Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Bizimyol.info xəbər portalının suallarını cavablandırıb.
Xəyal Bəşirov
- Ümumiyyətlə, hazırda beynəlxalq hüququn işləmədiyini biz görürük və biz beynəlxalq hüququn işləməməsindən, ikili standartlar formasında yanaşmasından və eyni zamanda daha çox güclünün yanında olmasından ciddi şəkildə əziyyət çəkən dövlətlərdən və xalqlardan biriyik. Keçmiş Qarabağ münaqişəsi ilə bağlı biz 30 ilə yaxın bir müddət ərzində beynəlxalq hüququn prinsiplərinin, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, digər beynəlxalq hüquq sənədlərinin işləməsini gözlədik. Amma çox təəssüflər olsun ki, beynəlxalq hüquq işləmədi. Azərbaycanın ərazi bütövlüyünə dair Azərbaycan ərazilərinin işğaldan təmizlənməsinə dair qəbul edilən qərarlar sadəcə kağız üzərində qaldı. Çox təəssüflər olsun ki, bu proses bu gün də davam etməkdədir. Biz nəinki beynəlxalq hüququn ikili yanaşmasını görürük, ümumiyyətlə beynəlxalq hüququn işləməməsinin BMT başda olmaqla beynəlxalq təsisatların heç bir işə yaramadığını, beynəlxalq aləmdə mövcud olan münaqişələrin həllində heç bir təsir imkanlarının olmadığını görürük. Bu da güc amilini ortaya qoyur.
Güc amilinin, güclülərin daha çox proseslərə təsir etmək imkanı olduğu dönəmdə, ümumiyyətlə, beynəlxalq hüquqdan danışmaq ən yaxşı halda sadəlövhlük olardı.
Güclü dövlətlər qaydaları pozanda niyə cəzasız qalır?- Çünki beynəlxalq hüquq işləmir. Bütün bunlar bir-biri ilə bağlı olan proseslərdir. Əgər beynəlxalq hüquq olsa, dünyada bütün dövlətlər beynəlxalq hüquq qarşısında bərabər hüquqlu, beynəlxalq hüquq subyektləri olsaydılar, orada artıq bu proseslərdən söhbət getməzdi. Amma beynəlxalq hüquq işləmirsə, beynəlxalq hüquq sadəcə kağız üzərində qalırsa, bir çox hallarda güclü dövlətlər və yaxud da ki, o güclü dövlətlərin dəstək göstərdiyi ayrı-ayrı dövlətlər beynəlxalq hüququ tapdalayırlarsa, o dövlətləri kim cəzalandıra bilər?
Necə ki, 30 ilə yaxın bir müddət ərzində Ermənistan bəzi dövlətlərdən dəstək alaraq beynəlxalq hüququ tapdalayır, Azərbaycan ərazilərini işğaldan azad etmirdi. Cəzalandırmaq üçün ilk öncə beynəlxalq hüquq olmalıdır, o işləməlidir, onun mexanizmləri qüvvədə olmalıdır. Bu, yoxdursa, artıq beynəlxalq hüquqdan və yaxud onun işləməsindən danışmaq mümkün deyil. Əgər beynəlxalq hüquq yoxdursa, o halda güclü həmişə haqlı hesab olunur.
Ümumiyyətlə, BMT başda olmaqla bütün beynəlxalq təsisatlar heç bir təsirə malik deyillər. Biz bunu təkcə keçmiş Qarabağ münaqişəsinə münasibətdə demirik. Rusiya-Ukrayna müharibəsində, Yaxın Şərqdə baş verən proseslərdə, ABŞ-nin Qrenlandiyaya ayrı bir dövlətin ərazisinə iddia irəli sürdüyü prosesdə, Venesuelanın rəhbərini tutub öz ölkəsinə aparıb mühakimə etdiyi dönəmdə biz hansı beynəlxalq hüquqdan, hansı BMT-dən, hansı beynəlxalq təsisatlardan və yaxud beynəlxalq məhkəmələrdən danışa bilərik?
Beynəlxalq Cinayət Məhkəməsi bu gün bir sıra şəxslərin, məsələn, Rusiya prezidenti Vladimir Putinin, Rusiyadan olan digər şəxslərin, Rusiyanın müdafiə nazirinin həbsinə dair order verib. Beynəlxalq Cinayət Məhkəməsi bu gün İsrailin baş nazirinin nazirinin həbsinə order verib. Amma bu gün həmin o həbs orderləri işləyirmi və yaxud da ki, onları icra edən varmı? Təbii ki, yox. Mən düşünürəm ki, bu beynəlxalq hüququn iflasa uğraması deməkdir, beynəlxalq hüququn tənəzzülü deməkdir.
Hüququn yerini güc alırsa, bu sistem nə qədər davam edə bilər?- Təbii ki, indiki dünyada biz bunun qüvvədə olma müddətini deyə bilmərik. Çünki hadisələr hər gün əvvəlkindən daha pis istiqamətdə, daha acınacaqlı istiqamətdə inkişaf edir. Əgər bu gün yeni siyasi düzən adı altında proseslər baş verirsə, bu gün Rusiya Ukraynaya hücum edirsə və Ukraynanın ərazilərini ilhaq edirsə, bu gün ABŞ Venesuelada əməliyyat keçirərək dövlət rəhbərini tutursa, Kanadaya iddia edirsə, bu gün Yaxın Şərqdə baş verən proseslər baş verirsə, biz yaxın perspektivdə hüququn yenidən öz yerini alması ehtimalını görə bilmirik. Ən azından üfüqdə görünmür. Güc o tərəzinin gözündə hüququ xeyli üstələyir, ondan xeyli ağır görünür. Ən azından yeni siyasi arxitektura qurulmayana qədər proseslər bu istiqamətdə davam edəcək.
İradə Cəlil, Bizimyol.info