Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Görünür, Rusiya Ermənistandakı müəyyən qüvvələrin əli ilə Laçında sabitliyi pozmağa çalışır, göstərmək istəyir ki, guya Azərbaycan öz gücü ilə orada sabitliyi, sülhü qoruyub saxlaya bilməyəcək...” Görəsən, Azərbaycan-Ermənistan sərhədində neçə aylardır pozulmayan atəşkəsin 2025-ci il yanvarın 5-i və 56-da məhz Azərbaycan təyyarəsinin Rusiyadakı faciəsindən və xalqımızın, dövlətimizin buna kəskin reaksiyasından sonra pozulması haqda xəbərlərin yayılması təsadüfdürmu?
Özü də Rusiya lideri Vladimir Putin tərəfindən MDB paytaxtı elan edilmiş Laçın istiqamətində...
Burada hər iki ölkədəki “5-ci kalon” və agentura nümayəndələrinin rolu ola bilərmi?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı bunları söyləyib: “Əlbəttə, Laçın Azərbaycan üçün çox strateji əhəmiyyətə malik bir məntəqədir.
Laçın uğrunda Ermənistan da 1990-cı illərdən bəri mübarizə apardı, digər ərazilərimizlə yanaşı həmin rayonu da bütövlükdə işğal etdi, 44 günlük müzəffər Vətən savaşımızdan, yəni Laçın rayonunun da azad edilməsindən sonra isə “sülhməramlı”larını ərazidə yerləşdirmiş Rusiya da 2020-2023-cü illər boyu Laçını əldən vermək istəmirdi.
2023-cü ilin aprel ayınadək Rusiya rəsmiləri və ilk növbədə xarici işlər naziri Sergey Lavrov bildirirdi ki, Laçın dəhlizi yalnız Rusiyanın nəzarətində olmalıdır, digər ikinci dövlət onu nəzarətə götürə bilməz.
Azərbaycan yenə mövqeyini ortalığa qoydu, Moskvanı faktla razılaşmağa məcbur etdi və Ermənistanla sərhəddə Laçın nəzarət-buraxılış məntəqəsini qurdu.