Global Ratings”in ABDF ilə bağlı qərarı qarşıdakı dövr üçün müəyyən gözləntiləri də əks etdirir. Agentlik bildirir ki, növbəti 12-18 ay ərzində Azərbaycanın kredit qabiliyyətinin yaxşılaşması və ya ölkədə fəaliyyət göstərən bankların üzləşdiyi kredit risklərinin azalması fondun reytinqlərinin yüksəldilməsi üçün əsas yaradır.
Bununla belə, belə bir qiymətləndirmənin əldə olunması ABDF-nin beynəlxalq maliyyə mühitində mövqeyinin möhkəmləndirilməsi və fəaliyyətinə etimadın artırılması baxımından müsbət əhəmiyyət daşıyır. Xüsusilə beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi, investisiya resurslarının cəlb olunması və sahibkarlığın maliyyələşdirilməsi sahəsində yeni imkanların formalaşdırılması baxımından diqqət çəkir.
Nəticə etibarilə, ABDF-nin fəaliyyətində həyata keçirilən struktur dəyişiklikləri və “S&P Global Ratings”in pozitiv proqnozu respublikada biznesin inkişafına dövlət dəstəyinin yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm göstəricidir. Bu prosesin əsas hədəfi sahibkarlara maliyyə vəsaiti ayırmaqla məhdudlaşmamalı, özəl sektorun iqtisadiyyatdakı rolunun artırılmasına, rəqabətqabiliyyətli istehsalın genişləndirilməsinə, investisiya fəallığının yüksəldilməsinə və qeyri-neft sektorunun dayanıqlı inkişafına xidmət etməlidir.
Vaqif BAYRAMOV
XQ