Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Bakı mətbəəsi” ASC-də yeni çapdan çıxmış “Əsərləri tarixdə, özü xatirələrdə...” kitabında mərhum folklorşünas, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədlinin 80 illik yubileyi ilə əlaqədar keçirilmiş tədbirlərin materialları, onun oçerkləri, məqalələri, aşıq sənəti haqqında müsahibələri və haqqında yazılmış xatirələr toplanıb.
Elxan Məmmədli 3 monoqrafiya, 3 şeirlər kitabının müəllifidir, folklora dair 30-dan artıq kitab tərtib edib, 50 kitabın redaktoru və rəyçisi olub. Ona həsr olunan kitabı iqtisad elmləri namizədi, dosent Eldar Hüseynquluoğlu tərtib edib, redaktoru isə akademik Muxtar Kazımoğludur.
Toplunun tərtibçisi “Ön söz”də yazır ki, bu, dünyasını dəyişəndən sonra Elxan Məmmədlinin müəllifi olduğu və haqqında yazılanlardan ibarət 4-cü kitabdır. Buna qədər “Aşıq sənəti: dünən, bu gün və sabah”, “Saz üstündə köklənmişəm və “Sarıtel” ünvanlı Elxan Məmmədli” kitabları işıq üzü görüb. “Əsərləri tarixdə, özü xatirələrdə...” kitabı isə o, haqq dünyasına qovuşandan bir neçə ay sonra keçirilmiş yubiley məclislərinin, haqqında çəkilmiş verilişlərin, araşdırma yazılarının məcmusudur.
Kitabın ayrı-ayrı bölmələrində Muxtar İmanov, Mahmud Allahmanlı, Feyzi Fərəcullayev, Rəşid Faxralı, Ramiz Həsənov, Həzi Həsənli, Musa Nəbioğlu və onlarla başqa müəllifin Elxan Məmmədli ilə bağlı duyğu və düşüncələri əksini tapıb. Bütün xatirələri birləşdirən ən ümdə, ümumi cəhət mərhum folklorşünas, elm fədaisi və şairin haqqında səmimi dəyərləndirmələrdir. Müəlliflər onun AMEA Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri, Azərbaycan radio və televiziyasında “Bulaq”, “Ustadnamə”, “Sazın-sözün sehrində”, “Gözəlləmə” və “Sarıtel” verilişlərinin müəllifi və aparıcısı kimi çoxşaxəli fəaliyyətindən, xalq yaradıcılığı qaynaqları ilə bağlı fədakar araşdırmalarından və yüksək insani keyfiyyətlərindən səmimiyyətlə söhbət açırlar.
Elxan Məmmədlinin dünyaya gəlişi tarixi bir təqvim gününə təsadüf edib. O, 1946-cı il yanvarın 1-də Borçalı mahalının Faxralı kəndində anadan olub. Qayım-qədim yurdun Hüseyn Saraclı, Əmrah Gülməmmədov, Kamandar Əfəndiyev kimi ustad aşıqlarını çox dinləyib. Atası Hüseynqulu Məmmədlidən ustad dərsi alıb. Hüseynqulu müəllimin Qorqudşünaslığa dair kitabı və çoxsaylı məqalələri nadir estetik folklor nümunələridir. Beləcə, Elxan el-obasının, nənə-babasının, ana-atasının könül əsintiləri olan müdrik kəlamlarla zənginləşib və həyatını filologiyaya həsr edib. Yetkin-bitkin, gözü-könlü dolu alim-şair 2025-ci il martın 21-də işıqlı dünyaya əlvida deyib. Daim sazla, sözlə bir ahəngdə yaşamış zəhmətkeş qələm sahibinin, gözəl ziyalının ömrünü həsr etdiyi milli folklor örnəklərinin sərgiləndiyi Novruz bayramı günündə haqqa qovuşması da, sanki, bir İlahi lütfü idi.
Elxan Məmmədlinin eloğlusu, şair-publisist Həzi Həsənli məqaləsində alimin aşıq sənətinin təbliğinə bir ömür həsr etdiyini bildirir: “O, əvvəlcə Azərbaycan radiosunda “Bulaq” verilişinin aparıcı müəlliflərindən biri kimi fəaliyyətə başladı. Yaradıcı ömrünün 10 ildən çoxunu “Bulağ”a həsr etdi. Sonra isə fəaliyyətini AMEA Nizami adına Ədəbiyyat İnstitutunun folklor şöbəsində davam etdirdi. Həmin dövrdə tədqiqatçı-alim kimi bir sıra folklor nümunələrinin işıq üzü görməsində yorulmadan çalışdı. İki cilddən ibarət “Azərbaycan aşıqları və el şairləri”, “Azərbaycan bayatıları”, “Cinaslar”, “Bayatı, qoşma, təcnis”, “Borçalı şair Nəbi” adlı kitabların tərtibi və toplanması da onun əməyinin məhsuludur. Daha sonra üçcildlik “Borçalı folkloru” kitablarını nəşr etdirdi”.
Kitabı oxuduqca Elxan Məmmədlinin, sözün əsl mənasında, aşıqşünas olduğunu bir daha görürük. O, klassik ustadlarla yanaşı, XX əsrdə Borçalıda, Göyçədə, Şirvanda, Naxçıvanda, Dərələyəzdə, Gəncəbasarda, eyni zamanda, Təbriz-Qaradağda, Urmiyada, Zəncanda yaşayıb-yaradan aşıqların ömür və sənət yolunu canlı şəkildə öyrənən yorulmaz araşdırmaçı olub.
Xatirə gecəsində çıxış edən dostu – jurnalist Mehman Vəliyevin onun haqqında söylədikləri də topluda yer alıb. Mehman müəllim elmi yaradıcılığına dərindən bələd olduğu Elxan Məmmədlini dövrümüzün Firidun bəy Köçərlisi, Salman Mümtazı, Vəli Xuluflusu kimi təqdim edərək, fikrini konkret faktlarla əsaslandırıb. Biz də inanırıq ki, fədakar fəaliyyətinə belə sanballı dastanlar bağlanan Elxan Məmmədli də sələfləri kimi, ədəbiyyatşünaslıq tarixində parlaq imza kimi daim qalacaq.
Əli NƏCƏFXANLI
XQ